21 Dekabr 2024, Şənbə

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti dekabr ayının ilk 15 günü ərzində bir sıra qərarlar qəbul edib. Belə ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə muxtar respublikada işaxtaran şəxslərin, habelə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin yaradılması məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Agentliyinin tabeliyində “Qabıllı Quşçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır.


Nazirlər Kabinetinin 2021-ci il 8 dekabr tarixli Qərarı ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nda dəyişiklik edilmişdir.
Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə “Koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 2020-ci il 21 avqust tarixli Qərarında dəyişiklik edilmişdir. Müvafiq dəyişikliyə görə Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi publik hüquqi şəxsin tibbi profilaktik tədbirləri həyata keçirən işçilərinə, pasiyentlərə stasionar tibbi xidmət göstərən və bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, həmçinin Səhiyyə Nazirliyinin təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin tibb işçilərinə və koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən digər səhiyyə müəssisələrinin tibb işçilərinin əməkhaqlarına ödənilən əlavənin müddəti noyabr ayının 1-dən 2022-ci il yanvar ayının 1-dək uzadılmışdır.
Eyni zamanda Nazirlər Kabinetinin 2021-ci il 9 dekabr tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nda və “Naxçıvan Muxtar Respublikasında dövlət qulluğu vəzifəsinin tutulması məqsədilə müsahibə elanının Forması”nda dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən “sertifikat” sözü ifadə etdiyi hüquqi mənasına uyğun olaraq “Dövlət qulluğu sertifikatı” anlayışı ilə əvəz olunmuş, barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçularının müsahibədən kənarlaşdırılması müddəti bir ildən altı aya endirilmişdir.
Nazirlər Kabinetinin eyni tarixli digər Qərarı ilə 2010-cu il 18 fevral tarixli Qərarında dəyişiklik edilərək psixi və sair xəstəliklərə tutulmuş məhkumların tibbi şəhadətləndirilməsinin keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin nəzdində xüsusi həkim ekspert komissiyasının yeni tərkibi təsdiq edilmişdir.
Bundan başqa, Nazirlər Kabinetinin 2021-ci il 9 dekabr tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzər­də tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilməsi Qaydası” təsdiq edilmişdir.
Eləcə də Nazirlər Kabinetinin 2021-ci il 13 dekabr tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Distant Təhsil Mərkəzi yaradılmış və mərkəzin fəaliyyət Qaydası təsdiq edilmişdir. Adıçəkilən Qaydaya əsasən mərkəzdə tədris sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi dövlət təhsil standartları və proqramları əsasında həyata keçirilir. Mərkəz Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin nəzdində fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqlara zəruri bilik, bacarıq və vərdişlər aşılamaqla onların cəmiyyətə uyğunlaşmasını və təhsil almaq imkanını təmin etməkdən ibarətdir. Mərkəzə cari ilin 1 sen­tyabrınadək 6 yaşı tamam olan, sağlamlıq vəziyyətinə görə ümumtəhsil məktəblərində oxuya bilməyən uşaqlar cəlb olunur. Qeyd edək ki, qanunvericiliklə müəyyən edilmiş qaydada ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyəsini başa vuran məzunlara attestat verilir.
Nazirlər Kabinetinin 2021-ci il 13 dekabr tarixli Qərarı ilə Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilmişdir. Həmin normativ-hüquqi aktlardan “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”nda edilmiş dəyişik­liyə görə əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllar, ahıl ər-arvadlar, sağlamlıq imkanları məhdud şəxslər və bu sosial kateqoriyaya aid uşaqlar, xəstəliyin terminal mərhələsində olan şəxslər evdə sosial xidmət göstərilməsi üçün “Naxçıvan Muxtar Respublikasında sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda edilmiş dəyişikliyə görə isə şəxs müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün müavinət, təqaüd və kompensasiya almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalinin sosial müdafiə mərkəzləri ilə yanaşı, şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və sağlamlıq imkanları məhdud şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə də müraciət edə bilər.
Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR