Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması – bütün bunlar dövlət siyasətimizin tərkib hissəsidir”. “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada sahibkarlıq inkişaf etdirilir, yeni müəssisələr yaradılır, tələbatın yerli istehsal hesabına ödənilməsi diqqətdə saxlanılır.
Dekabrın 13-də “Naxplast” Məhdud Məsuliyyətli Cəmiyyətinin plastik məmulatlar istehsalı sahəsi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək demişdir ki, bu ilin ötən dövründə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 139 layihəyə 3 milyon 826 min manat güzəştli kreditlər ayrılmış, 106 istehsal və xidmət sahəsi istifadəyə verilmiş, 50 istehsal və xidmət sahəsinin yaradılması davam etdirilmişdir. Bu gün istifadəyə verilən polietilen məmulatlar istehsalı sahəsi də rəqabətədavamlı məhsul istehsal etməklə iqtisadi inkişafa mühüm töhfə verəcəkdir. Cəmiyyətin polietilen məhsulların istehsalı üzrə layihəsi ekspertiza edilərək müsbət qiymətləndirilmiş, fəaliyyətinin stimullaşdırılması məqsədilə investisiya təşviqi sənədi verilmişdir. Müəssisə daxili tələbatı keyfiyyətli yerli məhsullar hesabına ödəyəcəkdir. İstehsal olunan məhsulların ölkəmizin digər regionlarına da satışı nəzərdə tutulmuşdur. Tapdıq Əliyev muxtar respublika sahibkarları adından yаrаdılan şərаitə görə minnətdarlıq etmişdir.
Müəssisədə işlə təmin olunan operator Səkinə Məmmədova kollektiv adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Yeni müəssisənin məhsulları həm məişətdə, həm də sənayedə və kənd təsərrüfatında geniş istifadə olunacaqdır. Muxtar respublikada plastik məmulatlara olan tələbat idxal hesabına həyata keçirilirdi. Lakin müəssisənin fəaliyyətə başlaması ilə tələbat tam yerli istehsal hesabına ödəniləcək və ixrac imkanları yaranacaqdır. Müəssisənin vacibliyi nəzərə alınaraq sahibkara dəstək verilmiş, Sahibkarlığın İnkişafı Fondu tərəfindən kredit ayrılmış, bir sözlə müəssisə sahibkarın və dövlətin vəsaiti hesabına yaradılmışdır. Nəticədə, həm yeni iş yerləri açılmış, həm də daxili bazar qorunmuşdur.
Ali Məclisin Sədri müəssisənin qurulmasında əməyi olanlara və təşkilatçılara təşəkkürünü bildirərək demişdir: Sənaye müəssisələri, ilk növbədə daxili bazarı yerli istehsal məhsulları ilə təmin etməlidir. Bu gün ölkəmizdəki sabitlik və inkişaf, sahibkarlara göstərilən dövlət qayğısı, verilən kreditlər və daxili bazarın qorunması imkan verir ki, yeni sahibkarlar formalaşsın, kiçik müəssisələr inkişaf edərək böyük sənaye müəssisələrinə çevrilsinlər. Plastik məmulatlar istehsalı müəssisəsinin qurulması da yeni iş yerlərinin açılması ilə yanaşı, muxtar respublikada bu sahə üzrə mütəxəssislərin formalaşmasına da imkan verəcəkdir. Həmçinin muxtar respublikada bu sahədə əvvəllər tullantı formasında olan məhsullar yenidən xammal kimi təkrar istehsala cəlb olunacaqdır. Bu da ekoloji baxımdan mühüm əhəmiyyət daşıyır.
Ali Məclisin Sədri demişdir: Muxtar respublikada yerli xammalla işləyən sənaye müəssisələrinin yaradılmasına üstünlük verilir. Ona görə ki, müəssisənin daşıma xərcləri azalır, keyfiyyətli və ucuz məhsul istehsal olunur. Hazırda muxtar respublikada yerli xammala əsaslanan yeni duz və bitki yağlarının istehsalı müəssisələri qurulur. Plastik məmulatlar istehsalı müəssisəsinin xammalının müəyyən hissəsi xarici ölkələrdən və Bakı şəhərindən gətiriləcək, digər hissəsi isə təkrar istehsal hesabına təmin ediləcəkdir. Ona görə də Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi müəssisənin bundan sonra rentabelli işləməsi üçün tədbirlər görməli, daxili bazar qorunmalıdır. Müəssisə isə fəaliyyətini elə qurmalıdır ki, daxili bazarı təmin etməklə yanaşı, ixrac imkanları da olsun. Xarici bazarlar araşdırılmalı, istehsal olunan məhsulların ixracı təmin edilməlidir. Çünki ixrac imkanı olmayan müəssisə gələcəkdə öz fəaliyyətini genişləndirə bilməz.
Ali Məclisin Sədri kollektivi təbrik etmiş və müəssisəni işə salmışdır.
Məlumat verilmişdir ki, yeni müəssisə sənaye sahəsində idxaldan asılılığın azaldılması, ixrac potensialının artırılması və yeni iş yerlərinin açılmasına imkan verəcəkdir. Müəssisədə Türkiyə istehsalı olan müasir avadanlıqlar quraşdırılmış, 30 nəfər işlə təmin olunmuşdur. İllik istehsal gücü 1440 ton olan müəssisədə polietilen şirinq, masa örtüyü, müxtəlif polietilen torbalar olmaqla, 15 çeşiddə məhsul istehsal olunacaqdır. İstehsal sahəsi ilə yanaşı, müəssisədə hazır məhsul və xammal anbarı, yeməkxana, mətbəx, 5 iş otağı, avtomobil dayanacağı və digər xidmət otaqları yaradılmışdır.
Müəssisənin fəaliyyətə başlaması məşğulluğun təmin olunması və daxili tələbatın ödənilməsi ilə yanaşı, həm də bu sahədə yerli mütəxəssislərin formalaşmasına da şərait yaradacaqdır. Müəssisə polietilen tullantıların təkrar istifadəsini təmin etməklə isə ekoloji təmizliyin qorunmasına töhfə verəcəkdir.
Ərazidə təhlükəsizlik kameraları və yanğından mühafizə sistemi quraşdırılmış, müəssisə 2 yük avtomobili və 1 avtoyükləyici ilə təmin olunmuşdur.
Sahibkar Ceyhun Abdullayev yaradılan şəraitə görə minnətdarlıq etmiş, daha səylə çalışacaqlarını bildirmişdir.
Ali Məclisin Sədri müəssisədə istehsal olunan məhsulların keyfiyyətinə nəzarət olunması, məhsul çeşidinə diqqət yetirilməsi, plastik tullantıların yığılaraq müəssisəyə təhvil verilməsinə köməklik göstərilməsi və yeni istehsal sahələrinin yaradılması barədə tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti