Azərbaycanın ümummilli lideri, xalqımızın xilaskar oğlu Heydər Əliyevin əziz xatirəsi Türkiyənin Qars şəhərində ehtiramla yad edilib.
Anım mərasiminin iştirakçıları əvvəlcə Qarsdakı Heydər Əliyev Parkına gələrək Ulu Öndərin burada ucalan abidəsi önünə tər çiçəklər düzüblər.
Qars Mədəniyyət Mərkəzində keçirilən anım mərasimi bir dəqiqəlik sükut, Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Ümummilli lider Heydər Əliyevin zəngin mənalı ömür yoluna aid film nümayiş olunub.
Ərzurum Atatürk Universitetinin tələbəsi Fidan Novruzzadə ulu öndər Heydər Əliyevin bioqrafiyası barədə müfəssəl məlumat verib.
Sonra Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev, Qars valisi Türker Öksüz, Qars Qafqaz Universitetinin dosenti Elnur Hasan Mikailin çıxışları olub.
Çıxışlarda ümummilli lider Heydər Əliyevin təxminən yarım əsri əhatə edən siyasi fəaliyyətinin ayrı-ayrı istiqamətlərinə toxunulub. Diqqətə çatdırılıb ki, bütün siyasi fəaliyyətini Azərbaycanın inkişafına və tərəqqisinə həsr edən Ulu Öndər böyük bir xilaskarlıq missiyası ilə Azərbaycanın dövlət müstəqilliyini təmin edib. Bu uzaqgörən strategiya Azərbaycan-Türkiyə qardaşlığını daha da möhkəmləndirib, hər iki ölkənin kompleks inkişafına və qüdrətlənməsinə əhəmiyyətli güc verib.
Qars vilayətinin baş prokuroru Soner Aygün, Qafqaz Universitetinin prorektoru Engin Kılıç, Qars Polis rəisi, Yavuz Sağdıç, Ədalət və İnkişaf partiyasının Qars vilayət təşkilatının sədri Adəm Çalkın, Ərzurum Atatürk və Qars Qafqaz universitetlərinin müəllim və tələbə heyətləri, yerli ictimaiyyətin nüfuzlu təmsilçiləri, eləcə də ətraf vilayətlərdən tanınmış şəxslər mərasimdə iştirak ediblər.