Muxtar respublikamızın nail olduğu sosial-iqtisadi inkişaf bütün bölgələrimizə müasir görkəm gətirib. Bu inkişafı şərtləndirən amillərdən biri də genişmiqyaslı, həyatımızın hər bir sahəsini əhatə edən tikinti-quruculuq tədbirləridir. O da qeyd olunmalıdır ki, ilbəil quruculuq tədbirlərinin həcmi ilə yanaşı, coğrafiyası da genişlənir. Belə tədbirlər Şərur rayonunu da əhatə edib. Son illərdə bölgədə aparılan tikinti-quruculuq işləri rayon sakinlərinə göstərilən dövlət qayğısının ifadəsi olmaqla yanaşı, şərurluların qurub-yaratmaq əzminə də öz təsirini göstərib.
Yeni quruculuq ünvanlarının sırasına Şərur şəhərinin girişində ucaldılan Saat Meydanı da qoşulub. Ümumi sahəsi 2 min 460 kvadratmetr olan ərazidə 10 metr hündürlükdə olacaq Saat qülləsinin inşasını “Gəmiqaya Holdinq” Şirkətləri Qrupu həyata keçirir.
Meydandakı qüllədə şərq və qərb istiqamətlərində olmaqla, iki saat qurulacaq. Tikinti ilə paralel şəkildə ərazidə işıqlandırma sistemi quraşdırılır, su xətti çəkilir.
Layihəyə uyğun əsas işlər tam başa çatdıqdan sonra ətrafda gülkarlıq və yaşıllıq zolağı da salınacaqdır.
Tikinti sahəsində olarkən öyrəndik ki, obyektdə əsas işlər yekunlaşmışdır.
Telli MƏMMƏDOVA