Azərbaycanda aparılan islahatlar, düşünülmüş siyasət ölkəmizin hərtərəfli inkişafını təmin edir. Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müasir qlobal çağırışlar əsasında zənginləşdirilərək, uğurla davam etdirilən milli inkişaf strategiyası ölkəmizin və xalqımızın gələcəyinə böyük nikbinliklə baxmağa imkan verir. Son on il ərzində Azərbaycan dünyada ən sürətli templə inkişaf edən dövlət kimi tanınır. Bunun başlıca səbəbi elmi əsaslara söykənən iqtisadi islahatların siyasi islahatlarla tamamlanması və uzlaşdırılmasıdır. Azərbaycanın bu təcrübəsi dünyada maraqla qarşılanır və öyrənilir.
Dövlət başçımızın qarşıya qoyduğu ən mühüm vəzifələr sırasında sosial-iqtisadi inkişafın innovativ və kreativ vasitələrlə sürətləndirilməsi mühüm yer tutur. İnnovasiya proseslərinin intensivliyinin artması hazırda qlobal iqtisadi sistemdə baş verən dəyişikliklərin mühüm istiqamətlərindəndir. İnnovasiya mühiti üçün əlverişli şəraitin yaradılması prosesi olduqca mürəkkəb və resurs həcmlidir və burada yaradıcı rol dövlətə məxsusdur. İqtisadiyyatın inkişaf etdirilməsində innovasiyaların, yeni texnologiyaların tətbiqi ilə yanaşı, iqtisadi münasibətlərin etibarlılığı və sabitliyini təmin edən, cəmiyyətin praktik olaraq əhəmiyyətli məsələlərinin ən effektiv həllinə imkan yaradan hüquqi vasitələr də xüsusi əhəmiyyət daşıyır.
İnkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycan Respublikasında da innovasiya siyasətinin həyata keçirilməsinə dövlət səviyyəsində çox böyük əhəmiyyət verilir. Nəzərə almaq lazımdır ki, müasir innovasiya siyasəti dövlətin sosial-iqtisadi siyasətinin tərkib hissəsi olmaqla, hakimiyyət orqanlarının elm, texnika və elmi-texniki nailiyyətlərinin həyata keçirilməsi sahəsində apardığı fəaliyyətin məqsədini, istiqamət və formalarını müəyyənləşdirir.
Son illər ərzində ölkəmizdə innovasiyaların tiplərinə görə ümumi sənayedə innovasiyalara çəkilən xərclərin strukturunda ciddi dəyişiklik qeydə alınmışdır. Bunun da əsas səbəbi ölkədə dövlət və özəl sektor tərəfindən sənaye sahələrinin inkişafına ayrılan investisiya qoyuluşlarının, istehsal olunan innovasiyalı sənaye məhsullarının rəqabətqabiliyyətinin və ixrac imkanlarının yüksəlməsi, daxili bazarın sənaye məhsullarına olan tələbatının artması və sair hesab olunur. Ötən dövr ərzində ölkə iqtisadiyyatının inkişafının müxtəlif istiqamətlərinin vahid Dövlət proqramları çərçivəsində tənzimlənməsi, iqtisadi inkişafın sürətləndirilməsi, sosial-iqtisadi inkişafda regionların rolunun yüksəldilməsi, iqtisadiyyat sahələrinin və regionların kompleks inkişafının təmin edilməsi nəticəsində əhalinin rifah halının və həyat standartlarının təkmilləşdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir.
Qeyd olunan ümumi inkişaf fonunda Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı və sosial həyatı da özünəməxsusluğu ilə fərqlənir. Muxtar respublika iqtisadiyyatının yeni keyfiyyət mərhələsinə yüksəlməsində son on ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarının uğurlu icrası böyük əhəmiyyət kəsb edir. İqtisadi və sosial inkişafda innovasiya amilinin nəzərə alınması son illərdə qəbul edilən mühüm dövlət proqramları və sənədlərdə aydın şəkildə ifadə olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” iqtisadiyyatın innovasiyalı inkişafını nəzərdə tutan növbəti mühüm dövlət sənədidir. Proqramda investisiya və innovasiya fəallığının artırılması üçün tədbirlərin görülməsi, yeni texnologiyaların tətbiqi əsasında yerli iqtisadi potensialın gücləndirilməsi, innovativ təsərrüfatçılıq formalarının yaradılması prioritet vəzifələr kimi qarşıya qoyulub.
Muxtar respublikamızda iqtisadi və sosial sahələrdə innovasiyaların tətbiqinə hələ yeni əsrin əvvəllərindən başlanıb. İnnovasiyalar daha təkmil texnoloji proses yaradılması, bazara yeni məhsul çıxarılması, həmçinin sosial xidmətlərə yeni tərzdə yanaşma ilə ifadə olunur. Zaman keçdikcə bütün sahələrdə innovasiyaların artan sürətlə tətbiq olunması muxtar respublikanın sosial-iqtisadi inkişafının müasir və nəzərəçarpan mənzərəsini yaradıb. İqtisadiyyatımızın sahə strukturunda mütərəqqi dəyişikliklər, ənənəvi sahələrlə yanaşı, texnoloji və elm tutumlu yeni sahələrin meydana gəlməsi, yeni məhsulların istehsalı, mövcud məhsulların yeni növ və modifikasiyalarda bazara çıxarılması ilbəil daha geniş miqyas alıb. İstehsala uzunmüddətli innovativ yanaşmanın nəticəsidir ki, hazırda muxtar respublikada 384 növdə məhsul istehsal olunur, 350 növdə məhsula tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Sənayedə və kənd təsərrüfatında müasir texnologiyaların, yeni xammal növlərinin istehsala cəlb olunması texnoloji yönümlü innovasiyaların yayılmasını sürətləndirir.
Muxtar respublikanın vergi, maliyyə və bank sektorunda innovasiyaların tətbiqi geniş vüsət alıb. Ən müasir texnologiyaların istifadəsi diqqətdə saxlanılıb, nağdsız ödəniş sistemləri, elektron bankçılıq təşəkkül tapıb və inkişaf etdirilib. Maliyyə xidmətlərinə sürətli, asan və səmərəli çıxışı təmin edən yeni ödəmə texnologiyaları, bankomatlar, ödəniş terminalları istifadəyə verilib, sürətli pulköçürmə imkanları yaradılıb. Bununla bərabər, ticarətin daha müasir, yüksək rahatlığı və funksionallığı ilə seçilən supermarketlər, alış-veriş mərkəzləri, ixtisaslaşdırılmış satış şəbəkələri vasitəsilə həyata keçirilməsi təmin edilib. Muxtar respublikada müxtəlif yarmarka və festivalların təşkili yerli məhsulların tanıdılmasına, ailə təsərrüfatlarında əmtəəlik istehsal və bazar təcrübəsinin inkişafına xidmət edən təşkilati innovasiyalardır. Ailə təsərrüfatları üçün müvafiq sahələr üzrə məsləhət və maarifləndirmə xidmətlərinin təşkili, qablaşdırma, etiketlənmə, markalanma dəstəyinin göstərilməsini də yeniliklərə aid etmək olar.
Elm və təhsil müəssisələrində yaradılan müasir informasiya-kommunikasiya infrastrukturunun interaktiv təhsil sisteminə qoşulması isə kadr hazırlığında yeni dövrün əsasını qoyub. Muxtar respublikanın informasiya-rabitə sistemi tamamilə yeni nəsil texnologiyalar əsasında qurulub, “Elektron hökumət” portalı vasitəsilə əhaliyə 300-ə yaxın elektron xidmətin göstərilməsi təmin edilib. Enerji təsərrüfatı smart texnologiyaların tətbiqi mərhələsinə yüksəlib. Muxtar respublikada istifadəyə verilmiş Günəş elektrik stansiyaları dövrümüzün ən qabaqcıl innovasiya nümunəsidir.
Bu gün kənd yaşayış məntəqələrində əhalinin bütün zəruri xidmətləri eyni məkanda əldə etməsinə imkan verən kənd və xidmət mərkəzləri, vətəndaşlara yaşadıqları ərazidə göstərilən səyyar xidmətlər, nümunəvi təsərrüfat və ailə təsərrüfatı layihələri, Ağbulaq Turizm İstirahət bölgəsi kimi muxtar respublikaya məxsus sosial və biznes yönümlü innovasiyalar orijinal ideyası və yüksək səmərəliliyi ilə seçilir.
Azad sahibkarlıq fəaliyyətinin geniş vüsət aldığı muxtar respublikada yerli ehtiyatlar hesabına müxtəlif növdə sənaye məhsulları istehsalının təşkili, aqrar sektorda emal sənayesinin genişləndirilməsi, sosial xidmət sahələrində kiçik və orta sahibkarlığın daha da gücləndirilməsi öz bəhrəsini verməkdədir. Beləliklə, sadaladığımız sahələr üzrə həyata keçirilən və görülən işlər muxtar respublikanın, bütövlükdə, sosial-iqtisadi sahələrinin inkişafının innovativ və kreativ imkanlarla sürətli şəkildə inkişafını bir daha sübut edir.
Nihad MEHBALIYEV
Naxçıvan Dövlət Universitetinin
İqtisadiyyat kafedrasının müəllimi