21 Dekabr 2024, Şənbə

Təhsil millətin gələcəyidir


Bu gün ölkəmizdə həyata keçirilən Dövlət proqramları və islahatlar çərçivəsində təhsilin inkişafı öndə dayanıb. Təhsildə idarəetmə, müəllim hazırlığı və digər sahələrin inkişafına xüsusi diqqət yetirilməsi də bunun ifadəsidir. Muxtar respublikada da təhsilə qayğı prioritet vəzifəyə çevrilib. Müstəqillik qazandığımız illərdə bu sahədə əldə etdiyimiz uğurları isə təhsilin bütün pillələrində görmək olar. Belə təhsil ocaqlarından biri də Naxçıvan Dövlət Texniki Kollecidir. Kollec haqqında ətraflı məlumat almaq üçün yollandıq elə həmin ünvana. Kollecin direktoru Asəf Ruşanovla həmsöhbət olduq.

 Müsahibim bildirdi ki, hazırda fəaliyyətini Naxçıvan Dövlət Texniki Kolleci kimi davam etdirən bu orta ixtisas təhsili müəssisəsi 25 fevral 1925-ci ildə Naxçıvan Muxtar Respublikasının IV Sovetlər qurultayında “Naxçıvan Kənd Təsərrüfatı Texnikumunun yaradılması haqqında” Qərarın qəbul edilməsindən sonra yaradılıb. Həmin qərara əsasən 1925-1926-cı tədris ilində Naxçıvan Kənd Təsərrüfatı Texnikumu Kənd təsərrüfatının mexanikləşdirilməsi və Aqronomluq ixtisasları üzrə 41 nəfər tələbə ilə fəaliyyətə başlayıb. 1971-ci ilin sentyabr ayınadək Naxçıvan Kənd Təsərrüfatı Texnikumu kimi fəaliyyətini davam etdirərək müxtəlif ixtisaslar üzrə kadr hazırlığı ilə məşğul olub. Həmin il texnikum Babək rayonunun Şıxmahmud kəndinə köçürülərək burada toxumçuluq sovxozu ilə birləşdirilib və M.Hüseynzadə adına Naxçıvan Sovxoz Texnikumu adını daşıyıb. Direktorun sözlərinə görə o illərdə texnikuma ölkəmizin digər rayonlarından və qonşu respublikalardan olan soydaşlarımız da təhsil almaq üçün gəlirdilər. Həmin vaxtdan 1990-1991-ci tədris ilinədək texnikum fəaliyyətini davam etdirib. Lakin aqrar islahatların başlanması və ictimai təsərrüfatların ləğv olunması ilə əlaqədar olaraq adıçəkilən orta ixtisas müəssisəsi 1991-ci ilin sentyabr ayında Naxçıvan şəhərində yerləşən tələbə yataqxanasına köçürülüb və Naxçıvan Kənd Təsərrüfatı Texnikumu adını daşıyıb, fəaliyyətini davam etdirib. 3 may 1997-ci ildən 11 sentyabr 1999-cu ilədək Naxçıvan Aqrar Sənaye Kolleci və 15 sentyabr 1999-cu il tarixdən 25 oktyabr 2002-ci ilədək yenidən Naxçıvan Kənd Təsərrüfatı Texnikumu adı altında kadr hazırlığı ilə məşğul olub. O illərdə muxtar respublikanın ehtiyac duyulan idarə, müəssisə və təşkilatları üçün yüzlərlə mütəxəssis burada təhsil alıb. Texnikum 26 avqust 2002-ci ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Naxçıvan Dövlət Texniki Kollecinə çevrilib və 25 oktyabr 2002-ci il tarixdən bu günədək bu ad altında fəaliyyətini davam etdirir.

Öyrənirik ki, təhsil ocağında tədrisin keyfiyyətinin yüksəldilməsini daim diqqətdə saxlayan muxtar respublika rəhbərinin qayğısı ilə kollec üçün ayrılmış bina əsaslı yenidənqurmadan sonra 10 oktyabr 2016-cı ildə tələbə və müəllimlərin istifadəsinə verilib.
Açılış zamanı Ali Məclisin Sədri cənab Vasif Talıbov deyib: “Bu gün muxtar respublikanın sosial-iqtisadi inkişafı və bunun nəticəsi olaraq açılan yeni iş yerləri ixtisaslı kadrlara olan tələbatı artırmışdır. Bu amillər, eləcə də texniki fənlərə artan maraq nəzərə alınaraq Şərur rayonunda Fizika-Riyaziyyat Təmayüllü Lisey yaradılmış, ali və orta ixtisas təhsili müəssisələrində yeni texniki ixtisaslar açılmışdır. Bundan sonra da muxtar respublikada texniki təhsilin məzmunu müasir tələblər baxımından yeniləşdirilməli, ixtisaslaşma aparılmalı, kadr hazırlığı əmək bazarının tələblərinə uyğun qurulmalıdır”.
5 mərtəbəli müasirtipli, 784 yerlik təhsil müəssisəsində 15 elektron lövhəli sinif otağı, kimya-biologiya, fizika, baytarlıq və innovasiya laboratoriyaları, internetə qoşulmuş 71 kompüterlə təchiz olunmuş 3 kompüter otağı, 14 fənn kabinəsi və 120 yerlik iclas zalı fəaliyyət göstərir. Kollecin kitabxanası 8880 ədəd kitab fonduna malikdir ki, burada ümummilli lider Heydər Əliyevə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə həsr edilmiş guşələr yaradılıb. Oxunması zəruri olan kitablara və qədim diyarımız Naxçıvana həsr edilmiş guşələr də öz zənginliyi ilə seçilir. Kitabxanada “Dərsliklər”, “Bədii ədəbiyyatlar”, “Ensiklopediyalar”, “Lüğətlər”, “Tarix” və “Dilçilik” adında 6 bölmə yaradılıb. Kollecin tədbirlər planına uyğun olaraq müəllim və tələbə kollektivi arasında “Oxunması zəruri olan kitablar”ın müzakirələri keçirilir, tarixi və əlamətdar günlərlə bağlı tədbirlər təşkil olunur. Bu da tələbələrin dünyagörüşünün artırılmasına, intellektual səviyyələrinin yüksəldilməsinə şərait yaradır.

İxtisaslı kadr hazırlığının sosial-iqtisadi inkişafda başlıca amil olduğunu diqqətdə saxlayan və qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün yaradılan şəraitdən səmərəli istifadə edən kollektivin uğurları getdikcə artmaqdadır. Onu da qeyd edək ki, orta ixtisas təhsili müəssisəsində müasir dövrün tələblərini nəzərə alaraq muxtar respublikanın əmək bazarının ixtisaslı kadrlarla təminatını ödəmək üçün hər il yeniliklərə imza atılır.
Asəf müəllimin sözlərinə görə, 2021-2022-ci tədris ilindən kollecin qəbul planında dəyişiklik edilib, 5 yeni Telekommunikasiya və kompüter sistemlərinin informasiya təhlükəsizliyi, Nəqliyyat vasitələrinin texniki istismarı, Lokomotiv və elektrik qatarı təsərrüfatı, Bələdiyyə işi və Aqrar təsərrüfatın təşkili ixtisasları olmaqla, hazırda, ümumilikdə, 13 ixtisas üzrə tədris aparılır. Bununla da yeni ixtisaslar hesabına qəbul planı 158-dən 183-ə qədər artıb. Kollecin uğurlarından biri də subbakalavrların ali təhsil ocaqlarına qəbuludur. Belə ki, 2019-2020-ci tədris ilində təhsil almaq üçün 44, 2020-2021-ci ildə 73, 2021-2022-ci tədris ilində təhsil almaq üçün isə 180 nəfər ali təhsil müəssisələrinə qəbul olunub.
Müsahibim deyir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” və 3 aprel 2019-cu il tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” sərəncamlarına uyğun olaraq Naxçıvan Dövlət Texniki Kollecində tədris olunan 13 ixtisas müvafiq təşkilatlara hamiliyə verilib. Müəyyən edilmiş qrafik əsasında kollecin tələbələri aidiyyəti qurumlarda olur, gələcəkdə fəaliyyət göstərəcəkləri ixtisaslar üzrə praktik məşğələlərə cəlb edilirlər. Bu da tədris məşğələlərində verilən nəzəri biliyin daha dərindən mənimsənilməsinə öz təsirini göstərir.
Öyrənirik ki, kollecin rəsmi internet saytı da fəaliyyətə başlayıb. Əgər 2020-2021-ci tədris ilində kollecə qəbul olunanlar içərisində minimum bal 92 olmuşdursa, cari tədris ilində bu göstərici 108 bal təşkil edib.
Kollecdə STEAM təhsil metodunu tədris edən Leylan Məmmədova ilə həmsöhbət olduq. O bildirdi ki, Ali Məclis Sədrinin 2021-ci il 7 iyun tarixli “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncamı ilə muxtar respublikanın təhsil sahəsində yeni bir eranın başlanğıcını qoyub. Sərəncamın icrasının təmin edilməsi məqsədilə muxtar respublikanın ümumtəhsil məktəbləri və liseyləri ilə yanaşı, ali və orta ixtisas təhsili müəssisələrində də STEAM kabinələri yaradılıb. Elə kollecdə də yaradılan kabinə yüksək səviyyədə dizayn edilmiş zəruri mebel avadanlıqları, 1 ədəd elektron lövhə, 2 ədəd kompüter, 1 ədəd 3D printer, STEAM əsaslı robot dəsti, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları ilə təmin olunub. Qeyd edim ki, STEAM yanaşmasının məqsədi aktiv, məhsuldar, tənqidi düşünməyi bacaran, bildiklərini ortaq bir istiqamətə yönəldən, məhsulu ilə ölkəsinin iqtisadiyyatına dəstək olan, bir sözlə, dünyaya fayda verə biləcək insanlar yetişdirməkdir. STEAM-ın müsbət tərəfləri olduqca çoxdur. Onun tədrisi düşünmə, əməkdaşlıq, ünsiyyət, yaradıcılıq və yenilikçilik, informasiya və kommunikasiya bacarıqlarını inkişaf etdirir. Bu bacarıqlar şagirdlərin mürəkkəb problemləri təhlil edə bilməsi, dəqiq cavabları olmayan sualları araşdırması, məlumat mənbələrini fərqli baxışlardan qiymətləndirməsi və dəlillərə əsaslanaraq müvafiq nəticələr çıxara bilməsinə yardımçı olur. Komandalar halında səmərəli işlə ortaq bir hədəfə çatmağa, uyğun informasiya və kommunikasiya texnologiyalarından istifadə edərək məhsul istehsal edə bilməyə, bir sözlə, hərtərəfli inkişafa kömək edir və şagirdləri gələcəkdə səmərəli insan resursu olaraq tutacaqları mövqelərə hazırlayır. Təhsildə başlıca simanın müəllim olduğu məlum bir həqiqətdir. Kollecdə bu məsələ də diqqətdə saxlanılır. Bu gün orta ixtisas müəssisəsində çalışan müəllimlərin 1-i fəlsəfə doktoru, 1-i isə Əməkdar müəllimdir.
Hazırda kollec qış imtahan sessiyasına hazırlaşır. Cari semestrdə 556 tələbə 172 fənn üzrə imtahan verəcək. Bu semestri də müvəffəqiyyətlə başa vurmaq üçün hərtərəfli imkanlar yaradılıb. Kollektiv əmindir ki, qış imtahan sessiyası uğurla başa çatacaq.
Muxtar respublika rəhbərinin təhsilin inkişafı sahəsində gördüyü işlər gələcəyin etibarlı təminatıdır. Çünki təhsil gələcəyin təməlidir. Sabahını düşünərək qarşıya qoyduğu hədəflərə doğru irəliləyən insan nə qədər əzmkar və nikbin təsir bağışlayırsa, gələcəyi üçün bu gündən daha etibarlı, möhkəm təməl formalaşdıran, vətəndaşları üçün layiqli həyat tərzi qurmağa çalışan dövlət də bir o qədər qüdrətli görünür. Elm və təhsildən bəhrələnməyi bacaran cəmiyyət həmişə firavan yaşayır. Təhsilə, elmə marağı ilə bu təməli yeni nailiyyətlərlə möhkəmləndirmək isə hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur.

Aytac CƏFƏRLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR