22 Dekabr 2024, Bazar

Müsahibim Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin
sədri, akademik İsmayıl Hacıyevdir


– Hörmətli İsmayıl müəllim, günlərdir, muxtar respublikamızın ziyalıları elmin inkişafına yeni bir töhfənin qüruru ilə yaşayırlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında” 2019-cu il 7 sentyabr tarixli Sərəncamının əhəmiyyətinə bir akademik və Fondun Himayədarlar Şurasının üzvü kimi münasibətiniz oxucularımız üçün də çox maraqlı olar. Elmin İnkişafı Fondu hansı zərurətdən yaranıb?
– Qeyd etdiyiniz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun sərəncamı ilə Elmin İnkişafı Fondu yaradılıb. Həmin sərəncamda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birlikdə Fondun Nizamnaməsinin layihəsini hazırlayıb Ali Məclisin Sədrinə təqdim etsin. Qısa müddətdə bu Nizamnamə hazırlandı və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 13 sen­tyabr tarixli Sərəncamı ilə təsdiq olundu. Həmin tarixdə imzalanan digər bir Sərəncamla Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibi də təsdiq edildi.

Ali Məclisin Sədri ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş və uğurla həyata keçirilən elm siyasətinə xüsusi əhəmiyyət vermiş və muxtar respublikanın hərtərəfli və dinamik inkişafında bu sahənin də formalaşmasına həmişə qayğı göstərmişdir. Ali Məclisin Sədri kimi fəaliyyətinin ilk vaxtlarında Naxçıvanda “Uluslararası qaynaqlarda Naxçıvan” beynəlxalq simpoziumunun keçirilməsinə (11-13 iyul 1996-cı il) və həmin simpoziumda xarici ölkə alimlərinin iştirakına hər cür qayğı göstərmişdir. Halbuki həmin illərdə muxtar respublikanın üzləşdiyi problemlər belə bir tədbirin keçirilməsinə o qədər də imkan vermirdi. Sonrakı illərdə də muxtar respublikada elmin inkişafına, elm adamlarının fəaliyyətinə diqqət və qayğı göstərilmişdir.
Elmin İnkişafı Fondunun yaradılması zəruriliyi ilə əlaqədar: Dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən elmi-tədqiqat proqramların və layihələrin qrant şəklində maliyyələşdirilməsi; alimlərin elmi fəaliyyətlərinin stimullaşdırılması; muxtar respublikada elmi-texniki potensialın qorunması və inkişaf etdirilməsi; iqtisadiyyatın inkişafında elmi-­texniki potensialın imkanlarından səmərəli istifadə edilməsi; təbii resursların, mədəni və tarixi irsin öyrənilməsi; elmi araşdırmaların səmərəliliyinin artırılması; elmi tədbirlərin təşkili üzrə layihələrin dəstəklənməsi və sair.
Bütün bunlar həm də Elmin İnkişafı Fondunun qarşısında duran məqsəd və vəzifələrdir ki, Fond öz fəaliyyətini bu istiqamətdə qurmalıdır.
– Məlumdur ki, ümummilli liderimiz Heydər Əliyevin 2002-ci il 7 avqust tarixli Sərəncamı ilə AMEA Naxçıvan Bölməsinin yaradılması, ümumilikdə, Azərbaycan elminə töhfə olmaqla yanaşı, muxtar respublikamızda böyük elmi bazanın yaranmasına stimul oldu.
– AMEA Naxçıvan Bölməsinin yaradılmasına qədər muxtar respublikada üç elmi qurum fəaliyyət göstərmişdir. Bunlardan ikisi Azərbaycan Milli Elmlər Akademiyasına, biri isə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinə tabe idi. Üç qurumda cəmi 13 nəfərin elmi dərəcəsi var idi. Həmin qurumların maddi-texniki bazaları da çox zəif idi. Bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov görürdü. Ona görə də yeni bir elmi qurumun – AMEA Naxçıvan Bölməsinin yaradılması məsələsini ölkə Prezidenti səviyyəsinə qaldırdı və razılıq alındı. Bölmənin yaradılması strateji məqsədlərə hesablanmış, elmin inkişafına yönəldilən uğurlu bir addım idi. Onun yaradılması və sonrakı fəaliyyəti özünü doğrultdu: tədqiqat istiqamətləri genişləndirildi, maddi-texniki baza möhkəmləndirildi, yüksəkixtisaslı kadrların hazır­lanmasına başlanıldı. Bütövlükdə, muxtar respublikanın elmi potensialı artdı, elmi mühit canlandı, çoxsaylı ensiklopediyalar, ümumiləşdirici əsərlər, kitab və monoqrafiyalar, elmi məqalələr nəşr olundu, fəlsəfə doktoru, elmlər doktoru hazırlığına başlandı, Dissertasiya Şuraları fəaliyyət göstərdi, akademik və müxbir üzvlər formalaşdı. Əvvəllər bunlar ancaq arzu edilirdi. Elektron kitabxanaların, nəşriyyatların yaradılması, “Xəbərlər”, “Elmi əsərlər” jurnallarının nəşri elmi mühiti xeyli canlandırdı və elmi bazanın inkişafına əsaslı təsir göstərdi. Bütün bunlar Ali Məclis Sədrinin qayğısı ilə mümkün olmuşdur.
Xalqımızın qədim dünyagörüşünün, mədəniyyətinin göstəricisi olan maddi-mədəni abidələrimizə qayğı Naxçıvanda da uğurla davam etdirilir və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birbaşa nəzarətindədir. Yeri gəlmişkən, Azərbaycan­-Fransa beynəlxalq arxeoloji ekspedisiyasının fəaliyyətindən də bəhs etmək istərdim. Ekspedisiyanın muxtar respublikanın bir neçə qədim yaşayış yerində apardığı tədqiqatlar nəticəsində Neolit, Eneolit və Tunc dövrlərinə aid I və II Kültəpə, Ovçular təpəsi, Oğlanqala, Duzdağ, Uçan ağıl, Şorsu və digər abidələrdən qədim, orta və bugünkü tariximizin yazılması üçün əhəmiyyətli tarixi materiallar əldə edilib. Araşdırmaların nəticələri ilə bağlı çoxlu sayda kitab, monoqrafiya, albom-kitab, jurnal, buklet və elmi məqalələr çap edilib, məlumatlar kütləvi informasiya vasitələrində işıqlandırılıb. Azərbaycan və Fransa beynəlxalq arxeoloji ekspedisiya layihəsinin rəhbəri Katherine Marro Ali Məclis Sədrinin 2018-ci il 24 sentyabr tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif olunub. Bəli, bütün bunlar Naxçıvanda elmi araşdırma işlərinə göstərilən böyük diqqət və qayğının təzahürüdür.
– Ötən illər ərzində müxtəlif sahələrdə elmi-tədqiqat işlərinin aparılması, Dissertasiya Şuralarının yaradılması, magistratura, rezidentura təhsil pillələrinin təşkili, Naxçıvan Müəllimlər İnstitutunda magistratura və doktorantura üzrə ayrıca bölmənin yaradılması, elmi nəşrlər, simpoziumlar muxtar respublika elminin inkişafında müasir mərhələnin əsasını qoymuşdur. Düşünürəm ki, Elmin İnkişafı Fondunun yaradılması bu baza üzərində nümunəvi elmi tərəqqinin davamı olacaq.
– Əlbəttə, bütün sahələrdə inkişaf birdən-birə olmur. Bunun üçün baza olmalıdır. Ümumiyyətlə, inkişaf təkamülə söykənməlidir. Onda bu, özünü doğruldur və qarşıya qoyulan məqsədə nail olunur. Belə bir faktı göstərə bilərik ki, keçən əsrin 90-cı illərinin ortalarında Naxçıvanda aspirant (indiki doktorant) hazırlığına başlamaq istədilər, lakin bəzi alimlər bunun əleyhinə oldular ki, biz aspirant hazırlaya bilmərik. Çünki belə təcrübə yox idi. Nə vaxt başlanılsa, təbii ki, onun çətinlikləri də olacaqdı. Artıq doktorantura, dissertantura yolu ilə fəlsəfə doktoru hazırlığına başlanılması bir zərurətə çevrilmişdi. Bunun üçün hökumətin – Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı olmalı idi. Əvvəllər Naxçıvan Dövlət Universitetinə, sonra AMEA Naxçıvan Bölməsinə və nəhayət, “Naxçıvan” Universitetinə və Naxçıvan Müəllimlər İnstitutuna bu səlahiyyətlər verildi. İndi AMEA Naxçıvan Bölməsi fəlsəfə doktoru ilə yanaşı, elmlər doktoru kimi yüksəkixtisaslı elmi dərəcəli kadrlar hazırlamaq səlahiyyətinə malikdir. Sevindirici haldır ki, görülən bu əhəmiyyətli tədbirlərin nəticəsində bu gün muxtar respublikamızda 43 elmlər, 300-dən çox fəlsəfə doktoru fəaliyyət göstərir. Ali təhsil müəssisələrində olduğu kimi, bölmədə də elm adamları müəyyən ixtiralar edir, müəlliflik şəhadətnamələri, patentlər alır, beynəlxalq və respublika səviyyəli qrant layihələrində qalib gəlirlər. Biz qürur duyur və muxtar respublika rəhbərinə dərin minnətdarlığımızı bildiririk ki, doğma diyarımız elə bir inkişaf səviyyəsinə yüksəlmişdir ki, Elmin İnkişafı Fondu yaradılmışdır. Bundan sonra muxtar respublikamızın təşkilatları, elm və təhsil işçiləri bu Fondun elan etdiyi qrant layihələrində də iştirak edəcəklər. Qürurla deyə bilərik ki, artıq Naxçıvanda Elmin İnkişafı Fondunun layihələrində iştirak etmək istəyən kadrlar formalaşıb.
– Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun yaradılmasının və məqsəd­yönlü fəaliyyətinin də elmin inkişafında əhəmiyyəti böyükdür.
– Elmin və təhsilin davamlı inkişafı muxtar respublika rəhbəri tərəfindən daim diqqət mərkəzində saxlanılır. 2014-cü il 4 sen­tyabr tarixli Fərmanla Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu təsis edilib. Bu günədək Fondun təşkilatçılığı ilə onlarla beynəlxalq və yerli səviyyəli konfranslar, seminarlar, dəyirmi masalar və disputlar keçirilib, elmi innovasiyaların, elmi yeniliklərin, layihələrin dəstəklənməsi işinə diqqət artırılıb. Bilik Fondunun maliyyə dəstəyi ilə onlarla kitab və jurnal nəşr olunaraq müvafiq qurumlara hədiyyə edilib. Əhalinin elmi-texniki, ictimai-siyasi, sosial-iqtisadi, ekoloji və humanitar biliklərinin artırılması istiqamətində işlər davam etdirilir.
Biliksiz, savadsız cəmiyyət inkişaf edə bilməz. Bilik Fondu da biliklərin qazanılması, təbliği, gənc nəslin elmi biliklərə yiyələnməsi istiqamətində fəaliyyət göstərir. Əlbəttə, biliksiz elm də inkişaf edə bilməz. Bütün ixtiralar, kəşflər biliyə, elmə əsaslanır. Hətta təsadüf nəticəsində ortaya çıxan müəyyən elmi yeniliyin səbəbi də axtarılır.
Məlum həqiqətdir ki, elm biliyə, savada əsaslanır. Bunlar olmayan yerdə hansı elmdən danışmaq olar. Tarixin bütün mərhələlərində, hətta insanların icma halında yaşadığı dövrdə belə, onlar primitiv də olsa, müəyyən biliklərə yiyələnmişlər. İnsanlar isinmək üçün odun əldə edilməsinə çalışmış, müəyyən daşların bir-birinə vurulması, sürtülməsi ilə od əldə edə bilmişlər.
– Ölkəmizdə Elm gününün təsis edilməsi isə bax, bayaqdan sadaladığınız elmi nailiyyətlərin müəlliflərinə, elmə və elm adamlarına verilən dəyərdir.
– Doğrudur. Qeyd edim ki, Azərbaycanda elmin inkişafı ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu öndərin ardıcıl diqqəti sayəsində Azərbaycan elminin mükəmməl təşkilati strukturu formalaşıb, elmi araşdırmaların həyata keçirilməsi sistemli xarakter alıb. Görkəmli dövlət xadiminin elmin inkişafına yönəlmiş fəaliyyəti dövlət başçısı cənab İlham Əliyevin də siyasətinin əsasını təşkil edir. Ölkə rəhbərinin “Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında” 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən mart ayının 27-si ölkəmizdə Elm günü kimi qeyd edilir. Bu tarix ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır. Respublika həyatının müxtəlif sahələrinin inkişaf etdirilməsində, ictimai fikrin formalaşdırılması və möhkəmləndirilməsində, dövlət müstəqilliyi uğrunda mübarizə yollarında akademiyanın böyük xidmətləri var. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması və fəaliyyəti ilə xalqımız elm sahəsində daha böyük uğurlar əldə etməyə nail olub. Akademiyanın keçdiyi çətin və şərəfli yol elmimizin inkişafının böyük bir tarixi mərhələsi kimi, həm də ölkəmizin tərəqqisində elmin, alim sözünün, ziyalı mövqeyinin geniş imkanlara malik olduğunu nümayiş etdirən elmi-ictimai hərəkatın, mədəni-texniki proseslərin də mühüm bir göstəricisidir.
– Elmin İnkişafı Fondu Nizamnaməyə uyğun olaraq dövlət və cəmiyyət üçün əhəmiyyət daşıyan, muxtar respublikanın sosial-iqtisadi və elmi-mədəni inkişafına töhfə verəcək layihələrin həyata keçirilməsini təşkil edəcəkdir. Sizcə, bu layihələrdə kimlər və necə iştirak edə bilər?
– Həmin Nizamnamə Ali Məclisin Sədri tərəfindən təsdiq olunub. Orada Fondun məqsəd və vəzifələri, funksiyaları, hüquqları, idarə edilməsi və fəaliyyətinin təşkili aydınlığı ilə göstərilib. Nizamnamənin 1.2. bəndində qeyd olunur: “Fond dövlət sifarişi əsasında təbiət, texniki, humanitar və ictimai elm sahələri üzrə elmi tədqiqatları və digər elmi tədbirləri qrant şəklində məqsədli olaraq müəyyənləşdirir”.
Elmin İnkişafı Fondunun elan edəcəyi müsabiqələrdə Naxçıvan Muxtar Respublikasında elmi müəssisə və təşkilatlar, təhsil müəssisələri, digər müvafiq qurumlar və fiziki şəxslər tərəfindən müəyyən elm sahələrinə uyğun layihələr təqdim edilə bilər. Qalib layihə müsabiqədən sonra açıqlanacaq.
– Muxtar respublikada elmin inkişafı 25 ilə yaxın yüksək diqqət və qayğıya, zəhmətə söykənib, burada elm sahəsi həmişə himayə olunub. Yeni yaradılmış Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının üzvü kimi şuranın fəaliyyətindən daha nə kimi gözləntiləriniz vardır?
– Muxtar respublikamız dayanıqlı inkişafa nail olmuşdur. Bu, bütün sahələrdə özünü göstərir. Bir neçə gün bundan əvvəl Özbəkistandan Naxçıvana gələn nümayəndə heyəti rəhbərinin müsahibəsini dinlədim, fərəhləndim, qürur hissi keçirdim. O qeyd etdi ki, Naxçıvanda görülən bu işlərə (sutəmizləyici qurğulara işarə edirdi) Özbəkistanda hələ başlanılmayıb.
Naxçıvanda son 25 ildə elmə həmişə diqqət və qayğı göstərilib, himayə edilib. Sanballı kitab və mono­qrafiyalar, ensiklopediyalar, ümumiləşdirici əsərlər Ali Məclis Sədrinin qayğısı ilə nəşr olunub. Bir sıra əsərlər – “Naxçıvan tarixi” (üç cilddə), “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” Naxçıvan Muxtar Respublikasının mükafatına, “Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” və “Tarixi mənbələrdə Nuh Peyğəmbər” əsərləri isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mükafatına layiq görülüb.
Elmin İnkişafı Fondunun yaradılması ilə əlaqədar Ali Məclisin Sədri 2019-cu il 13 sentyabr Sərəncamı ilə Himayədarlar Şurasının tərkibini də təsdiq etmişdir. Bu məsələyə muxtar respublika rəhbərinin nə qədər böyük əhəmiyyət verməsinin nəticəsidir ki, o, Himayədarlar Şurasının Sədri vəzifəsini öz üzərinə götürüb. Bu həm şuranın özünün məsuliyyətini artırır, həm də şura üzvlərinə, bütövlükdə, Elmin İnkişafı Fonduna şərəf gətirir. Təbii ki, Ali Məclis Sədrinin şuraya sədrlik etməsi hər bir şura üzvünün bu məsələyə daha obyektiv və ciddi yanaşmasını tələb edir. Qətiyyətlə inanıram ki, Himayədarlar Şurası vəzifəsini ən yüksək səviyyədə yerinə yetirəcəkdir.
– Elmin İnkişafı Fondunun fəaliyyətində elm sahəsində araşdırmaların aparılması, beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə elmi tədbirlərin – konfrans, simpozium, seminar və digərlərinin təşkili üzrə layihələrin dəstəklənməsi də nəzərdə tutulur.
– Elmin İnkişafı Fondunun müsabiqələrində beynəlxalq təcrübəyə istinad edərək deyə bilərik ki, burada həm kollektiv, həm də fərdi layihə ilə iştirak etmək mümkün olacaqdır. Əsas odur ki, təqdim olunan layihə elan olunan müsabiqənin şərtlərinə cavab versin və müəyyən elmi əhəmiyyət daşısın. Elmi tədbirlərin keçirilməsi ilə bağlı layihələri Elmin İnkişafı Fondu dəstəkləyəcək. Xarici ölkələrdə keçirilən tədbirlərə qatılmaq istəyən iddiaçılar da layihə təqdim etməklə maliyyə dəstəyi qazana bilərlər. Ümumiyyətlə, Elmin İnkişafı Fondunun müəyyən edəcəyi qrantlar böyük, orta və kiçikhəcmli, həmçinin qısamüddətli və uzunmüddətli olacaqdır. Təqdim olunan layihə bu şərtlərin birinə uyğun olmalıdır.
– Naxçıvan Muxtar Respublikası bütün dövrlərdə ölkəmizə müxtəlif sahələr üzrə böyük elmi potensiala malik ziyalılar bəxş etmişdir. Elmin İnkişafı Fondu isə bu elm dünyasına, yəqin ki, bu ziyalıların əldə etdikləri yeni elmi nailiyyətləri bəxş edəcəkdir.
– Nəinki Naxçıvan Muxtar Respublikası, bütövlükdə, Naxçıvandan çıxan, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən ziyalılarımız minlərlədir. Təkcə Orta əsrlərdə Yaxın və Orta Şərq ölkələrində nə qədər böyük elm adamlarımız çalışmışlar. Onların hər biri öz sahələrinin mükəmməl biliciləri olmuşlar. Naxçıvanskilər, Kəngərlilər, Ordubadilər, Şahtaxtinskilər, Bektaşilər və digər sadalamadığım soyadları daşıyan soydaşlarımız Naxçıvanımıza baş­ucalığı gətirmişlər. Eynilə bu fikri XX əsr haqqında da deyə bilərik. ABŞ, İngiltərə, Fransa, Rusiya, Türkiyə və başqa ölkələrdə işləyən Naxçıvanda doğulmuş çoxsaylı elm adamları vardır.
Elmin İnkişafı Fondu da muxtar respublikada yaşayıb fəaliyyət göstərən elm adamlarının inkişafına, yeni-yeni tədqiqat işləri aparmalarına təsir göstərəcəkdir.
Sonda bir daha elm adamları, ziyalılar adından elmə, elm adamlarına göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlı­ğımızı bildiririk.
– Ətraflı və maraqlı müsahibə üçün çox sağ olun.

Müsahibəni qələmə aldı:
 Mətanət MƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR