Naxçıvan Dövlət Universitetində Gənclər və İdman Nazirliyinin hamiliyinə verilmiş ixtisaslar üzrə təhsil alan tələbələrlə görüş keçirilib. Pedaqoji fakültədə keçirilən tədbirdə fakültənin dekanı Vəli Əliyev çıxış edərək universitetdə idman sahəsində ixtisaslı kadr hazırlığının səmərəli təşkilindən danışıb.
Nazirliyin şöbə müdiri Taleh İbrahimov bildirib ki, tələbələrin xizəksürmə təlimi, “Hədəf” atış təlimi və “Vətən naminə” hərbi-idman oyununda, futbol və futzal hakimliyi ilə bağlı seminar və kurslarda iştirakı təmin edilib, ixtisas hazırlığının, nümunəvi tədrisin təşkilinə dəstək olmaq məqsədilə Naxçıvan Dövlət Universitetinə yeni idman avadanlıqları təqdim olunub. Tələbələrlə mütəmadi görüşlər keçirilir, öz uğurları ilə fərqlənənlər mükafatlandırılır. Bununla yanaşı, müxtəlif idman növləri üzrə peşəkar karyera quran tələbə idmançıların beynəlxalq arenaya çıxışı təmin olunur, bu da onların təcrübə qazanmasına səbəb olur.
Sonra tədbir diskussiya şəklində davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və
İdman Nazirliyinin mətbuat xidməti