Naxçıvan Dövlət Universitetində orta məktəb müəllimləri üçün Texnologiya müəllimliyi ixtisası üzrə ixtisasartırma kursları təşkil olunub. Bu münasibətlə keçirilən tədbirdə giriş sözü ilə çıxış edən universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov tədris üçün yaradılan yüksək şəraitdən, elmdə və təhsildə qazanılan uğurlardan söhbət açıb. Qeyd olunub ki, ali və orta ümumtəhsil məktəbləri ilə birgə belə tədbirlərin keçirilməsi, bilik və təcrübə mübadiləsi, gələcək pedaqoji fəaliyyət prinsipləri baxımından mühüm əhəmiyyət kəsb edir.
Kursun koordinatoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Quliyeva çıxış edərək vurğulayıb ki, kursun keçirilməsində əsas məqsəd orta məktəb müəllimləri ilə universitet arasında əlaqələri genişləndirməkdir. Bildirilib ki, muxtar respublikada bu formada kursların təşkil edilməsi müəllimlərin peşə bacarıqlarının möhkəmlənməsində xüsusi rol oynayır.
Sonra müəllimlər Tikiş texnologiyası, Xalçaçılıq, Toxuculuq, Ağac və metal məmulatlarının hazırlanması texnologiyaları, Kulinariya kabinələri ilə tanış olublar. Beş gün davam edəcək kurslar həmin ixtisasları əhatə edən kabinə və mərkəzlərdə hər gün 2 saat olmaqla müəyyənləşdirilib. Kurslarda 15 müəllim iştirak edir.
Naxçıvan Dövlət Universitetinin
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi