Elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulan STEAM təlim metodu dünyada, eləcə də Azərbaycan təhsil sistemində mütəxəssis hazırlığının mühüm istiqaməti kimi götürülür. 2020-2021-ci tədris ilindən başlayaraq pilot layihə olaraq muxtar respublikanın 13 məktəbində STEAM təlim metodunun tətbiqi ilə bağlı kabinələrin, Heydər Əliyev adına tam orta məktəbdə isə STEAM Tədris Mərkəzinin yaradılması işinə başlanılıb.
Görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən STEAM təlim metodları ilə bağlı xarici ədəbiyyatlar Azərbaycan dilinə tərcümə olunub, müvafiq tədris proqramları və müəllimlər üçün metodik vəsaitlər hazırlanıb. Həmçinin muxtar respublikanın 13 məktəbində tətbiq olunacaq STEAM təlim metodunun yüksək səviyyədə tədrisi üçün Təhsil Nazirliyi tərəfindən bir ay müddətində müəllimlər üçün təlimlər təşkil olunub.
Ötən tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin elan etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə IV Qrant müsabiqəsində muxtar respublikanın ümumtəhsil məktəbləri üzrə müsabiqədə iştirak edən 27 layihədən 5-i qalib olub. Həmin layihələrdən ümumtəhsil kateqoriyası üzrə qalib olan Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin “STEAM Naxçıvanda” layihəsinin əsas məqsədi bu təlim texnologiyasının yeni təhsil proqramına inteqrasiya edilməsi, təhsilalanlarda XXI əsr bacarıqlarının formalaşdırılması, şagirdlərdə yüksək mütəşəkkil düşüncəni inkişaf etdirmək və əldə olunan biliklərin layihə təlimi vasitəsilə elm, texnologiya, mühəndislik, riyaziyyat və incəsənət kimi sahələrdə səmərəli tətbiqinə nail olmaqdır.
Layihənin icrası ilə bağlı görülən işlərin davamı olaraq Təhsil Nazirliyi tərəfindən Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə Şərur və Sədərək rayon məktəblərindən 30-a yaxın müəllim təlimə cəlb olunub. Yanvarın 13-də onlayn qaydada keçirilən ilk təlimdə “Təhsildə innovasiya: STEAM təhsil metodu və onun əhəmiyyəti” barədə müəllimlərə məlumat verilib.
“STEAM Naxçıvanda” layihəsinin davamı olaraq bir ay davam edəcək təlimlərdə iştirak edən müəllimlərə qrafikə uyğun olaraq STEAM məzmunlu layihələr üzərində praktik iş və robot texnologiyası, əyani prototip qurğulardan istifadə, 3D printer, arduino və micro:bitlə bağlı məlumatlar öyrədiləcək.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti