Futbol üzrə Azərbaycan Region Liqasının Naxçıvan zonasında üçüncü turun oyunlarına yekun vurulub.
Doğma arenada Babəkin eyniadlı komandasını qəbul edən “Araz-Naxçıvan” mövsümdə ardıcıl üçüncü qələbəsini qazanıb. Naxçıvan təmsilçisi qapısından bir top buraxsa da, sonda meydanı 8:1 hesablı qələbə ilə tərk edib. Uzunoba Təlim-Məşq İdman Kompleksində Şərurun “Arpaçay” komandasını qəbul edən Şahbuzun “Batabat” komandası bu turda da yenə qələbəyə həsrət qalıb. Belə ki, şərurlular şahbuzlu həmkarlarını 8 dəfə meydanın mərkəzinə “dəvət etməli olublar” – 2:8.
Ordubad şəhər stadionunda azarkeşlər maraqlı oyunun şahidi olublar. Yerli “Dübəndi” komandası Culfanın “Əlincə” komandasını qəbul edib. Gərgin keçən görüş culfalıların 4:2 hesablı qələbəsi ilə başa çatıb. Sədərək rayonunu təmsil edən eyniadlı komanda isə ardıcıl olaraq mövsümdə üçüncü məğlubiyyətlə üzləşib. Belə ki, “Sədərək” doğma arenada bu dəfə “Kəngərli” komandası qarşısında meydanı xalsız tərk edib – 0:7.
Turnir cədvəlinə 9 xalla “Araz-Naxçıvan” başçılıq edir. Eyni xala malik “Arpaçay” ikinci, 6 xalı olan “Kəngərli” və “Əlincə” isə üçüncü və dördüncü yerləri bölüşürlər.
Ceyhun MƏMMƏDOV