Naxçıvan Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Xanəli Kərimlinin 70 illik yubileyinə həsr olunmuş “Şair könlü bir ümmandır” adlı ədəbi-bədii kompozisiya keçirilib.
Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti Arif Ağalarov tədbirdə şairin ədəbi yaradıcılığı haqqında məlumat verib. Vurğulanıb ki, bədii yaradıcılığa ötən əsrin 80-ci illərində başlayan Xanəli Kərimlinin ilk şeiri “Toğluqayanın Məmməd Araza məktubu” şeiridir. Bildirilib ki, 1991-1996-cı illərdə Naxçıvan Dövlət Universitetinin “Fikir” qəzetinin redaktoru, eyni zamanda 1996-1998-ci illərdə universitetin Ədəbiyyat kafedrasında müəllimliklə bərabər 1998-2014-cü illərdə Əcnəbi tələbələrlə iş üzrə fakültənin dekanı vəzifəsində fəaliyyət göstərib. Xanəli Kərimli 1987-ci ildə filologiya elmləri namizədi elmi dərəcəsi alıb.
Teatr və mədəniyyətşünaslıq kafedrasının müəllimi, Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyev Xanəli Kərimlinin yubileyinə dair Azərbaycan Yazıçılar Birliyinin “Ədəbiyyat” qəzetində çap olunan məktubunu oxuyub və şairin poeziyasından bir nümunə bədii qiraət edib.
Filologiya üzrə fəlsəfə doktoru Aypara Behbudova, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar Kamal Əhmədov yubliyarı təbrik edərək ona xoş arzularını çatdırıblar. Sonra bəstəkarın Xanəli Kərimlinin “Mən səni sevmişəm” adlı şeirə bəstələdiyi eyniadlı romanı səsləndirilib.
Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Aqib Seyidovun bədii rəhbəri olduğu Xalq çalğı alətləri kafedrasının “Şəms” instrumental ansamblının müşayiəti ilə kompozisiyanın ruhuna uyğun ifalar səsləndirilib.
Naxçıvan Aşıqlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar artisti aşıq Tural Bağırovun saz ifası tədbirə xoş ovqat bəxş edib.
Tələbə Teatr Studiyasının üzvləri, Tarix-filologiya fakültəsinin tələbələri şairin şeir və poemalarından seçmələri bədii qiraət ediblər.
Universitetin rektoru, dosent Elbrus İsayev yubliyarı təbrik edərək ona Fəxri fərman və gül dəstəsini təqdim edib. Rektor tədbirdə filologiya üzrə fəlsəfə doktoru Aypara Behbudovanı da 50 illik yubileyi münasibətilə təbrik edib.
Filologiya üzrə fəlsəfə doktoru Xanəli Kərimli göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və
ictimaiyyətlə əlaqələr bölməsi