“Naxçıvan” Universitetində dekabrın 6-dan start götürən “Beynəlxalq həftə” layihəsinə bu gün yekun vurulub. Layihənin sonuncu günündə “Almaniya Günü” keçirilib.
Bu münasibətlə keçirilən tədbirdə “Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyeva keçirilən “Beynəlxalq Həftə” və onun məqsədi barədə məlumat verib.
Rektor bildirib ki, bu gün “Naxçıvan” Universiteti ölkəmizin ali məktəbləri sistemində yüksək nüfuzu, hərtərəfli inkişafı, yüksək ixtisaslı kadrların hazırlanması sahəsindəki fəaliyyəti ilə seçilir. Buna Avropanın bir sıra universitetləri ilə qurulan sıx beynəlxalq əməkdaşlıq və ali təhsil ocağının tərəfdaşı olduğu bir çox beynəlxalq layihə ilə nail olunub. Belə ki, dünyanın 52 universiteti ilə tədris və elmi sahədə əlaqə saxlayan, iki beynəlxalq universitetlər birliyinin üzvü olan “Naxçıvan” Universiteti inkişaf etmiş bütün ali təhsil müəssisələri kimi, ən müasir maddi-texniki bazaya malikdir.
Universitetin Xarici dillər fakültəsində Alman dili filologiyası ixtisasının tədris olunduğunu vurğulayan Nurlana Əliyeva bildirib ki, ali təhsil ocağında bu dili öyrənmək üçün hərtərəfli şərait mövcuddur. Ən müasir əyani tədris vəsaitləri və informasiya texnologiyaları ilə təmin olunmuş sinif otaqları, ixtisaslı müəllimlər alman dilinin yüksək səviyyədə tədrisini təmin edib.
“Naxçıvan” Universitetində artıq üçüncü dəfə olduğunu bildirən Alman Dili Tədrisi Mərkəzinin direktoru Zəhra Əliyeva bundan məmnunluğunu ifadə edib. İlk dəfə 2017-ci ildə gəldiyi ali təhsil ocağının ötən illərdə daha da inkişaf etdiyini diqqətə çatdıran Zəhra Əliyeva bunu muxtar respublikada elm və təhsilin inkişafına göstərilən diqqət və qayğının daha bir təzahürü kimi qiymətləndirib.
Alman dili Müəllimlər Birliyi idarə heyətinin sədri Lətifə Qurbanova birliyin fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, 2018-ci ildə yaradılan birliyin başlıca məqsədi Azərbaycanın orta və ali təhsil müəssisələrində alman dili fənnini tədris edən müəllimləri öz ətrafında birləşdirmək, ölkəmizdə alman dilinin inkişafına yeni töhfələr vermək və birliyinin ətrafında geniş şəbəkə yaratmaqdır. Birliyin 100-dən artıq üzvü olduğunu deyən sədr bildirib ki, birlik qısa vaxt ərzində bir çox tədbirdə iştirak edib. “Naxçıvan” Universitetində keçirilən tədbir də bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Alman Akademik Mübadilə Xidmətinin metodisti Mara-Lisa Gezer xidmətin dünya üzrə gördüyü ümumi işlər barədə məlumat verib. Bildirib ki, xidmət son illər Azərbaycanda alman dili müəllimləri üçün də çoxsaylı təlim kursları təşkil edib.
Qeyd edək ki, “Almaniya Günü”ndə Alman Dili Tədrisi Mərkəzinin direktoru, Alman dili Müəllimlər Birliyinin üzvləri - Azərbaycan Dillər Universitetinin Alman dilinin fonetikası və qrammatikası kafedrasının müdiri, Bakı Slavyan Universitetinin Alman filologiyası kafedrasının müdiri, “YFU - Azərbaycan” şagird mübadiləsi proqramının rəhbəri, Avstriya Mübadilə Xidmətinin nümayəndəsi, Gürcüstan Höte İnstitunun Azərbaycan üzrə koordinatoru iştirak edirlər. Qonaqların çıxışları dinlənilib, alman dilinin tədrisinin daha səmərəli təşkili üçün görüləcək işlərdən söhbət açılıb.
“Naxçıvan” Universitetinin mətbuat xidməti