21 Dekabr 2024, Şənbə

Yeni nəşrlər


Muxtar respublikamızın aparıcı elm ocaqlarından biri olmaqla Naxçıvan Dövlət Universitetində yeni tədqiqat əsərlərinin meydana çıxması və həmin əsərlərin təqdimetmə mərasimlərinin keçirilməsi artıq ənənə halını alıb. Ali təhsil müəssisəsinin İncəsənət fakültəsinin Təsviri incəsənət kafedrasının baş müəllimi Siddiqə Hacıyevanın “Naxçıvan xalçaları və tikmələri” adlı dərs vəsaitinin də təqdimetmə mərasiminin keçirilməsi bu ənənənin məntiqi davamıdır.

 

Elmi ictimaiyyətə təqdim olunan bu kitab bir çox cəhətdən dəyərləndirilməlidir. Qədim türkün yaratdığı sənət növlərindən biri olan xalçaçılığa dair xeyli fundamental tədqiqat əsərləri işıq üzü görüb. Bununla belə Siddiqə Hacıyevanın “Naxçıvan xalçaları və tikmələri” adlı dərs vəsaitində biz tamamilə təhlillərin Azərbaycançılıq ideologiyası əsasında, həm də müasir elmi meyarlara cavab verəcək səviyyədə aparıldığını görürük. Məsələ ondadır ki, Azərbaycan xalçası dünyanın bir çox məşhur muzeylərində ən qiymətli sənət nümunəsi olaraq saxlanılmaqdadır. Bu baxımdan Siddiqə Hacıyevanın bəhs etdiyimiz dərs vəsaiti xalq estetik təfəkkürünün mühüm bir istiqamətinə həsr olunması nöqteyi-nəzərindən olduqca dəyərlidir. İlk olaraq onu qeyd edək ki, vəsait xüsusi formada tərtib olunub. Belə ki, müəllif ümumi müddəalardan konkret faktlara keçidi nəzarətdə saxlamağa çalışıb. Kitabda Naxçıvan xalça və tikmə sənətini özündə əks etdirən çoxsaylı fotolarla qarşılaşırıq ki, həmin fotolarda xalçaçılıq sənətinə dair faktlar elmi məntiqlə təhlil olunub, bu zəmində Naxçıvan sənətşünaslığı yeni elmi müddəalarla zənginləşdirilib.
Təqdirəlayiq haldır ki, dərs vəsaitində verilmiş Naxçıvan xalçaları və tikmələrinə dair mədəniyyət nümunələrinin bir çoxu Siddiqə xanım tərəfindən ilk dəfə öyrənilən sənət əsərləridir. Qəti şəkildə deyə bilərik ki, bu mənada kitab Naxçıvan xalçaçılıq məktəbi sirlərinin yeni nəsillərə öyrədilməsi baxımından çox qiymətli bir əsərdir. Bu əsərlə yeni nəşr Naxçıvan xalçaşünaslıq elmi tarixinə qiymətli töhfə sayıla bilər.
Dərs vəsaitində müəllif ayrı-ayrılıqda “Xalçaçılıq naxışlarının kökü – Gəmiqaya təsvirləri”, “Xalçaçılıq tariximizdən”, “Naxçıvanda xalça sənətinin inkişafı”, “Boyaqçılıq”, “Xalçaların təsnifatı”, “Naxçıvan xalçaları” (Rayonlar üzrə), “Xalçalarda işlənən ornamentlər”, “Naxçıvan tikmələri” (təkəldüz, saya, güləbətin, muncuqlu, qurama, şəbəkə tikmə) adlı bölmələr üzrə Naxçıvanın xalçaçılıq məktəbinin qədim dövrdən bu günümüzə qədər olan tarixini, xalqın milli təfəkküründən süzülüb gəlməsini və gələcək nəsillərə bu sənətin aşılanmasını sistemli şəkildə sənətşünaslıq elmi müstəvisində təhlil obyektinə çevirib.
Siddiqə Hacıyeva xalçaçılıq naxışlarının kökünü sivilizasiyanın mərkəzi Naxçıvanın Gəmiqaya təsvirləri ilə bağlamış konkret faktları göstərib ki, bu təsvirlərdəki motivlərə o dövrün bir çox sənət nümunələrində, eləcə də xalçalarımızda rast gəlinir. Müəllif Gəmiqaya rəsmlərində rast gəlinən elementlərin piktoqrafik və ideoqrafik mahiyyətli xalça naxışlarında da əks olunmasını diqqət önünə gətirib və xalçaçılıq sənətimizin kökündə məhz Gəmiqaya təsvirlərinin izi olduğunu birbaşa oxucunun diqqətinə çatdırıb.
Diqqətə çəkilən əsas məqamlardan biri Ovçulartəpədə aşkar edilən küpələrin üzərindəki təsvirlərin eradan əvvəl V minillikdə inkişaf etmiş səviyyədə olduğu göstərilib, Gəmiqayada müxtəlif piktoqrafik səciyyəli rəmzi işarələr – dairələr, dördbucaqlar, üçbucaqlar, eləcə də çərxi-fələk və sair təsvirlərin həkk olunması qeyd edilib. Xatırladaq ki, təsvirlər içərisində, xüsusilə seçilən çərxi-fələk (dörd ünsür) ünsürü Naxçıvan xalçalarının bədii tərtibatında da geniş yayılıb. Müəllifə görə, hazırda Şərur rayonunun Maxta kəndində dövrümüzə qədər salamat qalmış orta göl hissəsindəki çərxi-fələk elementli xalça araşdırmalara görə Azərbaycanda təkdir. Xalça sənəti nümunələri üzərində rastgəlinən bu kimi elementlər Naxçıvan mədəniyyətinin Gəmiqayadan başlandığını bir daha təsdiqləyir.
“Xalçaçılıq tariximizdən” adlı bölmədə müəllif ulu xalçaçılıq sənətinin tarixinə nəzər yetirib, qədim türkün Vətənin Altayda “Pazırık” (Basırıq) deyilən yerdə V kurqandan tapılan və “Pazırık xalısı” adı ilə məşhur olan türkün qədim xalçası haqqında ətraflı məlumat verib, bu xalça üzərindəki elementləri tarixşünaslığın və sənətşünaslığın vəhdətində ətraflı araşdırmaya cəlb edib.
Dərs vəsaitinin “Naxçıvanda xalça sənətinin inkişafı” adlı bölməsində Siddiqə Hacıyeva “Əcaib-əd-dünya” əsərindən, “Hüdud-əl-Aləm” adlı traktatından sitatlar gətirib, bu sənətin Naxçıvanda inkişafının tarixinə ətraflı nəzər salıb. Dövlətin birbaşa diqqət və qayğısı sayəsində öz inkişafının yeni mərhələsini yaşayan Naxçıvan xalçaçılıq sənətində mühüm işlər görülməsi, xüsusilə əyani fotoşəkillər oxucunun diqqətinə çatdırılıb.
Dərs vəsaitinin “Boyaqçılıq” adlı bölməsində yunan tarixçisi Heredotun Naxçıvanda toxuculuq və boyaqçılığın xüsusi yer tutduğunu göstərən fikirləri qeyd olunub: “Bu yerlərin meşələrində elə ağaclar bitir ki, yerli əhali onların yarpaqlarını su ilə qarışdırıb paltarlarına naxış vurur. Bu naxışlar silinmir, parça köhnələnə qədər qalır”. Siddiqə Hacıyeva bu fikrə əsaslanıb belə qənaətə gəlir ki, təbiətdən alınan həmin boyaqlar istər xalçalara, istərsə də parçalara parlaq rəng verməklə yanaşı, onun qalıcılığını da təmin edib. Müəllif, xüsusilə vurğulayır ki, xalçanın keyfiyyəti ilə yanaşı, onun rəng çalarları da estetik baxımdan mükəmməlliyə xidmət edib.
Müəllif bir maraqlı məqama da toxunur. Bildirir ki, Naxçıvan sənətkarları boyanmış ipliklərdə boyağın möhkəmləndirilməsi üçün ən əsas xammal kimi duzdan istifadə edirdilər. Özündə 84 mineralı birləşdirən qiymətli və faydalı Naxçıvan duzu hələ qədim dövrlərdən mədəniyyətlərin mübadiləsinə təsir göstərdiyi kimi sənətdə də əhəmiyyətli rolu olub. Belə ki, iplərin bərkidilməsində Azərbaycanın digər bölgələrində zəydən istifadə edildiyi halda Naxçıvanda, əsasən, duzdan istifadə olunurdu.
Öyrənirik ki, Naxçıvanın Culfa bölgəsi və ətrafının, həmçinin təbii boyaq bitkisi – boyaqotu (marena) və “qırmızı böcək” adlanan, olduqca bahalı və qırmızı boya verən xüsusi qiymətli həşərat ilə zənginliyi burada xalçaçılığın, ümumiyyətlə, toxuculuğun inkişafını şərtləndirən amillərdən biri olub.
“Xalçaların təsnifatı” adlı bölmədə müəllif Naxçıvan xalçaçılıq məktəbinə daxil olan xalça növlərini çox sadə, anlaşıqlı bir dillə sistemli şəkildə göstərib.
“Naxçıvan xalçaları” (Rayonlar üzrə) bölməsində müəllif Naxçıvanın ayrı – ayrı rayonlarında toxunmuş xalçaları növ, kompozisiya, naxış elementləri və sair cəhətdən maraq dairəsinə cəlb edib və sistemli şəkildə təhlil obyektinə çevirib. Rayonlar üzrə hər bir xalça nümunəsinin fotosu, onun üzərində bədii elementlər və sair Siddiqə Hacıyeva tərəfindən dəqiqliklə araşdırılıb.
Müəllif dərs vəsaitinin “Xalçaçılıqda işlənən ornamentlər” bölməsində sənət abidələri üzərində ornament motivi, onun bədii xüsusiyyət və məzmunu haqqında müxtəlif məlumatlara bir çox orta əsr Şərq rəssamı və sənətşünasının əsərlərində də rast gəlindiyini söyləyir.
Əsərin dəyərini artıran amillər içərisində müqəddəs 7 rəqəminin ornamentlər sırasında mənalandırılmasıdır. Təbii ki, ən önəmli mənbələr sırasında öndə gedən Azərbaycanın zəngin istedadlar kəhkəşanında XVI əsrin məşhur miniatürçü rəssamı Sadiq bəy Əfşarın “Qanun-üs-süvər” (“Təsvirlər qanunu”) adlı risaləsində qeyd olunan ornament növlərinin 7 əsas formasının göstərilməsidir. Bunların islimi, xətai, nilufər, firəngi (Avropa tipli), bulud, vağ (əfsanəvi ağac adı) və bəndi rumidən (Bizans toru) ibarət olduğu qeyd edilir.
Maraqdoğuran məqamlardan biri də dərs vəsaitində ilk dəfə ornamentlərin müəllif tərəfindən ağac üzərində yağlı boya ilə işlənməsidir. Kitabın səhifələrini vərəqlədikcə xüsusi incəliyi ilə seçilən bu sənət nümunələrinin də şahidi oluruq.
Əsərin sonuncu bölməsi “Naxçıvan tikmələri” adlanır. Bu bölmədə Naxçıvanın qədim tikmə sənətindən tutmuş müasir dövrümüzdə işlənmiş tikmə nümunələrinə qədər bütün incə detallar müəllif tərəfindən xüsusi dəqiqliklə dərs vəsaitinə təhlil olunmuş şəkildə daxil edilib. Müəllif göstərir ki, XII-XIII əsrlərə aid edilən arxeoloji qazıntılar zamanı Naxçıvan yaxınlığından Xaraba Gilan şəhərinin dağıntıları arasında tapılmış tikmə nümunəsi ən qədim tikmə nümunəsi hesab edilir. Burada saya, şəkəri rəngli yerlikli kətan parça üzərində kalliqrafik təsvirlər yer alır.
Müəllif ilk dəfə Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrinin müxtəlif tikmə nümunələrindən ibarət işlərini də dərs vəsaitinə yerləşdirib. Qeyd etməyi özümüzə borc bilirik ki, son dövrlər bu sənətin yaşadılması istiqamətində Təsviri incəsənət kafedrasının baş müəllimi Siddiqə Hacıyevanın danılmaz xidmətləri olub. Onun birbaşa rəhbərliyi ilə təsviri incəsənət kafedrasında “Xalçaçılıq” dərnəyi fəaliyyətə başlayıb.
Siddiqə Hacıyevanın “Naxçıvan xalçaları və tikmələri” adlı dərs vəsaiti həm də maraqlı və gözoxşayan dizaynı ilə diqqəti cəlb edir. Naxçıvan xalçalarının öyrənilməsində və təbliğində yeni nəşrin böyük faydası olacağına inanır, müəllifə yeni uğurlar arzulayırıq.

Toğrul CƏFƏRLİ
Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət kafedrasının müəllimi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR