Artıq bir neçə ildir ki, muxtar respublikamızda aqrar sahəni əhatə edən yeni istehsal obyektlərinin qurulması, eləcə də islahatların uğurla reallaşdırılması bir sıra yerli qida məhsullarının ixracına da səbəb olub. İstehsal olunan məhsullar daxili bazarı zənginləşdirərək idxaldan asılılığı aradan qaldırmaqla yanaşı, sakinlərin ilin bütün fəsillərində təbii, sağlam qidalar qəbul etməsinə də geniş imkanlar açıb. Ölkədə və dünyada qlobal proseslərin, xəstəliklərin tüğyan etdiyi 2020-ci ildə də muxtar respublika kənd təsərrüfatı sahəsində daim inkişaf tempi ilə diqqəti çəkib, ötən il də aqrar yönümlü kompleks tədbirlər görülüb, əkinəyararlı torpaq sahələrinin səmərəli istifadəsi diqqətdə saxlanılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı” təsdiq edilib ki, bu da qarşıdakı dövrdə aqrar sahədə daha böyük canlanma proseslərinə yol açacaq.
Təbii ki, aqrar sahənin inkişafı torpaq ehtiyatlarından düzgün istifadə olunması, meliorativ tədbirlərin aparılması və mütərəqqi suvarma şəbəkələrinin qurulmasından olduqca asılıdır. Bu məqsədlə 2020-ci ildə də xeyli işlər görülüb, Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin maddi-texniki bazası daha da gücləndirilib, Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında imzalanmış Texniki-İqtisadi Əməkdaşlıq haqqında Sazişə əsasən 17 adda 67 texnika və texnoloji avadanlıq cəmiyyətin istifadəsinə verilib. Mütərəqqi suvarma sistemlərinin qurulması işi də ardıcıl şəkildə davam etdirilib, Şahbuz rayonunun Türkeş, Sələsüz, Mərəlik kəndlərinin ərazisində 275 hektar, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 810 hektar torpaq sahəsini əhatə edən qapalı suvarma şəbəkələri qurulub. Hazırda Araz çayından qidalanan və 2 min 91 hektar, eləcə də Araz Su Anbarından qidalanan və 3 min 200 hektar torpaq sahəsini əkin dövriyyəsinə qatacaq yeni nasos stansiyalarının və təzyiqli boru xətlərinin, Şahbuz rayonunun Külüs kəndində 400 hektar torpaq sahəsinin əkinəyararlı vəziyyətə gətirilməsi üçün işlər davam etdirilir.
Məhsul istehsalçılarına güzəştli kreditlərin verilməsi, texnika və gübrə ilə təchizatın yaxşılaşdırılması, suvarma sistemlərinin yenilənməsi və müasir aqrar infrastrukturun formalaşdırılması, öz növbəsində, kənd təsərrüfatı məhsullarının istehsal həcmini də artırıb. 2020-ci ilin məhsulu üçün muxtar respublikada 63 min 405 hektar sahədə əkin aparılıb. Strateji əhəmiyyəti nəzərə alınaraq əkilmiş sahələrin 36 min 879 hektarında taxıl səpini aparılıb, 115 min 649 ton məhsul yığılıb. Ötən il ərzaq təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyətə malik kartofçuluğun da inkişafı diqqətdə saxlanılıb, 3 min 241 hektar kartof sahəsindən 50 min 668 ton kartof tədarük edilib. 2019-cu ildə qarğıdalının hər kiloqramının tədarükçülər tərəfindən 40 qəpikdən qəbul edilməsi muxtar respublika sakinlərində bu sahəyə marağı artırıb, nəticədə, 2020-ci ildə 1549 hektar qarğıdalı əkini sahəsindən 14 min 753 ton məhsul yığılıb ki, bu da əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 76 faiz çoxdur. Muxtar respublikanın təbii-coğrafi şəraiti meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üçün geniş imkanlar yaradır ki, bu, ötən ildə də özünü bariz şəkildə göstərib. Belə ki, bəhs olunan ildə 5 min 449 hektar sahədə tərəvəz, 2 min 266 hektar sahədə bostan əkinləri aparılıb, yeni meyvə bağlarının salınması davam etdirilib. İl ərzində mövcud meyvə və üzüm bağlarından 52 min tondan artıq meyvə, 17 min tona yaxın üzüm yığılıb.
Xəbərlər şöbəsi