Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin 2020-ci il 30 dekabr tarixdə keçirilmiş altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasından irəli gələn vəzifələr və Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi, onun yerli orqanları tərəfindən 2020-ci ildə görülmüş işlər və 2021-ci ildə qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib. Komitənin sədri Vaqif Rəsulov çıxış edərək bildirib ki, 2020-ci ildə komitə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilmiş sərəncamların icrası istiqamətində müvafiq tədbirlər həyata keçirmişdir.
Belə ki, Ali Məclis Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın müvafiq bəndinin icrası üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə muxtar respublikada əmək bazarının təhlilinə dair material, həmçinin əmək bazarını xarakterizə edən əsas göstəricilər hazırlanmış və Dövlət Statistika Komitəsinin internet saytında yerləşdirilmişdir.
Vurğulanıb ki, “2018-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 2 mart tarixli Sərəncamında 2020-ci ildə nəzərdə tutulmuş tədbirlərin icrası həyata keçirilmişdir. Bununla yanaşı, müvafiq Dövlət proqramının icrası istiqamətində 2019-cu ildə istifadəyə verilmiş “Statistik Məlumatlar Sistemi”nin normal fəaliyyəti diqqətdə saxlanılmış, yeni proqram təminatlarının yaradılması, mövcud proqram təminatlarında yeniliklərin aparılması təmin edilmişdir.
“Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli və 2019-cu il 18 yanvar tarixli sərəncamlarının icrası istiqamətində şəhər və rayon icra hakimiyyətlərindən daxil olmuş rüblük məlumatlar əsasında ailə təsərrüfatlarının və onların istehsal etdikləri məhsulların ümumi uçotu aparılmışdır.
Diqqətə çatdırılıb ki, Prezident cənab İlham Əliyevin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıya alınmasının keçirilməsi haqqında” 2016-cı il 7 sentyabr tarixli Fərmanına əsasən 2019-cu ilin oktyabr ayında əhalinin növbəti siyahıyaalınması keçirilmişdir. Mühüm dövlət tədbirinin əsas icraçısı kimi Dövlət Statistika Komitəsi tərəfindən 2020-ci ilin yanvar ayında muxtar respublikanın şəhər və rayon statistika idarələrindən qəbul olunmuş əhalinin siyahıyaalınmasına aid materialların xüsusi proqram təminatına işlənilməsinə başlanılmış və iyun ayında başa çatdırılmış, siyahıyaalma və sorğu vərəqələrində olan məlumatların elektron bazası yaradılmışdır.
Qeyd olunub ki, 2020-ci ildə dövri olaraq sosial-iqtisadi inkişafa dair aylıq məruzələr hazırlanaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə, Nazirlər Kabinetinə və digər aidiyyəti orqanlara təqdim olunmuşdur.
İclasda məruzə ətrafında çıxışlar dinlənilib.
* * *
Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində keçirilən kollegiya iclasında xidmətin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Azər Nağıyev məruzə edərək bildirib ki, 2020-ci ildə muxtar respublikada özəl sektorun inkişafına dövlət dəstəyi nəticəsində makroiqtisadi göstəricilər üzrə artım dinamikası davam edib, nəticədə, dövlət büdcəsi üzrə proqnozlar artıqlaması ilə icra olunub. Belə ki, hesabat dövründə Naxçıvan Muxtar Respublikasının vergi orqanları üzrə müəyyən olunmuş proqnoz 103,6 faiz yerinə yetirilib. Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsi üzrə proqnoz 120,1 faiz, Naxçıvan Muxtar Respublikasının İşsizlikdən Sığorta Fondunun büdcəsi üzrə proqnoz isə 115,4 faiz icra olunub.
Qeyd edilib ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq 2016-2020-ci illərdə 2060 hüquqi və fiziki şəxslərdə araşdırma aparılmış, 1843 yeni əmək müqaviləsinin bağlanılmasına, 4395 şəxsin əməkhaqlarının əmək müqaviləsində real əməkhaqqı səviyyəsində göstərilməsinə nail olunub.
“Bir pəncərə” qeydiyyat sistemi vasitəsilə hesabat dövründə 37 kommersiya və publik hüquqi şəxs dövlət qeydiyyatına, habelə 7 qeyri-kommersiya hüquqi şəxs vergi uçotuna alınıb.
Bildirilib ki, muxtar respublika sakinlərinin maarifləndirilməsi istiqamətində vergiödəyiciləri ilə 12 görüş keçirilib, onların elektron ünvanına, ümumilikdə, 135 min 773 bildiriş və müraciət göndərilib. Publik hüquqi şəxs statuslu müəssisələrdə ödənişlərin onlayn və POS-terminallar vasitəsilə qəbulu sahəsində 2020-ci ildə 25 publik hüquqi şəxs statuslu müəssisədə 31 ədəd POS-terminal aparatı quraşdırılıb.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.
* * *
Naxçıvan Muxtar Respublikası Gənclər Fondunda keçirilən iclasda fondun icraçı direktoru Cəbi Quliyev məruzə ilə çıxış edib.
Qeyd edilib ki, ötən il fondun təşkilatçılığı ilə gənclər arasında müxtəlif idman yarışları, mədəni tədbirlər, bilik yarışları, film nümayişləri təşkil olunub, gənclər arasında yaradıcılıq müsabiqələrinin keçirilməsi diqqət mərkəzində saxlanılıb. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə hazırlanmış Tədbirlər Planına uyğun olaraq yeniyetmə və gənclərin milli mənlik şüurunun, vətənpərvərlik və vətəndaşlıq hissinin yüksəldilməsi, onların Azərbaycanın şanlı hərb tarixi ənənələri ilə tanış olmalarına şərait yaratmaq üçün filmlərin nümayişi, intellektual oyun, inşa yazı müsabiqəsi keçirilib. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi ilə birgə tələbələrin məhkəmə sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi, onların bu sahədə biliklərinin ortaya çıxarılması və gələcək üçün daha potensiallı kadrların yetişdirilməsi məqsədilə məhkəmə və icra prosesi simulyasiyaları təşkil edilib. Naxçıvan Dövlət Film Fondu ilə birgə milli kinonun təbliği, məktəblilərin kino biliyinin yoxlanılması və milli kinofilmlərə olan marağının artırılması məqsədilə “Bu kino ki var...” kinoviktorinasına start verilib. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Rəssamlar Birliyi ilə birgə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və istedadlı gənclər arasında “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VII muxtar respublika yazı, dekorativ-tətbiqi sənət və rəsm müsabiqəsi və “Ailə dəyərlərimiz film və fotolorda” mövzusunda V muxtar respublika yaradıcılıq müsabiqələri reallaşdırılıb.
Vurğulanıb ki, fond ötən dövr ərzində könüllülərlə iş sahəsində fəaliyyətini daha da genişləndirib, “Könüllülər ili” çərçivəsində çoxsaylı tədbirlər reallaşdırılıb.
Diqqətə çatdırılıb ki, ötən ilin noyabr ayı ərzində Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən elan olunmuş “Təhsil xərci” müsabiqəsinə muxtar respublikanın dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələrin müraciət etməsinə köməklik göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Gənclər Fondunda fondun əməkdaşlarından ibarət komissiya yaradılıb. Həmin müsabiqədə qalib olan 74 tələbə birillik təhsil xərcindən azad edilib.
Sonra məruzə ətrafında çıxışlar olub.
* * *
Naxçıvan Müəllimlər İnstitutunun Elmi Şurasının genişləndirilmiş iclasında institutun rektoru Azad Novruzov çıxış edərək bildirib ki, hesabat ilində institutda 104 nəfərdən ibarət professor-müəllim heyəti tərəfindən 15 iхtisаs üzrə bаkаlаvr, 5 ixtisas üzrə isə magistr hazırlığı aparılıb. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2020-ci il 30 sentyabr tarixli Qərarı ilə Naxçıvan Müəllimlər İnstitutunda pedaqogika üzrə fəlsəfə doktoru dissertasiyalarının müdafiəsini həyata keçirmək üçün Dissertasiya Şurası yaradılıb.
Qeyd edilib ki, bəhs olunan dövrdə fənn kurikulumlarının tətbiqində interaktiv təlim metod və üsullarından istifadəyə geniş yer verilməsi və fənlərin inteqrasiyasına diqqət artırılıb, ayrı-ayrı fənlər üzrə dərslik və proqramların ümumtəhsil məktəblərinin müəllimləri ilə müzakirəsinin keçirilməsinə nail olunub.
Bildirilib ki, hesabat ilində institutun profilinə uyğun elm sahələrinin istiqamətləri üzrə elmi-tədqiqat işləri yerinə yetirilib. Bəhs olunan dövrdə göstərilən elmi istiqamətlər üzrə kafedralarda, həmçinin İxtisasartırma və yenidənhazırlanma bölməsində 89 əməkdaş 89 mövzu üzrə elmi-tədqiqat işlərini icra edib. 2020-ci ildə institut əməkdaşlarının 366 əsəri, o cümlədən 6 monoqrafiyası, 7 kitabı, 24 tədris-metodik vəsaiti və fənn proqramı, 278 elmi və elmi-metodik məqaləsi, 51 tezisi çap olunub. Bunlardan 26 elmi məqalə və 2 tezis xarici elmi nəşrlərdə işıq üzü görüb. 2019-2020-ci tədris ilinin əvvəllərində institutun 8 kafedrası üzrə 91 müəllimin elmi rəhbərliyi altında 180 tələbə elmi-tədqiqat işi həyata keçirib.
Sonra məruzə ətrafında çıxışlar olub.
Xəbərlər şöbəsi