21 Dekabr 2024, Şənbə

Mütəxəssis sözü

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının həyatımızda oynadığı rol danılmazdır. Zaman keçdikcə rəqəmsal texnologiyalar müxtəlif sahələrə daha dərindən nüfuz edir. Son illərdə “Elektron hökumət” layihəsinin idarəetmədə geniş yayılması bir çox dövlət qurumlarının fəaliyyətində müxtəlif yeniliklərin tətbiqi ilə müşayiət olunur. Belə qurumlardan biri də Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətidir. Bəs bu gün xidmətdə hansı elektron yeniliklər tətbiq olunur, vətəndaş məmnuniyyəti necə təmin edilir? Suallarımızı xidmətin İnformasiya texnologiyaları və məlumat bazası şöbəsinin müdiri Arzu Məmmədov cavablandırır:

 

– İlk olaraq bildirmək istərdim ki, informasiya-kommunikasiya texnologiyalarının daşınmaz əmlakın qeydiyyatı sahəsində tətbiqi xidmətlərin əhaliyə elektron formada çatdırılmasına və vətəndaş məmnunluğunun daha da artırılmasına zəmin yaradır. Sosial faktorlar və vətəndaş amilinin gücləndirilməsi prinsipləri nəzərə alınaraq daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişafı, xidmətlərin maksimum sadələşdirilməsi, prosedurların optimallaşdırılması və vətəndaş məmnunluğunun artırılması məqsədilə daşınmaz əmlakın qeydiyyatı sahəsində mütəmadi olaraq yeniliklər tətbiq edilir. Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə əlaqədar xidmətlər sürətlə elektronlaşdırılır. Müasir informasiya-kommunikasiya texnologiyalarının daşınmaz əmlakın qeydiyyatı sahəsində tətbiq edilməsi qeydiyyat prosedurlarının xeyli sadələşdirilməsinə səbəb olmuşdur.

– Bu gün Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində əhaliyə göstərilən xidmətlərin elektronlaşdırılması istiqamətində hansı işlər görülüb?

– Təmsil etdiyim qurum son dövrlərdə fəaliyyət istiqaməti üzrə göstərdiyi xidmətlərin elektron formada təqdim olunması sahəsində mühüm işlər həyata keçirmişdir. Daşınmaz əmlakla bağlı xidmətlərin əksəriyyəti artıq elektronlaşdırılmışdır. Fəaliyyət istiqamətləri üzrə göstərilən xidmətlərin vahid platforma üzərindən elektron formada təqdim edilməsi məqsədilə xidmətin rəsmi internet səhifəsində (emlak.nakhchivan.az) “Elektron xidmətlər” portalı istifadəyə verilmişdir. Hazırda fiziki və hüquqi şəxslərə qəbul edilmiş normativ-hüquqi aktların tələbinə uyğun 23 növdə elektron xidmət göstərilir. Göstərilən xidmətlərə görə tələb olunan xidmət haqqının real vaxt rejimində onlayn qaydada ödənilməsi imkanı yaradılmışdır. Elektron çıxarışdan rahat istifadənin təmin edilməsi məqsədilə “Daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın əldə edilməsi” və “Elektron çıxarışın yoxlanılması” xidmətləri də istifadəyə verilmişdir. “Elektron çıxarışın yoxlanılması” xidmətini seçərək elektron çıxarışın reyestr və qeydiyyat nömrələrini daxil etməklə elektron çıxarışın təsvirini əldə etmək mümkündür.

– Yeri gəlmişkən bu gün xidmətə müraciət edənlərin mühüm bir qismi dövlət reyestrindən çıxarışlarla bağlı müraciət edir. Elektron çıxarışın vətəndaşlar üçün əhəmiyyətini necə izah edərdiniz?

– Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların hüquq sahiblərinə elektron formatda təqdim edilməsi imkanının yaradılması vətəndaşların daşınmaz əmlakla bağlı xidmətlərdən operativ şəkildə yararlanması üçün görülən tədbirlərin davamıdır. Çıxarışların elektron formada tərtib olunması əmlak idarəçiliyi sahəsində atılmış mühüm addımlardan biridir. Elektron çıxarışın tətbiqi təkrar qeydiyyat prosesini tamamilə elektronlaşdırıb, vətəndaş-məmur ünsiyyətini minimuma endirib, vətəndaşların əmlaklarını daha operativ şəkildə qeydiyyatdan keçirmələrinə imkan yaradıb. Müasir yanaşmaların tətbiq edildiyi elektron çıxarış kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi hallarına son qoyub. Artıq kağız çıxarışın başqa insanlar tərəfindən saxtalaşdırılması və qanunsuz istifadə edilməsi mümkün deyil. Hüquq sahibi qeydiyyat orqanına gəlmədən daşınmaz əmlaka dair çıxarışını “Elektron hökumət” portalında yaratdığı şəxsi kabinetindən elektron formada əldə edə bilir. Çıxarışlar barədə bütün məlumatlar şəxsin telefon nömrəsinə və elektron poçt ünvanına göndərilir. Bu məlumatda çıxarışın reyestr, qeydiyyat nömrələri, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki göstərilir. Həmin linkə daxil olaraq elektron çıxarışın təsvirini əldə etmək mümkündür. Hüquq sahibi daşınmaz əmlaklarına dair elektron imza ilə təsdiq edilmiş çıxarışlarına şəxsi kabinetində baxmaq üçün “Elektron xidmətlər” portalında Daşınmaz Əmlakın Dövlət Reyestrindən elektron çıxarışın əldə edilməsi” xidmətindən istifadə edə bilər.
– Vətəndaşlar üçün maraqlı məqamlardan biri də xidmətlərdən istifadə zamanı elektron ödəmələrdən yararlanmaqdır.
– Bəli, Hökumət Ödəniş Portalı ilə daşınmaz əmlakın elektron qeydiyyat sistemi arasında inteqrasiyanın təmin edilməsi daşınmaz əmlak üzərində əməliyyatların aparılması zamanı tələb olunan dövlət rüsumunun və xidmət haqlarının daha optimal qaydada ödənilməsinə şərait yaradıb. Müraciət daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edildikdə tələb olunan dövlət rüsumu və xidmət haqqı sistem tərəfindən hesablanır və bu barədə ərizəçiyə SMS bildirişi göndərilir. Vətəndaşlar müvafiq xidmətlər üçün tələb olunan dövlət rüsumu və xidmət haqlarını müraciətin qeydiyyat nömrəsinə uyğun Hökumət Ödəniş Portalı və ödəmə terminalları vasitəsilə, eləcə də xidmətin rəsmi internet səhifəsi üzərindən onlayn qaydada ödəyə bilərlər.
– Bir məsələyə də aydınlıq gətirmək yerinə düşərdi. Məlumdur ki, daşınmaz əmlakla bağlı xidmətlərdən istifadə edərkən notariat xidmətlərinə də ehtiyac duyulur. Bu sahədə hansısa bir yenilik varmı?
– Qeyd etmək istərdim ki, Daşınmaz Əmlakın Dövlət Reyestri ilə Ümumi Notariat Elektron Məlumat Sistemi arasında avtomatlaşdırılmış məlumat mübadiləsinin təmin edilməsi daşınmaz əmlaka dair notariat ofislərində aparılan əməliyyatların rahat formada həyata keçirilməsinə şərait yaradıb. Notariat ofislərində daşınmaz əmlakla bağlı müqavilələrin bağlanılması üçün elektron informasiya sistemləri vasitəsilə daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən məlumatların real vaxt rejimində əldə edilməsi təmin olunub. Notariat orqanları təsdiq olunmuş müqaviləni real vaxt rejimində qeydiyyat orqanına göndərə bilərlər. Həmçinin hüquq sahibinin istəyindən asılı olaraq daşınmaz əmlaka dair bağlanmış müqavilə qeydiyyata alınması üçün müraciət formasında elektron informasiya sistemləri vasitəsilə daşınmaz əmlakın elektron qeydiyyat sisteminə göndərilə bilər. Ümumiləşdirərək belə qənaətə gələ bilərik ki, daşınmaz əmlakın qeydiyyatı sisteminin təkmilləşdirilməsi sənədləşdirmə prosesinə sərf olunan vaxtı minimuma endirib. Daşınmaz əmlaka dair sorğuların və müraciətlərin operativ təmin edilməsinə geniş zəmin yaranıb. Onlayn rejimdə qarşılıqlı fəaliyyətin tətbiqi hüquq sahiblərinə daşınmaz əmlakla bağlı hüquqi əməliyyatların kifayət qədər sürətli və sadə şəkildə həyata keçirilməsinə imkan yaradıb.
– Müsahibə üçün sağ olun.
– Sağ olun.

Çingiz ƏHMƏDOV
Naxçıvan Muxtar Respublikası
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR