21 Dekabr 2024, Şənbə

2021-ci il “Nizami Gəncəvi ili”dir

Müxtəlif muzey və arxiv materiallarında Naxçıvana dair orta əsrlər əlyazmalarının tekstoloji xüsusiyyətlərinə həsr olunmuş elmi əsərlərdə, tədqiqat və oçerklərdə Naxçıvanın filosof və şairlərinin adları çəkilməklə bərabər, bir çoxlarının əsərlərindən nümunələr verilməsi öz əksini tapmışdır. Naxçıvana dair əlyazma mətnləri sahəsində bu əsərlərin, sadəcə, xronoloji ardıcıllıqla tərtib olunmuş siyahısı belə, hər bir tədqiqatçının qəlbini iftixar hissi ilə doldurur. Eyni zamanda Naxçıvan haqqında yazan şair və yazıçılar özlərinin üslubları ilə seçilirlər. Bu dahi şairlərdən biri də Nizami Gəncəvidir. Mətnşünaslıq baxımından Naxçıvana dair əlyazmalarda şairin “Xosrov və Şirin” poeması daha da zəngin xarakter daşıyır.

 

XII əsrdə Naxçıvanda Azərbaycan dövlətçiliyi tarixində qüdrətli Eldənizlər – Atabəylər dövlətinin yaranması Naxçıvanda əlyazma nüsxələrinin yazılması üçün əlverişli şərait yaratdı. Atabəylər sarayında fəaliyyət göstərən alimlərin əlyazmaları indi də dünya mədəniyyət xəzinəsinin nadir incilərindəndir. “X əsrdən etibarən Azərbaycanda saray ədəbiyyatı inkişaf edir. Saray ədəbiyyatında dini mövzularla bərabər, dünyəvi mövzular da mühüm yer tuturdu. Ölkədə baş verən tarixi hadisələr, ayrı-ayrı hökmdarların tərifi bu ədəbiyyatın inkişafına kömək edirdi”.
Azərbaycan Atabəylər dövlətində Atabəy Şəmsəddin Eldənizin daimi yaşayış yeri olan Naxçıvan bölgəsinin torpaqları tac (xass) torpağı idi. Həmçinin Atabəyin ixtiyarında olan Rey öz ətrafı ilə, Həmədan vilayəti, Gəncə, Beyləqan, Şəmkir və Şutur, Ərdəbil, Səlmas, Urmiya, Xoy əyalətləri də onun xass torpaqları sırasında idi. Naxçıvanın ictimai-siyasi durumu XII-XIII əsrlərdə təkcə Yaxın Şərqdə deyil, dünya miqyasında tanınmış Azərbaycanın görkəmli şair və mütəfəkkiri Nizami Gəncəvi, elm xadimi Nəsirəddin Tusi kimi korifeylər yetişdirdi. Müasir dünyanın elə bir tanınmış kitab xəzinəsi tapmaq çətindir ki, orada bu iki dahinin əsərlərindən əlyazma nüsxələri olmasın. Naxçıvanda yaradılmış göstərilən zəngin kitab xəzinələri zaman-zaman dövrünün təbii fəlakətləri, yadelli işğalçıların hücumları və XX yüzilliyin əvvəllərində milli düşmənlərimiz tərəfindən Naxçıvan ərazisində törədilən qırğınlar zamanı məhv edilmişdir.
Mənbələrdən məlum olur ki, orta əsrlərdə Azərbaycanda kifayət qədər kitabçılıq mədəniyyəti olmuş və mütəfəkkirlər yaradılmış kitab fondundan lazımınca faydalanaraq cahanşümul əsərlər yazmışlar. Nizami Gəncəvi “İsgəndərnamə” əsərində bunu xüsusi qeyd edərək yazır:

İsgəndər haqqında heç bir əsərdə
Məlumat görmədim yığcam bir yerdə.
Ən qədim tarixi əsərlərdən mən,
Yəhudi, nəsrani, pəhləvilərdən.
Ən incə sözləri əlimə saldım,
Qabığı ataraq məğzini aldım.
Müxtəlif dillərdən yığdığım sözlər,
Bunlardan düzüldü yazdığım əsər. 

Nizami Gəncəvinin yazdığı bir neçə misrada yığcam şəkildə orta əsrlərdə Azərbaycanda mövcud olan kitab fondunun mənzərəsi verilir. Gəncə şəhərində “Dər əl-kutub” adlı kitabxanaya Azərbaycan Atabəylər hökmdarı Həddad ibn Bəkran Naxçıvanini göndərir. Y.Həmavinin verdiyi məlumata görə, həmin dövrdə Gəncədə “Dər əl-kutub” adlı böyük kitabxana fəaliyyət göstərmişdir: “Bu kitabxananın xəzinədarı isə Həddad ibn Bəkran Əbulfəzl ən-Naxçıvani imiş”.
Həddad ibn Bəkran Əbulfəzl ən-Naxçıvaninin Gəncədə “Dər əl-kutub” adlı böyük kitabxanada xəzinədar olması bir daha onu göstərir ki, o kitabxanada kitabların xəzinələri məhəlli kitablarla yanaşı, yəhudi, ərəb, nəsrani, yunan, pəhləvi və başqa dillərdə yazılmış əlyazmaları ilə də zəngin olmuşdur. Professor Kamandar Şərifli “Azərbaycan əlyazma kitabı və kitabxanaları” monoqrafiyasında yazır: “Makedoniyalı Fateh və antik dövr yunan filosofları – Fales, Əflatun, Sokrat, Aristotel və başqaları haqqında iki cilddən ibarət möhtəşəm bədii abidə yaratmış, bir düha bu baxımdan olan məxəzlərin müəyyən qismi ilə həmin dillərdə də tanış ola bilərdi. Pəhləvicə materialları isə, yəqin, elə orijinalda oxumuşdur”.
XII-XIII əsrlərdə Naxçıvanda mədəni irsə nəzər saldıqda bir daha görürük ki, Nizami yaradıcılığında mətn xüsusiyyətləri nə qədər zəngin və maraqlıdır. Nizami yaradıcılığında ən mühüm yeri tutan onun Atabəylərə həsr etdiyi “Xosrov və Şirin” əlyazma əsəridir ki, həm məna çalarları ilə, həm də poetik dünyagörüşü ilə dünyanı heyran edir. Şair əsərdə Atabəy Məhəmməd Cahan Pəhləvanı mədh edərək deyir:

Şamil olan zaman hər kəsə rəhmət,
İki sahib adı oldu Məhəmməd.
Məhəmmədin biri son Peyğəmbərdir,
Biri də son şahdır, bu gün ömr edir.
Biri dini etdi zülmdən azad,
Biri ədalətlə dünyanı abad.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi Sərəncamı ilə “Nizami ili” elan edilmiş 2021-ci ildə aparılan elmi tədqiqatlar, keçirilən çoxsaylı elmi-kütləvi tədbirlər ölkəmizdə klassik ədəbi irsimizə, milli ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli simalarına doğma münasibətin, dövlət qayğısının ifadəsidir. Eyni zamanda nizamişünaslıqda qazanılan yeni elmi nailiyətləri dünya ədəbiyyatına nadir əsərlər bəxş etmiş dahi Nizaminin irsinin milli və bəşəri dəyərlər zəminində yenidən öyrənilməsinə töhfə də hesab etmək olar.

Səbuhi İbrahimov
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, dosent

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR