“Naxçıvan” Universitetində Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinə hamiliyə verilmiş Biznesin idarə edilməsi ixtisasında təhsil alan tələbələrlə keçirilən görüşü giriş sözü ilə açan universitetin rektoru, dosent Nurlana Əliyeva Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair sərəncamların icrası ilə bağlı tələbələrlə keçirilən görüşlərin əhəmiyyətindən danışıb, müvafiq Sərəncamın icrası istiqamətində universitetdə keçirilən tədbirlərin ənənə halı aldığını vurğulayıb. Diqqətə çatdırılıb ki, innovasiyaya və dayanıqlı inkişafa əsaslanan yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələrin hazırlanması hamiliyə verilən təhsil müəssisələri və hami təşkilatlar qarşısında əsas vəzifə kimi müəyyənləşdirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Azər Nağıyev bildirib ki, bugünkü tədbirin məqsədi qarşılıqlı fikir mübadiləsi aparmaqla yeni innovativ fikirlərin, layihələrin üzə çıxarılması və bu layihələrin gerçəkləşdirilməsində tələbələrə dəstək göstərməkdən ibarətdir. Xidmət rəisi rəqəmsal texnologiyalara, elektron biznesə, proqram təminatı kimi innovativ sahələrə əsaslanan startap layihələrinə tətbiq edilən vergi güzəştləri haqqında məlumat verib. Bildirib ki, 2019-cu ildən tətbiq edilən ən mühüm vergi güzəştlərindən biri də məhz mikro və ya kiçik sahibkarlıq subyektlərinə təqdim olunmuş startap layihələrinin 3 il müddətinə mənfəət və gəlir vergilərindən azad edilməsidir.
Qeyd edilib ki, müvafiq ixtisaslı tələbələrin Dövlət Vergi Xidmətinə hamiliyə verilməsi ilə bağlı 2021-2022-ci tədris ili üçün tədbirlər planı təsdiq olunub və plana uyğun olaraq tələbələrin vergi sahəsində tətbiq edilən ən son yeniliklərdən xəbərdar edilməsi üçün xidmətin əməkdaşları mütəmadi görüşlər keçirir, praktik vərdişlərə yiyələnmələri məqsədilə xidmətin və yerli vergi orqanlarının iş prosesinə cəlb olunmaları, cari əməliyyatların aparılmasında və hesabatların hazırlanmasında birbaşa iştiraklarının təmin edilməsi istiqamətində görüşlər də nəzərdə tutulub.
Dövlət Vergi Xidmətinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Qəzənfər Bayramov innovativ inkişaf sahəsində həyata keçirilən tədbirlərdən, Dövlət Vergi Xidmətinin şöbə rəisi Elçin Babayev isə muxtar respublikada son illərdə həyata keçirilən elektron sənəd dövriyyəsi layihəsi, elektron kitabxana, elektron universitet və innovativ fikirlərə əsaslanan digər startap layihələri haqqında məlumat veriblər.
Sonda suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin
mətbuat xidməti