Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında yaşayış məntəqələrinin və istehsal sahələrinin təbii qazla təminatını həyata keçirmək üçün Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində təsdiq olunmuş iş planına əsasən ardıcıl tədbirlər görülür.
Ötən ay muxtar respublikanın şəhər və rayonlarından daxil olan müraciətlərə əsasən 163 mənzil (ev) və müxtəlif təyinatlı obyektlər qazlaşdırılmışdır ki, bunun 143-ü əhali, 20-si qeyri-əhali abonentdir.
Hesabat dövründə Qaz İstismar Xidmətinə tabe şəhər, rayon qaz istismarı idarələrinin qəza-dispetçer sahələrinə 104 nömrəli 24 saat aktiv olan qaynar xəttinə təbii qaz istehlakçılarından qaz sızması, qaztənzimləyicilərin nizamlanması, elektron sayğacların kilidə düşməsi və qəza-bərpa işlərinə görə, ümumilikdə, 1367 çağırış daxil olmuşdur. Çağırışlara vaxtında gedilmiş, təbii qazın nəqli bərpa edilmişdir.
Noyabr ayında muxtar respublika qaz şəbəkəsində 565 qaz sızması aşkarlanmış, texniki istismar və texniki təhlükəsizlik qaydalarının tələblərinə müvafiq sızmalar aradan qaldırılmışdır. Ay ərzində qaz boru xətlərinin yerinin dəyişdirilməsi, yaşayış binalarında təmir-tikinti, korroziyaya uğramış yeraltı yol, qapı keçidlərinin yerüstü keçidlərlə əvəz edilməsi işlərinin görülməsi ilə əlaqədar olaraq müxtəlifdiametrli polietilen və dəmir borulardan istifadə edilmişdir. Muxtar respublikada yerli qaz istismarı idarələrinin işçiləri tərəfindən qaz cihazlarından təhlükəsiz istifadə qaydaları haqqında abonentlər arasında maarifləndirmə və izahat işi aparılmışdır.
Naxçıvan Muxtar Respublikası
Qaz İstismar Xidməti