AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” adlı monoqrafiyası Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində rus dilində işıq üzü görüb.
Giriş, səkkiz fəsil, nəticə, biblioqrafiya, əlavələr və adlar göstəricisindən ibarət olan monoqrafiyada Naxçıvanın Azərbaycanın dövlətçilik tarixində rolu, qədim və orta əsrlər dövründə burada mövcud olmuş dövlətlərlə əlaqələri, Naxçıvan xanlığının tarixi, onun Rusiya imperiyası tərəfindən işğalı məsələləri tədqiq edilmişdir. Xanlığın işğalından sonra çarizmin yaratdığı inzibati-ərazi bölgü sistemi, həyata keçirdiyi köçürmə siyasəti, ermənilərin Naxçıvan ərazisində yerləşdirilməsi, irəli sürülən əsassız ərazi iddiaları, həmin iddiaların reallaşdırılması üçün ermənilərin dinc əhaliyə qarşı törətdikləri qırğınlar tarixi faktlar əsasında oxuculara təqdim edilmişdir. Bununla yanaşı, müəllifin Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvandakı ictimai-siyasi vəziyyət, Araz-Türk Respublikasının yaradılması, Naxçıvanın muxtariyyətləşməsi ilə bağlı apardığı uzunmüddətli tədqiqatların nəticələri də burada öz əksini tapmışdır.
Əsərdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasında Naxçıvanın yeri və rolu, ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü, ərazinin yeni statusunun təsbit edilməsi ilə bağlı məsələlər araşdırılmış, Naxçıvanın yeni Konstitusiyasının qəbul edilməsi, muxtar dövlətin əsas inkişaf istiqamətləri və qazanılmış nailiyyətlər tədqiqata cəlb olunmuşdur.
Monoqrafiyanın “Əlavələr” adlı hissəsində Moskva və Qars müqavilələrinin, Azərbaycan Respublikası Konstitusiyasının Naxçıvan Muxtar Respublikasından bəhs edən VIII fəslinin, eləcə də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının mətnləri verilib.
Kitabın elmi redaktorları Sankt-Peterburq Dövlət Universitetinin Şərq fakültəsinin Yaxın Şərq ölkələri tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor Nikolay Dyakov və universitetin Türk filologiyası kafedrasının dosenti, tarix elmləri namizədi Akif Fərzəliyevdir. Nəşrin redaktoru tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev, rəyçilər isə AMEA-nın müxbir üzvləri Fəxrəddin Səfərli və Musa Qasımlıdır.
Tarixçilər, tədqiqatçılar, eləcə də Azərbaycanın dövlətçilik tarixi ilə maraqlanan hər kəs üçün nəzərdə tutulmuş bu dəyərli kitab artıq rusdilli tədqiqatçılar üçün daha əlçatandır.
AMEA Naxçıvan Bölməsinin
mətbuat xidməti