23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən akademik İsmayıl Hacıyevin 70 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planı təsdiq olunmuşdur.
Tədbirlər Planına əsasən yanvarın 19-da Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında görkəmli alimin əsərlərindən ibarət sərgi və yeni nəşr olunmuş kitablarının imza günü keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək bildirib ki, akademik İsmayıl Hacıyev 54 kitab, monoqrafiya və dərs vəsaitlərinin, 1000-dən artıq elmi, elmi-kütləvi və ictimai-siyasi məqalənin müəllifidir. Onun 1 kitab və 3 monoqrafiyası, 80-ə yaxın elmi məqaləsi xaricdə dərc olunub. Azərbaycanda tarix elminin inkişafına öz əsərləri, tədqiqatları ilə qiymətli töhfələr verən İsmayıl Hacıyev Azərbaycan tarixşünaslığı və elmi mühitində “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” mövzusunun əsas tədqiqatçısıdır. 2019-cu ildə “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” kitabı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublika mükafatının verilməsi haqqında” 2019-cu il 9 fevral tarixli Sərəncamı ilə elm sahəsi üzrə Naxçıvan Muxtar Respublikası Mükafatına layiq görülüb. Bu əsər monoqrafiya kimi 2020-ci ildə Sankt-Peterburqda rus dilində çap olunmuşdur. Həmçinin akademik İsmayıl Hacıyevin Rusiya, Türkiyə və Almaniyada da kitabları dərc olunub. Onun çoxsaylı elmi monoqrafiyaları alimin gərgin və məhsuldar elmi axtarışlarının bəhrələridir.
Azərbaycan tarixşünaslığında Gümrü, Moskva və Qars müqavilələri də ilk dəfə olaraq akademik İsmayıl Hacıyevin tədqiqat obyektinə çevrildiyini vurğulayan Surə Seyid qeyd edib ki, akademik İsmayıl Hacıyev həmin müqavilələrin stenoqramını, mətnini Azərbaycan dilinə çevirərək kitab şəklində çap etdirmiş və bu müqavilələrdə Naxçıvanla bağlı məsələlərə aydınlıq gətirmişdir.

Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin çıxışları dinlənilib. Çıxışlarda vurğulanıb ki, akademik İsmayıl Hacıyevin elmi fəaliyyətinin əsas istiqamətləri Naxçıvanşünaslıq elminin tədqiqi və təbliğinə həsr edilib. Onun elmi fəaliyyəti və nailiyyətləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən yüksək qiymətləndirilib. Alimin 70 illik yubileyinin Bilik Fondunun təşkilatçılığı ilə keçirilməsi bu diqqət və qayğının əyani təzahürüdür.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev muxtar respublikada elmin inkişafına yaradılan hərtətəfli şəraitdən danışıb, AMEA Naxçıvan Bölməsinin onun həyatında oynadığı roldan bəhs edib, 70 illik yubileyinin yüksək səviyyədə təşkilinə, göstərilən qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Sonra akademikin əsərlərindən ibarət sərgiyə baxış olub. Sərgidə alimin müxtəlif illərdə nəşr etdirdiyi kitabları, respublika və beynəlxalq səviyyəli elmi məqalələri və onun elmi redaktorluğu ilə hazırlanan sanballı elmi-tədqiqat əsərləri nümayiş olunub. Alimin tədqiqatlarında əsas yerlərdən birini tutan “Naxçıvan və naxçıvanlılar” kitabı, “Behbud ağa Şahtaxtinski: həyatı və fəaliyyətinin mühüm mərhələləri”, “Naxçıvanlı diplomatlar”, “Tarixdə və günümüzdə Naxçıvan” və digər monoqrafiyaları Naxçıvan Muxtar Respublikasının tarixinə və görkəmli yetirmələrinə həsr edilmiş sanballı və əhəmiyyətli elmi ədəbiyyatlardır. “Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatı, sosial-iqtisadi və mədəni inkişafı (1991-2011-ci illər)”, “Naxçıvan Muxtar Respublikası müstəqillik yollarında”, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı (1995-2019-cu illər)” monoqrafiyaları alimin elmi yaradıcılığında Naxçıvan mövzusu, onun inkişaf tarixi, xüsusilə XX əsrin 90-cı illərində baş vermiş ictimai-siyasi hadisələrə həsr olunmuş dəyərli elmi-tədqiqat əsərləridir.
Akademik İsmayıl Hacıyevin elmi redaktorluğu və müəllifliyi ilə hazırlanan “Naxçıvan ensiklopediyası” (iki cilddə), “Naxçıvan abidələri ensiklopediyası” (iki dildə), “Naxçıvan Tarixi Atlası”, həmmüəllifliyi ilə nəşr olunmuş “Naxçıvan tarixi” üçcildliyi və digər ensiklopedik nəşrləri də sərgidə nümayiş olunub.
Sərgidən sonra akademik İsmayıl Hacıyev “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı (1995-2019-cu illər)” monoqrafiyasını, “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” və digər kitablarını imzalayaraq gənc alim və tədqiqatçılara təqdim etmişdir.

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR