Son illər təhsil sistemində yeni inkişaf xəttinin müəyyənləşdirilməsi, bu sahədə həyata keçirilən islahatların daha da dərinləşməsi göstərir ki, təhsil sektoruna önəm dövlət siyasətinin əsas prioritetlərindən biri kimi aktuallaşır. Naxçıvan Muxtar Respublikasında da bu istiqamətlər üzrə yeniliklərin tətbiqi və inkişaf etdirilməsi üçün məqsədyönlü addımlar atılır.
Naxçıvan Dövlət Universiteti qabaqcıl texniki biliklərin tələbələrə çatdırılması işində müasir vasitə və metodların işlənib tətbiq olunduğu elm ocaqlarındandır. Bu sahədə olan yeniliklərdən biri də “Naxçıvan Dövlət Universitetinin nəzdində Texnologiyalar Parkının yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 dekabr tarixli Sərəncamı olmuşdur. Bu innovativ xarakterli sahə ali təhsil müəssisəsinin imkanlarını daha da genişləndirməklə yanaşı, innovativ layihələrin hazırlanması və tətbiqinə son dərəcə böyük imkan yaradacaq.
Ümumiyyətlə, qeyd olunmalıdır ki, belə texnoparkın yaradılması gələcəyə hesablanan faydalı kapitaldır. Bunun sayəsində büdcəyə gəlir gələcək, dövlətə vergi ödənəcək və ən əsası texnoloji biliklərə yiyələnən və bunu inkişaf etdirmək üçün lazımi şəraitlə təmin olunan yeni nəsil formalaşacaq. Bu, eyni zamanda təkcə universitet sisteminə deyil, inkişaf edərək ölkəmizdə hərb sahəsindən tutmuş digər sahələrədək səmərəli fəaliyyət mexanizminin tədbiqinə böyük töhfə olacaq.
Texnopark – vahid infrastruktur sərhədlərində elm və texniki fəaliyyətlə məşğul olan şirkətlər birliyidir. Bu yalnız zamanla əldə edilə biləcək vaxtı uzadılmış kapital qoyuluşudur. Texnoparkın əsas komponentləri innovasiya yaradan şirkətlər və komandalar, ali məktəblərin texniki və idarəedici kadrlarıdır. Finlandiyanın Otaniem texnoparkının banisi Mervi Kekiyə görə “Texnoparklar məkan deyil, prosesdir və onun əsas məqsədi şirkətlərə kömək etməkdir”. Texnoparklar universitet, sənaye, araşdırma mərkəzləri, sahibkarlar və bazarlar arasındakı əməkdaşlığı artırmaq, bilik və texnologiya transferini asanlaşdırmaq məqsədilə yüksək dəyərli tədqiqat və inkişafa söykənən qabaqcıl texnologiyalı məhsul və xidmətlərin istehsalına uyğun infrastrukturdur.
Naxçıvan Dövlət Universitetinin ərazisində texnopark üçün lazımi şərait və potensial var. Qurulacaq texnoparkda energetika, gülkarlıq, tingçilik, kənd təsərrüfatı və aqronomluq, coğrafiya, üzümçülük, meliorasiya, arıçılıq sahələri, tədris otaqları və sərgi biopark, texnopark binaları, eləcə də Nəbatat bağı fəaliyyət göstərəcəkdir. Texnoparkın layihəsində, həmçinin texnoservis, nano araşdırmalar, biotexnologiyalar, prototip mərkəzləri, proqramlaşdırma və avtomatlaşdırma otaqları, Naxçıvan məhsullarının, Microsoft şirkətinin, Naxtel 4G operatorunun, CİSCO, KOİCA, Bakunity və digər gələcək rezident şirkətlərin ofisləri, innovasiya, layihələrin əlaqələndirilməsi, informasiya texnologiyaları xidmətləri, süni intellekt elmi-tədqiqat mərkəzləri, incəsənət, dizayn və memarlıq layihələri xidməti, elektronika və digər iş otaqlarının yaradılması da nəzərdə tutulub. Layihədə Biznes inkubatoru, ideya bankı, Co-working mərkəzi, startap mərkəzləri də əks edilib.
Texnologiyalar Parkında qurulanların hamısı nanotexnologiyalara əsaslanacaq. Texnopark tələbələrin dərsləri həm nəzəri, həm də praktik olaraq mənimsəməsinə imkan verəcək. Bütün bunlar kadr potensialının inkişafı ilə yanaşı, gənclərin istedadlarının üzə çıxarılması, ideyaların reallaşması və startap təşəbbüslərinin dəstəklənməsi sahəsində mühüm addımdır.
Texnoparkların mövcud olduğu regionun və ölkənin texnoloji və iqtisadi inkişafına əhəmiyyətli töhfələr verdiyini söyləyə bilərik. Amma bunun üçün bir qədər zaman tələb olunur. Qurulmasından, təxminən, 5-10 il sonra gözlənilən nəticələrin reallaşması mümkündür. Texnoparklar qurulduqları bölgədə məşğulluq imkanlarını artırır, belə yerlərdə regional inkişaf baş verir, təhsilin səviyyəsi artır.
Texnoparklar beynəlxalq təcrübədə hələ ötən əsrin 50-ci illərində ABŞ-ın Stenford Universitetində ilk elmi-texnoloji park adı ilə yaranmışdır. Yarımkeçirici tranzistorun ixtira olunması ilə əlaqədar yarımkeçiricilər elektronikasının sürətlə inkişaf etdiyi bir dövrdə sözügedən universitet özünün istifadə etmədiyi binalarını və boş ərazilərini bu məsələ ilə məşğul olan yaradıcı kollektivlərə nisbətən ucuz qiymətə icarəyə verdi.
Dünya texnoparklarının 42 faizi ABŞ-dadır. Amerika texnoparkları, əsasən, universitet bazaları əsasında yaradılmışdır. Digər texnoparkların 34 faizi Avropa ölkələrinin, 11 faizi Çinin, 13 faizi isə digər ölkələrin payına düşür. Texnoparklar, əsasən, ali məktəblərin və iri elmi-texniki mərkəzlərin nəzdində yaradılır. Dünya təcrübəsində texnopark ideyası ən çox Şanxay və Honqkonq regionlarında reallaşdırılmışdır. Beynəlxalq təcrübədə texnoparkların fəaliyyəti üçün vacib olan şərtlərdən biri onun yerləşdiyi ərazidir. Həmin ərazi üçün əsas şərtlər – texnoparklar şəhərə yaxın yerdə yerləşməli, əhalinin yaşayışı üçün əlverişli şəraitli regionda olmalı, elmi parklar elmi-tədqiqat və təhsil müəssisəsinin bazası olan regionda və yüksəkixtisaslı elmi-tədqiqat işi ilə məşğul olan kadrlardan ibarət olmalı, elmi parklar elmi-tədqiqat işləri aparan və yeni texnologiya işləmələri hazırlamağa qadir olan elmi-tədqiqat və universitetlərə yaxın olan yerdə yerləşməlidir.
Texnoparkların modelləri bir-birindən kifayət qədər fərqlidir. Elmi Parkların Beynəlxalq Assosiasiyası (IASP) dünyanın 63 ölkəsində texnoparkların fəaliyyəti ilə əlaqədar toplanmış qabaqcıl təcrübəni təhlil edərək texnopark anlayışını ümumiləşdirən normalar, qaydalar və tələblər işləyib hazırlamış, onun qlobal xarakter daşıdığını qeyd etmişdir. Elmi park, texnoloji rayon, tədqiqat parkı və digər qurumlar arasında müəyyən fərqlərin olmasına baxmayaraq, ümumi məqsədlər, elementlər və metodologiyalar onları vahid bir anlayış – texnopark anlayışı daxilində toplamağa imkan vermişdir. Universitet texnoparkları ali məktəblər əsasında, bəzən isə universitetlə sənaye müəssisəsinin strateji əməkdaşlığı nəticəsində yaradılır. Universitet texnoparklarının yaradılmasının 3 əsas məqsədi – toplanmış elmi biliklərin kommersiyalaşdırılması, ali məktəbdə elmi işlərin cəlbediciliyini artırmağın təmin edilməsi, praktik məsələlərin nəticəsi kimi yeni biliklərin axınının təmin edilməsi olur.
Texnoparklar ölkənin innovasiya və istehsal gücünün artmasına imkan yaradır, işsizlik nisbətini azaldır, dünyadakı imicini və hörmətini artırır, elm və texnologiya səviyyəsi yüksəlir, burada ixtisaslaşmış əmək inkişaf edir və ölkə beynəlxalq bazara açılır. Naxçıvan Dövlət Universitetində elmtutumlu innovasiya şirkətlərinin inkişafı məqsədilə texnoparkın yaradılması muxtar respublikanın təhsil tarixində mühüm hadisədir, təhsilin inkişafına dünya təhsil sisteminə inteqrasiyasına mühüm töhfədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 16 iyun 2021-ci il tarixdə Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının təməlatma mərasimində iştirak etmiş, burada çıxış edərkən demişdir: “Naxçıvan Dövlət Universitetinin nəzdində Texnologiyalar Parkının yaradılması zamanın tələbidir. Çünki XX əsr texnika, XXI əsr isə texnologiyalar əsridir. Təhsil də yeni texnologiyalar üzərində tədris olunmalı və gənclər müasir dövrün tələblərinə uyğun təhsil almalıdırlar. Texnopark tələbələrin dərsləri həm nəzəri, həm də praktik olaraq mənimsəmələrinə imkan verəcəkdir”.
Heç şübhəsiz ki, Naxçıvan Dövlət Universitetində yeni yaradılacaq texnoparkdan da, bu mənada, gözləntilər çoxdur. İcra olunan planlı və strategiyalı işlər sayəsində bu sahənin yaxın gələcəyi üçün böyük ümidlər yaranır. Bu ümidlər qədim diyarın simasını da yeniləyəcək, Naxçıvanı texnologiyalar məkanına çevirəcək.
Adilə QULİYEVA
Naxçıvan Dövlət Universitetinin müəllimi