21 Dekabr 2024, Şənbə

Elektron imza elektron məkanda imzalamanı təmin edən və bütün beynəlxalq təhlükəsizlik standartına cavab verən tam təkmil imzalama vasitəsidir. Yəni hər hansı bir elektron xidmətdən istifadə edərkən, elektron yazışmalar zamanı, elektron hökumət portalında qeydiyyatdan keçərkən vətəndaş öz elektron imza sertifikatı ilə kimliyini təsdiq edir, sistem onu eyniləşdirir və virtual mühitdə istədiyi əməliyyatı aparmağa imkan verir. Bir sözlə, virtual məkanda şəxsiyyətimizi təsdiq edən sənəd elektron imza sertifikatıdır.


Elektron hökumətin əsas atributlarından sayılan elektron imza muxtar respublikada da uğurla tətbiq edilməkdədir. Elektron imza sertifikatının tətbiqi və dövlət orqanlarında elektron xidmətlərin göstərilməsinin bir sıra üstünlükləri vardır. Belə ki, vaxta qənaət, məxfilik, rahatlıq, bütünlük, tanınma, işgüzar münasibətlərin və əlaqələrin tamamilə elektron formata keçirilməsini və vətəndaş-hökumət arasında elektron informasiya münasibətlərini təmin edir.
Elektron imzanın əsas mahiyyəti informasiyanı hazırlayan şəxsin həqiqiliyinin yoxlanılması və üçüncü tərəfə informasiyanı yaradan şəxsi müəyyən etməsinə imkan yaratmasıdır.
Ötən dövr ərzində muxtar respublikada 132 dövlət qurumu, 61 hüquqi şəxs, 230 sahibkar və 9-u vətəndaş olmaqla, ümumilikdə, 432 elektron imza sertifikatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
Elektron imzadan bütün vətəndaşlar, dövlət orqanları, fiziki və hüquqi şəxslər istifadə edə bilərlər. İmzanı almaq üçün qanunvericiliklə müəyyən olunmuş sənədlər Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinə təqdim olunmalıdır. Sertifikat əldə etmək üçün ödəniləcək dövlət rüsumu dövlət qurumları üçün 58 AZN, hüquqi şəxslər üçün 72 AZN, sahibkar­lar üçün 36 AZN, vətəndaşlar üçün 18 AZN təşkil edir, istifadə müddəti isə 3 ildir.
Elektron imza və ondan istifadə qaydaları barədə ətraflı məlumatları www.rabite.nmr.az saytı vasitəsilə əldə etmək olar.
Azərbaycan Respublikasının qanunlarına əsasən elektron imza ilə imzalanan elektron sənəd əl imzası ilə imzalanan və möhürlənən sənədə bərabər tutulur.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar
Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR