21 Dekabr 2024, Şənbə

Birləşmiş Millətlər Təşkilatının 14 oktyabr 1992-ci il tarixli qərarı ilə 3 dekabr Beynəlxalq Əlillər Günü kimi qeyd olunur.


Ölkəmizdə məhdud fiziki imkanlı şəxslər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə əsası qoyulan bu siyasət hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu sahədə qanunvericilik bazası daha da təkmilləşdirilir. Cəmiyyətin ümumi inkişaf prosesinə uyğun olaraq bu kateqoriyadan olan şəxslərin sosial təminatını daha da yaxşılaşdıran, habelə ayrı-ayrı sosial məsələlərin həllinə imkan yaradan qanunlar qəbul edilir, eyni zamanda onların maddi təminatını gücləndirmək məqsədilə yeni təqaüd və müavinətlər təsis edilir, pensiyaların və digər sosial ödənişlərin məbləği mütəmadi artırılır.
“Hər bir vətəndaş bizim üçün qiymətlidir, dəyərlidir. Fiziki cəhətdən qüsurlu insanlar isə xüsusi qayğıya layiqdirlər və biz çalışırıq ki, bunu edək”, – deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sözləri isə sağlamlıq imkanları məhdud olan şəxslərin sosial müdafiəsinin daim gücləndirilməsində öz əməli təsdiqini tapır.
Naxçıvan Muxtar Respublikasında müvafiq kateqoriyadan olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların minik avtomobilləri və texniki-bərpa vasitələri ilə təmin edilməsi, təhsil almaları, məşğulluq imkanlarının yüksəldilməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi, habelə asudə vaxtlarının səmərəli təşkili üçün hərtərəfli şərait yaradılmışdır. Naxçıvan şəhərində Əlillərin Bərpa Mərkəzinin, Uşaq Bərpa Mərkəzinin və Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin fəaliyyət göstərməsi bu kateqoriyadan olan şəxslərin müalicəsinin və reabilitasiyasının təşkilində mühüm əhəmiyyətə malikdir. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində distant təhsil mərkəzinin yaradılması isə hərəkət qabiliyyəti məhdud şəxslərin təhsilə cəlbinə geniş imkanlar yaratmışdır.

Hazırda tənha ahıl və sağlamlıq imkanları məhdud 300-ə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilir, onların sosial problemlərinin həlli və vaxtaşırı tibbi müayinədən keçmələri təmin edilir. Bununla yanaşı, sağlamlıq imkanları məhdud şəxslərin tibbi və sosial reabilitasiyası məqsədilə cari il ərzində Əlillərin Bərpa Mərkəzində 215, Uşaq Bərpa Mərkəzində 224 sağlamlıq imkanları məhdud şəxsə tibbi xidmət göstərilmişdir. Həmçinin sağlamlıq imkanları məhdud 571 nəfər texniki reabilitasiya və digər köməkçi vasitələrlə təmin edilmiş, 240 nəfərə isə protez-ortopedik xidmətləri göstərilmişdir.
Məhdud fiziki imkanlı şəxslərin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası müvafiq kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin güclənməsinə əsaslı zəmin yaradır. Bu ilin ötən dövründə bu kateqoriyadan olan 75 şəxs münasib işlə təmin olunmuş, 60 nəfər sosial xarakterli haqqıödənilən ictimai işlərə cəlb edilmiş, özünüməşğulluqlarının təmin edilməsi məqsədilə ailə üzvləri arasında sağlamlıq imkanları məhdud şəxs olan 148 ailəyə isə fərdi təsərrüfatlarını formalaşdırmaq üçün köməklik göstərilmişdir. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasında 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrasına uyğun olaraq, məhdud fiziki imkanlı qadınlar tərəfindən toxunmuş 2500 cüt yun corab, 1000 ədəd yun boyunluq və 800 ədəd yun jilet haqqı ödənilməklə təhvil alınmış və hərbi hissələrə təqdim edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası isə bu qəbildən olan uşaqların təhsil almasına, onların reabilitasiyasına, cəmiyyətə daha fəal inteqrasiyasına yeni imkanlar yaradır. Hazırda sağlamlıq imkanları məhdud uşaqlardan 49-u məktəbəqədər təhsil müəssisələrində, 992-si ümumtəhsil məktəblərində, 7 görmə məhdudiyyətli uşaq xüsusi ibtidai məktəbdə, hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən məktəbə gedə bilməyən 15 uşaq isə distant tədris prosesi vasitəsilə təhsilini davam etdirir.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların və müxtəlif kateqoriyadan olan fiziki imkanları məhdud şəxslərin cəlbi davam etdirilir. Cari ilin ötən dövründə mərkəzdə fəaliyyət göstərən bütün bölmələrə 159, həmçinin mərkəzin defektoloji bölməsinin Şərur rayon filialına 38, Ordubad rayon filialına isə 35 sağlamlıq imkanları məhdud uşaq cəlb edilmişdir. Mərkəzin defektoloji bölməsinin təlim məşğələlərində 83, kinekt oyunlarında 31, kompüter kurslarında 27, əmək terapiyasında 36, musiqi terapiyasında 39, psixoloji dəstək xidmətində 58, təlim-bərpa məşğələlərində isə 12 sağlamlıq imkanları məhdud uşaq iştirak etmişdir. Görmə məhdudiyyətli şəxslər üçün “Könül işığı”, eləcə də bu kateqoriyadan olan uşaqlar üçün “Şəfəq” adlı brayl jurnalların nəşri davam etdirilmiş, il ərzində audiokitabxana xidmətinə 22 əsər əlavə edilmişdir.
Cari il ərzində tədrisə cəlb edilmiş sağlamlıq imkanları məhdud 295 şagird məktəbli geyimi və ləvazimatları, eləcə də qış geyimi ilə təmin edilmişdir. Ümumilikdə, Dövlət proqramının icrasına uyğun olaraq uşaqlar arasında şeir, bilik, rəsm və digər növlər üzrə yaradıcılıq müsabiqələri 2021-ci ilin ötən dövründə də davam etdirilmiş, həmin müsabiqələrdə, ümumilikdə, 300-ə yaxın sağlamlıq imkanları məhdud uşaq iştirak etmişdir.
Sağlamlıq imkanları məhdud şəxslərin idman qruplarına cəlbi və onların cəmiyyətə inteqrasiyası məqsədilə muxtar respublikanın bütün rayonlarında müxtəlif idman növləri üzrə yeni idman bölmələri yaradılmış, məşqçi-müəllimlər müəyyənləşdirilmişdir. Hazırda muxtar respublika üzrə Paralimpiya Federasiyasının 16 bölməsi fəaliyyət göstərir.
Görülən bu işlərlə yanaşı, cari il ərzində ölkəmizin digər regionlarından olan 400-ə yaxın sağlamlıq imkanları məhdud şəxsin muxtar respublikaya səfərləri təşkil olunmuş, onlar Naxçıvan Diaqnostika Müalicə Mərkəzində, Duzdağ Fizioterapiya Mərkəzində və Darıdağ Arsenli Su Müalicəxanasında müalicə almışlar. Həmçinin bu səfərlər zamanı qonaqların muxtar respublikanın turizm əhəmiyyətli məkanlarına ekskursiyası və onlar üçün sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupunun konsert proqramları təşkil olunmuşdur.
Muxtar respublikada sosial-iqtisadi sahədə dinamik inkişafın təmin olunması bundan sonra da məhdud fiziki imkanlı şəxslərin rifahının daha da yaxşılaşmasına, onların cəmiyyətə aktiv inteqrasiyasına imkan verəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR