20 yanvar faciəsini xatırlarkən
Erməni vəhşiliklərinə etinasız qalmayan Azərbaycan xalqı, milli azadlıq hərəkatını davam etdirmək və Azərbaycanın müstəqilliyinə nail olmaqda əzmli idi. Qarabağı Azərbaycandan qoparmaq və ermənistana birləşdirmək üçün dəridən - qabıqdan çıxan Ermənistan hakimiyyəti məsələni SSRİ rəhbərliyi səviyyəsinə qədər qaldırmışdı. O dövrdə Sovet dövlətinə rəhbərlik edən M.Qorbaçov bəlkə də münaqişənin nə ilə nəticələnəcəyini ağlına belə gətirmirdi. Çünki Dərələyiz, Zəngəzuru ermənilərə pay verəndə rus şovinizmi bu qədər müqavimətə rast gəlməmişdi. M.Qorbaçov ümid edirdi ki, ordu vəhşilik törətdikdən sonra Azərbaycan xalqı qorxaraq növbəti dəfə torpaqlarının əlindən alınması ilə razılaşacaq. Yanılırdılar. Bu dəfə azərbaycan xalqı ölüm - dirim savaşına qalxmışdı. Və ümumxalq etimadsızlığını sonadək davam etdirməkdə israrlı idi.
19 yanvar 1990 il. Axşam idi. Bakı şəhərinin 6 cı mikrorayonunda AMEA alimlərinin yaşadığı binanın qarşısında toplaşmışdıq. Sərinkeşlər zavoduna aid yaşayış binasının sakinləri də burda toplaşmışdı. Qaranlıq yenicə düşmüşdü. Biz Bakının Şamaxı qapısına doğru irəliləyirdik. Yolda izdihama çox sayda insanlar da qoşulurdu. Gənclər, yaşlı insanlar, qadinlar, hətta uşaqlar da.
Bu hadisənin hansı sonluqla qurtaracağını kimsə bilmirdi. Tək onu bilirdik ki, respublikamız müstəqil olmadan torpaqlarımızı kimsədən qoruya bilməyəcəyik. Yol boyu ölkəmizin yeraltı - yerüstü sərvətlərindən, ona sahib durmağın çoxdan vaxtı çatdığından danışılırdı.
Bakının Şamaxı qapısına yaxınlaşdıqda avtomobil və piyada yollarının iri tonluqlu avtomaşınlarla kəsildiyini gördük. Adama elə gəlirdi ki, bu süni baryerləri aşmaq sovet rus ordusu üçün çox da asan olmayacaq. Sən demə yanılmışıq.
Nəhayət sovet rus tankları Biləcəri istiqamətindən Bakı şəhərinə doğru irəliləməyə başladı. İçərisi qum dolu ``Kamaz`` markalı avtomaşınlar tankların qarşısında aciz qaldılar. Sovet rus ordusu tankların üzərində qurulmuş pulemyotlardan hər tərəfə atəş açırdılar. Əliyalın dinc nümayişçilər ordu ilə üz-üzə qaldı. Çox sayda yaralılar, öldürülənlər olmasına baxmayaraq təcili yardım maşınları yaxınlaşa bilmirdi. Çünki, ambulansları da atəşə tuturdular. Azğınlaşmış sovet ordusu kimi görürdüsə atəş açır və öldürürdü.
“Alfa” qrupu və Azərbaycan DTN tərəfindən Azərbaycan televiziyasının enerji bloku partladıldığından səsimizi kimsə eşitmədi. Sonralar televiziya işə düşsə də diktorların hərbi mətnləri oxumaqdan başqa bir çarəsi yox idi.
Sovet qoşunlarının Bakıya hücumu nəticəsində əsl soyqırım törədildi. Əslində xalqımıza qarşı soyqırım XI qırmızı ordunun gəlişi ilə başlanmışdı. Əsl faciə Azərbaycan Xalq Cumhuriyyətinin süqutundan sonra baş verdi. Rus Sovet rejimi XX əsrin 20 -ci, 30-cu illərində 10 minlərlə azərbaycanlını qətlə yetirmişdi. Torpaqlarımızı ermənilərə vermişdi. 20 yanvar qırğını da bu qırğınların davamı idi.
Əslində tarixə qısa bir səyahət etsək görərik ki, 1985 - ci il. SSRİ MK baş katibi M. Qarbaçov özünü çoxdan doğrultmayan və xalqlar həbsxanasına çevrilən SSRİ ni xilas etmək, ya da heç olmasa onun ömrünü uzatmaq məqsədi ilə yenidənqurma adlandırdığı yeni siyasi oyunbazlığa başladı. Ermənilər dərhal bu siyasi oyunbazlıqdan istifadə edərək 1988 - ci ildə ``miatsum`` hərəkatına başladılar. Kreml yenidənqurma pərdəsi altında Dağlıq Qarabağda baş qaldırmış erməni separatizmi qızışdırma mövqei tutmuşdu. Sovet rəhbərliyinin onların tərəfində olduğunu görən erməni separatçıları daha da azğınlaşdılar. M.Qorbaçov erməni seperatçılarının işini asanlaşdırmaq və onları qorumaq məqsədi ilə 1989-cu ildə SSRİ Ali Sovetinin qərarı ilə DQMV-də Xüsusi İdarə Komitəsi yaratdı. Komitə DQMV ni Azərbaycanın tabeçiliyindən çıxarılması ilə məşğul olurdu.
19-20 yanvar 1990-cı il soyqırımı... Bu qətillərdə 131 nəfər günahsız insan öldürüldü. Onların içərisində 20 dən artıq qadın və uşaq da var idi. Çox sayda insanlar yaralandı, şikəst oldu. Fövqəladə vəziyyət tətbiq edildiyi barədə isə rəsmi məlumat 20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsi ilə Bakı şəhər komendantı V. Dubinyak tərəfindən elan edildi. Halbuki, Bakı şəhərində kütləvi qırğına azı 8 saat əvvəl başlanılmışdı..
Fövqəladə vəziyyət elan edildikdən sonra da, yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində daha 57 nəfər öldürülmüşdü. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda da qırğınlar davam etdirilirdi. Yanvarın 25-də Neftçalada 2 nəfərin və yanvarın 26-da Lənkəranda 6 nəfərin qətlə yetirilməsi rus sovet ordusunun iç üzünü ortaya qoydu.
Bu faciənin baş vermə səbəbləri də müxtəlif cür yozulurdu. Bir çoxları faciənin törədilməsini Ə.Vəzirovun ermənipərəst olması ilə izah edirdilər. Bəzi ziyalılar isə əvvəllər Azərbaycan KP MK - ya I ci katiblik etmiş K. Rəhimovun dövlətçiliyə laqeydliyi ilə əlaqələndirirdilər. Söz yox ki, bu səbəblər də istisna deyil. Lakin ermənilərin Sovet dönəmində əldə etdikləri onların siyasi hakimiyyətdə təmsil olunmaları, ideologiyalarının və milli proqramlarının olması, gizli və açıq siyasi partiyalarının bir nöqtəyə vurmaları və ən əsası isə havadarlarının köməyi ilə baş tuturdu. 20 yanvar itkilərindən sonra xalqımız erməni yaraqlıları və onların havadarlarına qarşı uzun müddət mübarizə aparmaq məcburiyyəti qarşısında qaldı. Bir tərəfdən səriştəsiz adamların ard-arda respublikaya rəhbərlik etməsi və digər tərəfdən daxili sayasi çaxnaşmalar və xarici düşmənlərin təxribatları nəticəsində dövlətçiliyimizə ağır zərbələr dəyirdi. S.Hüseynovun heç bir zərurət olmadan Kəlbəcərdən Azərbaycan ordusunu çıxarması, Kəlbəcərin işğalı ilə nəticələndi. Ermənistanla Dağlıq Qarabağ arasında birbaşa əlaqələrin yaranması vəziyyəti daha da ağırlaşdırdı. Lakin bu ağır şəraitdə də Azərbaycan könüllüləri erməni hərbi qüvvələri və onların havadarlarına qarşı mübarizə aparmaqda davam edirdi.
20 yanvar qırğınına Moskvadakı Azərbaycan nümayəndəliyində ümummilli lidermiz Heydər Əliyevdən başqa kimsə etiraz etməmişdi. O, SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə pislədi və cinayəti törədənləri ittiham edərək 1994 - cü ilin yanvar ayında hadisəyə siyasi qiymət verdi. 20 yanvar ağır itkilərimizə baxmayaraq Azərbaycan xalqının yazdığı növbəti qəhrəmanlıq səlnaməsi idi. Əldə edilən müstəqilliyimizin nəticəsidir ki, Ali Baş Kamandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz 2020 ci il sentyabr ayının 27 də başlayan 44 günlük zəfər yürüşü ilə düşmənə və onların havadarlarına tarixi bir dərs verdi.
Əziz Novruzlu
Tarix elmləri doktoru, professor