21 Dekabr 2024, Şənbə

Muxtar respublikada illər öncə müxtəlif yanacaq növlərinə olan tələbatın ödənilməsinin müşkül bir məsələyə çevrilməsini o dövrdə yaşayanlar yaxşı xatırlayırlar. İnsanların əlacı onsuz da o vaxt yaşıllığı az olan ərazilərdəki, həyətyanı sahələrdəki meyvə ağaclarına qalmışdı. Ulu öndər Heydər Əliyevin müdrik siyasətinin muxtar respublikada dönmədən və böyük ehtiramla həyata keçirilməsi qısa müddət sonra bu problemi tamamilə aradan qaldırdı. Artıq illərdir ki, hər bir naxçıvanlının evində fasiləsiz olaraq işıq da var, mavi yanacaq da. 

 

Son illərdə isə payız-qış mövsümünü mütəşəkkil keçirmək üçün bir sıra digər tədbirlərin görülməsi diqqət mərkəzinə çəkilib. Belə ki, hər il Naxçıvan Muxtar Respublikasında bu məsələ ilə əlaqədar müşavirə keçirilir, aidiyyəti qurumlar qarşısında müvafiq tapşırıqlar qoyulur. Builki müşavirədə də digər təşkilatlarla yanaşı, rayon icra hakimiyyətlərinə də tapşırıqlar verilib. Bununla əlaqədar olaraq Ordubad rayonu ilə əlaqə saxladıq. Öyrəndik ki, rayonda bu məsələ diqqət mərkəzində saxlanılaraq bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib. Məlumat üçün bildirək ki, rayon üzrə hazırda yeni tikililərlə birlikdə 130 müasirtipli istilik sistemi fəaliyyət göstərir. Onlardan 88-i qazanxanatipli, 42-si isə kombitipli istilik sistemləridir. O cümlədən Kommunal Müəssisələri Kombinatı tərəfindən 9 qazanxana vasitəsilə 15 binada 414 mənzil istiliklə təmin olunub. Həmin qazanxanalara baxış keçirilib və nasazlıqlar aradan qaldırılıb.

Təhsil sahəsi üzrə 37, idarə, müəssisə və təşkilatlarda 63, kənd və xidmət mərkəzlərində 21, hazırda tikintisi davam edən Vələver, Dırnıs, Kələki və Unus kənd xidmət və kənd mərkəzləri istifadəyə verildikdən sonra orada 25 müasir istilik sistemi fəaliyyət göstərəcək.
Ordubad Rayon Mərkəzi Xəstəxanası, onun əhatə etdiyi səhiyyə müəssisələrində mövsümlə əlaqədar bir sıra tədbirlər görülüb. Rayon Mərkəzi Xəstəxanası, 12 həkim ambulatoriyası kombi sistemi ilə, Biləv və Gənzə kənd həkim ambulatoriyaları və 15 feldşer-mama məntəqəsi yeni tikilmiş binalarda mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilib.
Rayonun Mədəniyyət Şöbəsinin tabeliyində fəaliyyət göstərən qurumlarda mövsümlə bağlı çətinliklər olmayacaq. Əvvəlcədən həyata keçirilmiş və keçirilməkdə olan tədbirlər belə deməyə tam əsas verir.
Rayon Elektrik Şəbəkəsi tərəfindən payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon ərazisində texniki itkinin aşağı salınması məqsədilə 1 transformator dövrədən açılıb, böyük gücə malik 5 transformator aşağı güclü transformatorlarla əvəz edilib, yüklərinin bərabər bölünməsi üçün tədbirlər görülüb. 19 transformator yarımstansiyası əsaslı təmir edilib. Unus-Pəzməri 10 kilovoltluq hava xəttində əsaslı təmir işləri aparılıb, Tivi 10 kilovoltluq hava xəttində istismar müddəti başa çatmış 18 elektrik dayağı yeniləri ilə əvəz olunub. Kələki kəndində də 0,4 kilovoltluq hava xəttində əsaslı təmir işləri aparılıb. Rayonda mövcud olan bütün transformatorlara texniki baxış keçirilib. Dövrədən çıxarılan transformatorlar Culfa transformator sexində əsaslı təmir edilib. Enerji israfçılığının və elektrik enerjisindən qanunsuz istifadə hallarının qarşısının alınması üçün aid orqanlarla birlikdə reydlər keçirilib, qanunsuzluq aşkarlanmayıb. Əhalini dayanıqlı və normal elektrik enerjisi ilə təmin etmək məqsədilə lazım olan hər cür mal-material əldə olunub, işçilər mövsümi geyimlərlə təmin ediliblər.

Rayonda qaz təchizatının daha da yaxşılaşdırılması üçün Dəstə, Aşağı Əndəmic və Nüsnüs kəndlərində yeni QPŞ-lər qoyulub, Dəstə kəndinin böyüklüyü nəzərə alınaraq “Dəstəbaşı” adlanan ərazidə yeni qaztənzimləyici qovşaq quraşdırılıb. Qrunt sularının gölləşərək magistral qaz kəmərinə verdiyi ziyanın qarşısını almaq məqsədilə Aza və Düylün kəndləri ərazisində magistral xəttin yeri dəyişdirilib, dayanıqlığı daha da artırmaq məqsədilə Dəstə-Ordubad arası sahədə 2 kompensator quraşdırılıb, Ordubad şəhərində qaz təchizatının dairəvi sistemə keçirilməsi başa çatdırılıb. Rayon ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri ilə əlaqədar bəzi qaz xətləri yenidən çəkilib. Rayonun şəhər və kəndlərində daşıyıcı və paylayıcı qaz xətlərində təmir bərpa işlərinin aparılması, korroziyaya uğrayan qaz borularının dəmir və polietilen borularla əvəz olunması məqsədilə, ümumilikdə, 15334 metr yeni qaz xətti çəkilib. Daxil olan müraciətlərə əsasən 48 mənzil, 4 obyekt qazlaşdırılıb. Qışa hazırlıqla əlaqədar qaz təsərrüfatına aid istismarda olan daşıyıcı, paylayıcı qaz kəmərləri və onların üzərində olan açarlara, həmçinin siyirtmələrə, qaztənzimləyici şkaflara, binadaxili 5695 qaz avadanlığına texniki baxış keçirilib, aşkar edilən nöqsanlar aradan qaldırılıb. Qaz itkisi olan istiqamətlərin müəyyən edilməsi, onları yaradan səbəblərin aradan qaldırılması üçün təxirəsalınmaz işlərin görülməsi ilə əlaqədar 387 sızma bərpa olunub. İstismar müddəti başa çatmış 71 qaz sayğacı yeniləri ilə əvəz edilib, sayğaca müdaxilənin qarşısının alınması məqsədilə intensiv reydlər keçirilib.
Ordubad Rayon Rabitə İdarəsi 36 ATS-lə rayon əhalisinə xidmət göstərir. Bu ATS-lərin 33-ü kəndləri, 3-ü isə şəhəri əhatə edir.
İdarə tərəfindən istismarda olan generatorlar, stabilizatorlar, gərginlik releləri saz vəziyyətə gətirilib, generatorlar üçün yanacaq ehtiyatı yaradılıb. Rayon Elektrik Şəbəkəsi ilə daimi əlaqə saxlamaqla elektrik verilişi ilə bağlı bütün məsələlər əvvəlcədən razılaşdırılıb. Mövsümlə əlaqədar olaraq idarənin avtomaşınlarına texniki baxış keçirilib.
Rayonun Yuxarı Əndəmic, Aşağı Əndəmic, Behrud, Yuxarı Əylis, Aşağı Əylis, Düylün, Dırnıs, Gilançay, Sabirkənd, Üstüpü, Dəstə, Gənzə, Vənənd, Vələver, Ağrı, Aza, Xanağa, Nüsnüs, Kələki, Pəzməri, Unus, Azadkənd və Dizə kəndlərində yeni dayaqlar basdırılıb, bəzi dayaqların yeri dəyişdirilib. 15 abonent qutusu quraşdırılıb, müxtəlif məsafələrə kabellər dartılıb, istismara yararsız kabellər çıxarılıb.
Rabitə İdarəsi müasir qazanxana sistemi ilə təchiz olunub, ocaqçıların təlim kursunda iştirakları təmin edilib. Mövsümlə əlaqədar əlavə ehtiyat hissələri alınıb.
Rayonun yol təsərrüfatında xeyli iş görülüb. Belə ki, kənd əhalisinin rayona gediş-gəlişini təmin etmək məqsədilə yollar daim saz vəziyyətdə saxlanılır və gündəlik nəzarət olunur. Dağlıq ərazilərdə yerləşən avtomobil yolları uçqunlardan təmizlənib, suötürücü qurğuların giriş-çıxışları açılıb. Bist-Ələhi yolunda texnika vasitəsilə hamarlanma işləri həyata keçirilib,
Aza-Ordubad-Kotam, Qoşadizə, Aza-Biləv-Parağa, Biləv-Tivi-Bist yollarında da təmir işləri həyata keçirilib, Dəstə-Vələver yolunda sel yumuş hissələr hamarlanıb, yollarda siqnal dirəkləri bərkidilib, təhlükəsizlik tədbirləri görülüb. Gənzə, Biləv-Parağa kənd yoluna səth emalı verilib. Güclü sel nəticəsində dəymiş ziyanın aradan qaldırılması məqsədilə Dırnıs kəndində 7 körpü tikilib. Azadkənddə 65 poqonometr uzunluğunda körpü, Qoşadizə-Sabirkənd arası çay üzərində piyadalar üçün 100 poqonometr uzunluğunda olan körpü təmir edilib.
Mövsümün mütəşəkkil keçirilməsi məqsədilə mexanizator və fəhlələr üçün isti paltarlar, mexanizm və maşınlar üçün ehtiyat hissələri və təkər alınıb, 80 kubmetr şor qum tədarük edilib. Rayonun digər müəssisələrində də mövsümlə əlaqədar binalarda əsaslı və cari təmir işləri aparılıb, qapı-pəncərələr və dam örtükləri saz vəziyyətə gətirilib, qazanxanalarda olan bütün çatışmazlıqlar aradan qaldırılıb.
Həyata keçirilmiş və keçirilməkdə olan tədbirlərin təməlində bir məqsəd dayanır: illərdir ki, mütəşəkkilliyi təmin olunmuş qış mövsümləri kimi növbəti dövrdə də rayon sakinləri heç bir çətinliklə üzləşməsinlər. Bu işlərin vaxtında və operativ həyata keçirilməsi özünü doğrultmaqdadır.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR