Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzində keçirilən tədbiri giriş sözü ilə mərkəzin sədri İsmayıl Qəribli açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi üçün mütəmadi tədbirlər həyata keçirilir. Cari ildə Ali Məclis Sədrinin diqqət və qayğısı ilə mərkəzin maddi-texniki bazası gücləndirilib, vətəndaşlara daha yaxşı xidmət imkanının yaradılması üçün müvafiq tədbirlər davam etdirilib, 2 yeni server avadanlığı və 37 yeni kompüterin quraşdırılması ilə Test mərkəzində eyni anda 51 namizədin imtahan verməsi üçün şərait yaradılıb.
“İnnovativ yeniliklərin tətbiqinin davam etdirilməsi nəticəsində mərkəzin 2 proqram təminatı yenidən işlənib, 2 proqram təminatı isə təkmilləşdirilib”, – deyən İsmayıl Qəribli vurğulayıb ki, tədbirdə Dövlət Qulluqçularının Reyestri Proqramı təqdim olunur. Yeni proqram dövlət qulluqçusunun “elektron şəxsi işi”nin yaradılmasına imkan verir.
Sonra mərkəzin Dövlət qulluğu məsələləri şöbəsinin müdiri Razi Məmmədov çıxış edərək slayd vasitəsilə Dövlət Qulluqçularının Reyestrinin aparılması qaydaları haqqında ətraflı məlumat verib.
Bildirilib ki, reyestrin aparılmasına dair anket forması təkmilləşdirilib və yeniliklər əlavə olunub. Dövlət Qulluqçularının Reyestrində aparılan yeniləmələrə uyğun olaraq növbəti ixtisas dərəcələrinin verilməsi haqqında məlumatı əks etdirən bölmə, arayış və sənədlər altbölməsi yaradılıb. Sənədlər altbölməsi dövlət qulluqçusunun elektron sənədlərinin toplanması, istifadəsi və arxivləşdirilməsi üçün əlverişli imkan yaradır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Qulluqçularının Reyestrinin aparılması və məlumatların reyestrə daxil edilməsi qaydaları barədə ətraflı məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
Dövlət İmtahan Mərkəzinin
mətbuat xidməti