(Esse)
Haqqında danışacağım şəhər bizə çox yaxındır, yaşadığımız, hər gün sübhü onunla açdığımız, Günəşi qüruba birgə yola saldığımız, müqəddəs torpağımıza təmas edən sinəsindən şırımlanan yollarla, küçələrlə, parklarla addımladığımız şəhərdir. Bizi evdən işə, işdən evə, yeni-yeni sabahlara, gələcəyə aparan, uşaqlığımızın, gəncliyimizin şahidi, yaşlılığımızın həmdəmi, xatirələrimiz, düşüncələrimiz, bir də ki qürurumuzun ünvanıdır bu şəhər. Sizə haqqında danışacaqlarımı özü mənə danışan bu şəhər Naxçıvan şəhəridir. Bəs o necə danışır? Bu barədə fikirlərimi sizinlə bölüşüm, siz də dinləyin. Bəlkə də, mənim bu şəhərə məhəbbətimin sonsuzluğundandır ki, hər yerdə onunla dialoqa girir, söhbətini dinləyirəm. Həm də sanki bu söhbətlərdə bir musiqi ritmi var, o, həzin bir melodiyaya çevrilib axır qulaqlarıma. Belə qənaətə gəlirəm ki, bu şəhər bir musiqi əsəridir. Sözləri də, bəstəsi də özünə aid bu musiqi əsərinin adı isə “Şəhər özündən danışır”dır.
…O danışır, mən dinləyirəm. Tarixindən – dünənindən, bu günündən danışır. Diqqət edin, siz də görəcəksiniz bu şəhərin danışdığını, siz də dinləyəcəksiniz onun söhbətlərini. Çıxın bu şəhərə səhər-səhər, axşam-axşam. Tamaşa edin onun hüsnünə. Danışacaq bu şəhər özündən. Gecələrinin ulduz tək sayrışan işıqlarının büllur dənizə bənzər sularında Nuhun gəmisinə əyləşin, “Dünya tufanını” dinləyin bu şəhərdən, o sizə minilliklərdən söhbət açacaq. Nuhun gəmisi ilə yaşıd olduğundan, Gəmiqayanın sirrindən, İslam mədəniyyətinin beşiyini yürgələməsindən, Manna, Midiya, Atropatena, Əhəmənilər, Ərəb xilafəti, Xürrəmilər hərəkatı, Salarilər, Rəvvadilər, Səlcuqlara şahidliyindən, 40 ilədək Atabəylər dövlətinin paytaxtı olmasından danışacaq. XIII əsr monqol işğalından, Hülakülər, Elxanilər dövründən, XIV əsrin Qızıl Ordasının Toxtamışından, Əmir Teymurun 14 illik Əlincə “sevdasından”, Naxçıvanda intişar tapmış Hürufilik təriqətindən, bu təriqətin yaradıcısı Fəzlullah Nəiminin Əmir Teymurun oğlu Miranşah tərəfindən edamına şahidliyindən söz açacaq. Dinlədikcə onun söhbətlərini, nənələrimizin soyuq qış gecələrində isti soba başında danışdıqları doyumsuz nağılların qəhrəmanlarını tapacaqsınız bu şəhərdə. Müharibələr, işğallar, mübarizələr, müdafiələr, qəhrəmanlıqlar əsr-əsr bu şəhərin tarixini, bu gözəl coğrafi mövqeyə həsədi, onu əldə etmək istəklərini qoyur ortaya. Səfəvilər dövlətinin onu fəth etdiyini, XVI-XVII əsrlərdə Səfəvi-Osmanlı müharibələri ucbatından əldən-ələ keçən, dəfələrlə qarət olunaraq dağıdılmasını “xatırlayır” bu şəhər. Naxçıvan xanlığı dövründən, bu xanlığın paytaxtı olmasından, Kəngərlilərdən bəhs edir, Türkmənçay, Qars, Moskva müqavilələrinə paytaxt kimi münasibətini bildirir. Erməni daşnaklarının başına gətirdikləri oyunları hər daşına, qayasına hopan faktlarla səsləndirir, Araz-Türk Respublikasının, Naxçıvanın muxtariyyətinin yaradılmasının səbəblərini açıqlayır şəhər. Bu söhbətlərdə bəzən çarəsizlikləri, bəzən haqsızlıqları, bəzən də mübarizliyi, əyilməzliyi duyuram.