21 Dekabr 2024, Şənbə

Şərur rayonu

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə sosial-iqtisadi inkişafı diqqət mərkəzində saxlanılan bölgələrimizdən biri də qədim Şərurdur. Bu dövrdə Şərur rayonunda genişmiqyaslı tikinti-quruculuq, abadlıq tədbirləri həyata keçirilmiş, onlarca məktəblər, xəstəxanalar, mədəniyyət müəssisələri tikilib istifadəyə verilmiş, ulu öndərin bilavasitə rəhbərliyi və daimi nəzarəti ilə yaradılan Arpaçay Su Anbarı on minlərlə hektar əkinəyararlı sahənin suvarılmasına imkan vermişdir. Respublikamızda savadlı, bacarıqlı kadrların hazırlanması, mədəniyyətin və incəsənətin inkişafı, milli-mənəvi sərvətlərin, tarixi abidələrin qorunması, muzeylərin təşkili sahəsində ümummilli liderin həyata keçirdiyi ardıcıl tədbirlərdən də Şərur rayonuna xeyli pay düşmüşdür. Qarxun kəndində dəmir-beton konstruksiyaları zavodunun və qum-çınqıl karxanasının, Oğlanqala və Xələc kəndlərində mərmər sexlərinin, Sədərək, Maxta, Düdəngə, Xanlıqlar kəndlərində üzümün ilkin emalı ilə məşğul olan 6 şərab zavodunun, Radioquraşdırma Bakı İstehsalat Birliyi Şərur filialının, müasir çörək zavodunun və digər sənaye müəssisələrinin işə salınması, yeni xidmət şəbəkələrinin yaradılması, aqrar sahədə həyata keçirilən uğurlu islahatlar rayonun iqtisadiyyatının və buna müvafiq olaraq əhalinin maddi rifah halının xeyli yüksəlməsinə stimul olmuşdur. Ötən əsrin yetmişinci-səksəninci illərində rayonda yol infrastrukturu da yenilənmiş, körpülər salınmış, meliorasiya və irriqasiya tədbirləri həyata keçirilmişdir.

 

Sevindirici haldır ki, ümummilli liderin başladığı bu işlər ulu öndərin layiqli davamçısı Prezidentimiz cənab İlham Əliyev tərəfindən Azərbaycanın bütün bölgələrində, həmçinin muxtar respublikamızda, eləcə də rayonumuzda daha geniş şəkildə və müasir dövrün tələblərinə uyğun davam etdirilir. Şərurlular 1969-1985-ci illərdə və 1993-cü ildən sonrakı on ildə həyata keçirilən bu tədbirləri bu gün də ulu öndərə minnətdarlıq hissi ilə xatırlayırlar.
Dekabrın 12-də şərurlular səhər tezdən ulu öndərin əzəmətli abidəsi önünə gələrək tər çiçəklər qoymuş, dahi və unudulmaz rəhbərə sonsuz məhəbbətlərini bir daha ifadə etmiş, onun siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birliklərini nümayiş etdirmişlər.

Babək rayonu

Muxtar respublikamızın iri yaşayış məntəqələrindən olan Babək rayonunun yaranması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Hələ Azərbaycana rəhbərliyinin birinci dövründə respublikanın ucqar rayonlarının iqtisadiyyatını möhkəmləndirmək siyasətinin nəticəsi kimi 1978-ci il oktyabrın 23-də təşkil olunmuş bu rayona mərkəzi hakimiyyətin iradəsinin əksi olaraq “Babək” adının verilməsi ulu öndərimizin milli tariximizin və milli yaddaşın bərpası istiqamətində apardığı taleyüklü tədbirlərin davamı idi. Ötən dövr ərzində dahi şəxsiyyətin müəyyən etdiyi sabitlik və inkişaf yoluna göstərilən dərin sədaqətin nəticəsində rayonun yaşayış məntəqələri başdan-başa yenidən qurulub, infrastruktur yenilənib, qaz, elektrik, yol, rabitə ilə bağlı problemlərə birdəfəlik son qoyulub. Bu gün Babək rayonunun düşmənlə təmas xəttində yerləşən Gərməçataq, Aşağı və Yuxarı Buzqov kəndlərində yaradılan şərait ucqar dağ kəndlərində məskunlaşmanın artmasına imkan verib.
Babək rayonunda aparılan abadlıq-quruculuq işləri hər il davamlı xarakter alır. 2021-ci ildə rayonun Araz və Göynük kənd­lərində yeni sosial obyektlər sakinlərin istifadəsinə verilib. Kompleks quruculuq tədbirləri çərçivəsində hər iki kənddə müasir məktəb, kənd və xidmət mərkəzləri inşa olunub, yol infrastrukturu tamamilə yenilənib, sakinlərin gündəlik qayğıları həll edilib. Qeyd etmək yerinə düşər ki, hazırda rayonun Sirab kəndində məktəb binası əsaslı yenidən qurulur. Bundan başqa, cari ildə rayonun Cəhri qəsəbəsində müasir layihə əsasında yenidən tikilən tarixi məscid də dindarların istifadəsinə verilib.
Dekabrın 12-də Babək rayonunda dahi şəxsiyyətin anım günü ilə əlaqədar olaraq keçirilən mərasimdə rayon İcra Hakimiyyəti başçısı aparatının, idarə, müəssisə və təşkilatların kollektivləri xalqımızın böyük oğlunun əzəmətlə ucalan abidəsini ziyarət edib, xatirəsini dərin ehtiramla anıblar.

Ordubad rayonu

Dekabrın 12-də Ordubad rayonunun idarə, müəssisə və təşkilatlarında çalışanlar da müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyevin Ordubad şəhərindəki büstünün önünə gül qoymuş, ulu öndərin xatirəsini dərin ehtiramla yad etmişlər.

Ulu öndər Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı Ordubad, demək olar ki, tamamilə yenidən qurulub. İstifadəyə verilən 22 meqavatlıq Biləv Su Elektrik Stansiyası bu gün muxtar respublikamızın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır. Ordubad şəhərində və kəndlərimizdə həyata keçirilən kompleks quruculuq işləri nəticəsində təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə misli görünməmiş irəliləyişlər baş verib. Eləcə də qədim tarixi-memarlıq abidələrimizin, muzeylərimizin, çeşmə və bulaqlarımızın əsaslı surətdə təmir-bərpa olunması isə dövlətimizin milli-mənəvi dəyərlərimizə nə qədər önəm verdiyini göstərir. İnşa olunan Culfa-Ordubad magistral avtomobil yolu da əhalinin rahatlığının təmin olunmasına yönəlib. Bu il Nüsnüs, Dırnıs, Aşağı Əndəmic, Yuxarı Əndəmic kəndlərində kompleks qurucu­luq işləri həyata keçirilib. Ordubad şəhərində isə 1 nömrəli tam orta məktəbin və rayon Uşaq Xəstəxanasının binaları əsaslı surətdə yenidən qurularaq istifadəyə verilmiş, şəhər stadionunun inşası tamamlanmış, Ordubad şəhərində və Şəhriyar qəsəbəsində içməli su və təsərrüfat suyu xətləri yenilənmişdir. Hazırda rayonun Vələver, Kələki, Unus, Pəzməri kəndlərində aparılan quruculuq işləri yekunlaşmaq üzrədir, Ordubad və Tivi Su Elektrik stansiyalarının tikintisi aparılır, qədim Cümə məscidində isə əsaslı surətdə təmir-bərpa işləri davam etdirilir. Bütün bunlara isə ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan ideyaların Naxçıvan Muxtar Respublikasında yaşadılıb inkişaf etdirilməsi nəticəsində nail olunub.

Culfa rayonu

Respublikamızın bütün bölgələrində olduğu kimi, Culfa rayonunda da ümummilli liderin anım günündə idarə, müəssisə və təşkilatların nümayəndələri ulu öndərin xatirəsinə ehtiramlarını bildirmişlər.

Bu gün Culfa rayonu da muxtar respublikada aparılan abadlıq-quruculuq tədbirləri nəticəsində gözəl məkana çevrilmişdir. Bir-birindən yaraşıqlı inzibati və yaşayış binaları, parklar, abad prospekt və küçələr, həm şəhərdaxili, həm də rayonun kəndləri arasında salınmış asfalt yollar sakinlərin istifadəsinə verilmişdir.
İyunun 18-də Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq yeni Culfa rayonunda Külək-Günəş Hibrid Elektrik Stansiyasının – yeni tip stansiyanın istifadəyə verilməsi həm də qədim diyarda innovativ layihələrin həyata keçirilməsi baxımından diqqət çəkir. Cari ilin noyabr ayı rayonun tarixinə növbəti quruculuq ərməğanları ilə yazılmış, noyabrın 11-də Culfa şəhərində yeni inzibati bina istifadəyə verilmiş, Gigiyena və Epidemiologiya Şöbəsi və digər dövlət qurum­ları üçün hərtərəfli iş şəraiti yaradılmışdır. Culfa şəhərindəki E.Nağıyev küçəsi və ona bitişik C.Məmmədquluzadə, Ş.İ.Xətai və M.Müşfiq küçələrində əsaslı yenidənqurma işləri aparılmış, 3,4 kilometrlik avtomobil yolu yenidən qurulmuşdur. Noyabrın 11-də Culfa şəhərində 3 mərtəbəli, 18 mənzilli yaşayış binası yenidənqurmadan sonra istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı 2021-ci ilin ötən dövründə rayonun Ləkətağ kəndində “Ləkətağ kənd yaşıl turizm” istirahət sahəsinin yaradılması ilə bağlı tədbirlərə başlanılıb.
İndi fəxrlə demək olar ki, Culfa bu gün muxtar respublikanın inkişaf etmiş rayonları sırasındadır. Burada inkişaf və yüksəliş davamlı xarakter alıb və sakinlərin yaşayış səviyyəsi daha da yüksəlib, onların sabaha olan inamı artıb. Təbii ki, görülən işlər rayonun sakinləri tərəfindən minnətdarlıqla qarşılanır, xalqımızın böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilir.

Kəngərli rayonu

Dekabrın 12-də ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi muxtar respublikamızın hər yerində olduğu kimi, Kəngərli rayonunda da böyük ehtiramla yad edilmişdir. Həmin gün idarə, müəssisə və təşkilatların rəhbərləri ulu öndərimizin rayon mərkəzində əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoymuş, müstəqil Azərbaycanın qurucusunun xatirəsini dərin ehtiramla yad etmişlər.

Heydər Əliyev ideyalarının muxtar respublikamızda uğurla həyata keçirilməsi nəticəsində Kəngərli rayonunda mühüm infrastruktur layihələri reallaşdırılmış, Kəngərlinin sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermişdir. Bölgədə aparılan quruculuq və abadlıq işlərinin davamı olaraq Qıvraq qəsəbəsi burada həyata keçirilmiş yeni infrastruktur layihələri nəticəsində öz görkəmini əsaslı şəkildə dəyişərək müasir rayon mərkəzinə çevrilmişdir. İndi bu adıçəkilən məkanda ümummilli lider Heydər Əliyevin abidəsi, bir-birindən gözəl inzibati binalar, mədəniyyət və istirahət parkı, gözəl memarlıq quruluşuna malik mədəniyyət evi və digər qurucu­luq ünvanları rayon mərkəzinin simasına əsl gözəllik qatır.
Yaradılmış münbit şərait aqrar bölgə olan Kəngərlidə kənd təsərrüfatının da sürətli inkişafına təkan vermişdir. Aqrar sahənin inkişafına göstərilən dövlət dəstəyi sayəsində rayonda min hektarlarla torpaq sahəsi əkin dövriyyəsinə qatılmışdır. Noyabrın 8-də – Zəfər Günündə dövlət atributlarımıza olan sevgi və hörmətin göstəricisi, qələbənin simvolu kimi istifadəyə verilən Kəngərli Rayon Bayraq Meydanında üçrəngli dövlət bayrağımız həm də ümummilli lider Heydər Əliyevin müstəqillik ideyalarının gerçək təzahürü kimi dalğalanmaqdadır.
Rayonda inkişaf və yüksəliş davamlı xarakter almış və sakinlərin əhvali-ruhiyyəsi də yaradılan şərait hesabına daha da yüksəlmiş, insanların sabaha olan inamı artmışdır. Bu inkişaf, müasirlik və yeniləşmə ümummilli lider Heydər Əliyevin ideyalarının uğurla davam etdirilməsinin nəticələridir.

Şahbuz rayonu

Şahbuz rayonunun idarə, müəssisə və təşkilatlarının nümayəndələri ulu öndər Heydər Əliyevin Şahbuz Rayon İcra Hakimiyyətinin binası qarşısında ucalan abidəsinin önünə gələrək əziz xatirəsini ehtiramla yad etmişlər.

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə başlıca qayəsini müstəqillik, Azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur.
Qədim Naxçıvanda da bu ideologiyaya böyük ehtiram göstərilir. Bunun ifadəsidir ki, bu gün diyarımızın hər bir bölgəsi, o cümlədən Şahbuz rayonu da müasirlik donundadır. Hər ilə ayrı-ayrı ünvanlarda müxtəlif istiqamətli tikinti-quruculuq tədbirləri həyata keçirilir, ərzaq təhlükəsizliyinin təmin olunması üçün məhsul istehsalının artırılması diqqət mərkəzində saxlanılır.
Rayоnun iqtisadiyyatının əsasını təşkil еdən aqrar sahənin inkişafı məqsədilə göstərilən dövlət qayğısından hərtərəfli istifadə edən torpaq mülkiyyətçiləri torpaqların hər qarışının belə, əkilməsinə maraq göstərirlər. Rayonda meliorasiya və irriqasiya tədbirlərinin aparılmasına ehtiyacı olan və istifadə edilməyən əkinəyararlı torpaq sahələrinin də müəyyənləşdirilməsi, xəritələşdirilməsi işlərinin uğurla icrası bu sahənin inkişafında mühüm rol oynayıb. Türkeş, Badamlı, Ayrınc, Külüs, Nursu, Sələsüz, Mahmudoba və Şahbuzkənd ərazilərində bu məqsədlə xeyli işlər görülüb, nəticədə, uzunmüddətli əkilməyən əkinəyararlı torpaq sahələri əkin dövriyyəsinə qatılıb.
Görülən bütün işləri şahbuzlular unutmur, ulu öndərin xatirəsini daim uca tuturlar.

Sədərək rayonu


Sədərək rayonunun yaradılması, inkişafı və tərəqqisi bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu bölgə rayon kimi muxtar respublikanın inzibati ərazi bölgüsünə 1990-cı il avqustun 28-də daxil edilmişdir. Rayon mərkəzi Heydər­abad qəsəbəsinin əsası hələ ümummilli liderin Azərbaycana birinci rəhbərliyi dövründə qoyulmuşdur. Ötən əsrin 90-cı illərində Sədərək mənfur ermənilər tərəfindən mütəmadi hücumlara məruz qalmışdı. Naxçıvanın qala qapısı sayılan bu bölgədə 1990-1993-cü illərdə ağır döyüşlər getmişdir. Həmin illərdə buradakı ağır vəziyyətlə bilavasitə tanış olan ümummilli lider Heydər Əliyev bu hücumların qarşısının alınması üçün misilsiz xidmətlər göstərmiş, dünya ölkələrinin diqqətini burada baş verən hadisələrə yönəltmişdir. Dahi şəxsiyyətin böyük nüfuzu, uzaqgörən siyasəti nəticəsində düşmən hücumlarının qarşısı qətiyyətlə alınmış, rayonun müdafiəsi üçün mühüm addımlar atılmışdır. Ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu dövrdə rayonun sosial-iqtisadi inkişafının təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. 1 qəsəbə və 4 kənd yaşayış məntəqəsindən ibarət olan Sədərək rayonu ötən dövrdə böyük inkişaf yolu keçərək hərtərəfli tərəqqiyə qovuşmuşdur. Rayonda 5 ümumtəhsil məktəbi, 1 uşaq musiqi məktəbi, 2 uşaq bağçası, 3 səhiyyə müəssisəsi, 4 mədəniyyət, 2 idman obyekti, 2 kənd, 1 rayon mərkəzi stadionu tikilərək istifadəyə verilmişdir. Rayon mərkəzi Heydərabad qəsəbəsinin siması büsbütün dəyişmiş, yeni park və küçələr salınmış, yaşıllıqlar yaradılmış, rayonun bütün daxili yolları abadlaşdırılmışdır. Heydərabad qəsəbəsində 7 mərtəbəli 48 mənzilli yaşayış binası, Bayraq Meydanı, Radio-Televiziya Ötürücü Stansiyası tikilib istifadəyə verilmişdir.
Dekabrın 12-də Sədərək rayonunda ümummilli lider Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilmişdir. İdarə, müəssisə və təşkilat kollektivləri, ictimaiyyət nümayəndələri dahi şəxsiyyətin Heydər­abad qəsəbəsindəki büstünü ziyarət etmiş, önünə tər güllər düzmüşlər.

Xəbərlər şöbəsi

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR