21 Dekabr 2024, Şənbə

1948-ci il dekabrın 10-da Birləşmiş Millətlər Təşkilatı Baş Məclisi İnsan Hüquqları haqqında Ümumi Bəyannamə qəbul etmişdir. Həmin tarixdən etibarən hər il dekabrın 10-u bütün dünyada “İnsan Hüquqları Günü” kimi qeyd olunur.


Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan müstəqil Azərbaycanda həyata keçirilmiş genişmiqyaslı islahatlar, insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində baş verən köklü dəyişikliklər məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider tərəfindən həyata keçirilmiş hüquq islahatları Azərbaycanda demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş yeni hüquq sisteminin formalaşmasına zəmin yaratmışdır. Ölkəyə rəhbərlik etdiyi dövrlərdə insan hüquq və azadlıqlarının qorunmasına diqqət yetirən ulu öndər demişdir: “Bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları bu gün hamının anladığı və ya anlamalı olduğu əvəzsiz nailiyyətdir. İnsan hüquqlarına hörmət, insan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur”.
1995-ci il noyabrın 12-də ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu və insan hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbul olunması ölkəmizdə insan hüquq və azadlıqlarına əsaslanan yeni dövlət quruculuğunun əsasını qoymuş, hüquq islahatlarının keyfiyyətcə yeni mərhələsinin başlanmasına təkan vermiş, çox mühüm normativ-hüquqi aktlar və bir sıra Dövlət proqramları qəbul edilmişdir. Ulu öndər tərəfindən imzalanan “İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 22 fevral tarixli Fərman və “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 18 iyun tarixli Sərəncam ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərin mahiyyətini və konsepsiyasını dəqiq müəyyənləşdirməklə insan hüquqlarının davamlı inkişafını təmin etmiş, qanunvericilik və institusional islahatlara təkan vermişdir. 1996-2000-ci illərdə insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı mühüm beynəlxalq konvensiyalara, sazişlərə qoşulan Azərbaycan Respublikası 2001-ci ildə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasını ratifikasiya etmişdir. Avropa Şurasının bu mühüm sənədinə münasibət bildirməklə Azərbaycan beynəlxalq təşkilatla sıx əməkdaşlığa hazır olduğunu və insan hüquqlarının qorunması sahəsində öz üzərinə götürdüyü öhdəliklərə sadiqliyini bir daha bəyan etmişdir.
Bu gün Azərbaycanın müasir inkişafı dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə kompleks tədbirlər həyata keçirilir. Demokratik, hüquqi dövlətin qanunun aliliyi, insan hüquqları və sosial ədalət kimi fundamental əsaslarının möhkəmləndirilməsi məqsədilə Prezident cənab İlham Əliyev tərəfindən 2006-cı ildə qəbul edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” və 2011-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmişdir.
“Hər bir ölkə yalnız sabitlik, təhlükəsizlik və sülh şəraitində çətinlikləri aradan qaldıra və inkişaf edə bilər. Azərbaycanın nümunəsi bir daha bunu əyani şəkildə təsdiq edir”, – deyən ölkə başçısının uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycan bu gün öz iqtisadi qüdrətini daim artıran, eyni zamanda mütərəqqi beynəlxalq normalara uyğun insan hüquq və azadlıqları sistemini formalaşdıran dövlətə çevrilmişdir. Cənab Prezidentin apardığı gərgin daxili və xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzu artmış, dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini dəstəkləyərək, ölkəmizin ərazi bütövlüyünü tanımışdır.
Cənubi Qafqazda ən qüdrətli və güclü orduya malik olan ölkəmiz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüququn hamılıqla tanınmış ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında qeyd-şərtsiz həll olunması sahəsində zəruri addımlar atmışdır. Bütün bunlara baxmayaraq, 27 sentyabr 2020-ci il tarixdən başlayaraq Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onlara əlavə edilmiş protokolları, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq Azərbaycana qarşı həyata keçirdiyi növbəti hərbi təcavüz aktı nəticəsində mülki əhali arasında tələfat olmuş, təhsil və səhiyyə müəssisələri, sosial, mədəni, tarixi, dini obyektlər ağır artilleriya qurğularından və qadağan olunmuş silahlardan istifadə edilməklə dağıdılmışdır. Ölkəmiz erməni təxribatının qarşısını almaq məqsədilə Vətən müharibəsinə başlamış və rəşadətli Ordumuz 30 il işğal altında olan torpaqlarımızı azad edərək noyabrın 10-da tarixi qələbə qazanmış, bununla da Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpasına nail olunmuşdur. Bu qələbə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun şücaəti nəticəsində mümkün oldu. Vətən müharibəsi bir daha göstərdi ki, hərbçilərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədirlər. Bütün bunlar həm də dövlət-xalq-ordu birliyinin nəticəsidir. Xalqla ordu arasında möhkəm əlaqənin, sarsılmaz birliyin mövcud olması ordumuzun gücünü daha da artırır.
Təhlükəsizliyin carçısı rolunda çıxış edən, sülh və əmin-amanlıq şəraitində daxili imkanlardan və ehtiyat mənbələrindən səmərəli istifadə edərək Azərbaycanın sürətlə tərəqqi edən diyarına çevrilmiş Naxçıvan Muxtar Respublikasında da insan hüquq və azadlıqları ilə bağlı həyata keçirilən mühüm islahatlar ardıcıl şəkildə davam etdirilir. Ölkə başçısının “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” 2006-cı il 2 noyabr tarixli Fərmanı muxtar respublikada bu istiqamətdə inkişafı təmin etmişdir. Belə ki, fərmanın qəbul edilməsindən ötən dövr ərzində hüquq institutlarının təkmilləşdirilməsi, insan hüquqlarının müdafiə mexanizminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması, əhalinin yüksəkkeyfiyyətli hüquqi yardımla təmin edilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmişdir.
Muxtar respublikada insan hüquq və azadlıqlarını daim diqqət mərkəzində saxlayan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə 2006-cı ildə insan hüquqlarının müdafiəsi üzrə orqanlar sistemində yeni və müstəqil məhkəmədənkənar alternativ hüquq müdafiə vasitəsi olan Müvəkkil təsisatı yaradılmışdır. Ötən dövrdə təsisatın fəaliyyətinin təkmilləşdirilməsi diqqətdə saxlanılmış, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununa edilmiş bir sıra dəyişikliklərlə təsisatın səlahiyyətləri daha da artırılmışdır. Həyata keçirilmiş bu tədbirlər insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə xidmət edir.
Muxtar respublikada səmərəli hüquq müdafiə mexanizmi kimi formalaşan Müvəkkil təsisatı bu gün fəaliyyətini preventiv mexanizm funksiyalarının icrası, insan hüquq və azadlıqlarının pozulmasının qarşısının alınması, beynəlxalq təcrübə mübadiləsi, əhalinin müxtəlif sosial qruplarının hüquqlarının müdafiəsi və hüquqi maarifləndirmə, bu sahədə dövlət və yerli özünüidarəetmə orqanları, kütləvi informasiya vasitələri ilə əməkdaşlığın davamlı inkişaf etdirilməsi istiqamətində qurmuşdur.
Muxtar respublikada iqtisadi və sosial sahələrdə həyata keçirilən tədbirlər davamlı inkişafı təmin etməklə, əhalinin səmərəli məşğulluğuna da yeni imkanlar yaratmışdır. Həyata keçirilən hərtərəfli sosial müdafiə tədbirləri, xüsusilə əhalinin məşğulluğunun təmin olunması istiqamətində aparılan islahatlar, reallaşdırılan layihələr yeni iş yerlərinin açılması ilə yanaşı, sosial cəhətdən həssas əhali qruplarının məşğulluqda iştirak payını da yüksəltmiş, onlar özünüməşğulluq proqramlarına cəlb olunmuşlar. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın məqsədi əhalinin məşğulluğuna yönəldilən tədbirlərin davamlılığına nail olunması, yeni iş yerlərinin yaradılması və özünüməşğulluğun təmin edilməsi, əmək bazarında real vəziyyətin təhlil edilməsi və tələbata uyğun kadr hazırlığının aparılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğunun təmin edilməsidir. Bu proqramda nəzərdə tutulmuş tədbirlərin icrası və həyata keçirilən mühüm layihələr muxtar respublikanın yeni sosial-iqtisadi inkişafına uyğun olaraq əhalinin məşğulluğunun artırılmasını, onların rifahının daha da yüksəldilməsini, əmək bazarının tələbləri əsasında kadr hazırlığının aparılmasını və özünüməşğulluq imkanlarını genişləndirir.
Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının təmin olunması və onların sosial statusunun bərpası xüsusi diqqətdə saxlanılan məsələlər sırasındadır. Belə ki, ötən dövrdə muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası, məşğulluq imkanlarının və peşə hazırlığının yüksəldilməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi, onlara göstərilən sosial xidmət, inklüziv təhsilin keyfiyyətinin daha da artırılması istiqamətində qəbul edilmiş Dövlət proqramlarının uğurla icrası təmin edilmiş, Məhdud Fiziki İmkanlı Şəxslər üçün Naxçıvan Regional İnformasiya Mərkəzində müasir tədris vasitələri ilə təmin olunmuş təlim-bərpa otağı istifadəyə verilmiş, fərdi, ailə və uşaq istiqamətli psixoloji dəstək xidməti yaradılmışdır. Görülən işlərin davamlılığını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2021-ci il 15 mart tarixdə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır. Proqramda nəzərdə tutulmuş tədbirlərin icrası bu kateqoriyaya aid uşaqların təhsilə cəlbində davamlılığın təmin edilməsini, onların sosial müdafiəsini və cəmiyyətə fəal inteqrasiyasını daha da sürətləndirir.
Ahıl vətəndaşların sosial vəziyyətlərinin yaxşılaşdırılması muxtar respublikada daim diqqətdə saxlanılan sahələrdəndir. Bu gün ahıl vətəndaşlara göstərilən xidmətlərin həcmi və keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlir, onların maddi və mənəvi tələbatlarının ödənilməsi, müxtəlif növ xidmətlərin göstərilməsi, sağlamlıqlarının qorunması və tibbi reabilitasiyası həyata keçirilir, muxtar respublikada ahıl vətəndaşların sosial müdafiə sisteminin beynəlxalq standartlar səviyyəsində davamlı inkişafı təmin edilir.
Muxtar respublikada müharibə veteranlarının və şəhid ailələrinin sosial müdafiəsinin və rifah halının yaxşılaşdırılması sahəsində də ardıcıl tədbirlər həyata keçirilir. Bu kateqoriyadan olan şəxslərə xüsusi diqqət və hərtərəfli dövlət qayğısı göstərilir, onlar üçün qanunvericilikdə nəzərdə tutulmuş imtiyaz və müavinətlərin icrası təmin olunur, bu istiqamətdə yeni sosial dəstək proqramları həyata keçirilir. Müvafiq kateqoriyadan olan vətəndaşlar müxtəlif sosial proqramlara, aktiv məşğulluq tədbirlərinə cəlb edilir, mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə onlar mənzil və avtomobillərlə təmin olunurlar. Həyata keçirilən bu tədbirlər Vətən qarşısında borclarını layiqincə yerinə yetirən, vətənpərvərlik nümunəsi göstərən insanların fəaliyyətinə dövlətimizin verdiyi yüksək qiymətdir.
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən dövlət qadın siyasəti qadınların hüquqlarının etibarlı müdafiəsini təmin etməklə sosial-iqtisadi, elmi-intellektual potensialının daha da artırılmasına, onların ictimai-siyasi, sosial-mədəni həyata daha fəal cəlbinə geniş imkanlar yaradır. Muxtar respublikada qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olması, kredit resurslarından, bazar və müxtəlif imkanlardan istifadəsi, qadınların iqtisadi təşəbbüskarlığının artması, mikro, kiçik və orta biznesdə geniş təmsil olunması, məşğulluğun təmin edilməsi və onların peşə kurslarına cəlb olunması üçün geniş dövlət dəstəyi göstərilir. Həyata keçirilən bütün tədbirlər qadın sahibkarlığın inkişafını əhəmiyyətli dərəcədə artırır.
Muxtar respublikada gənclərin vətənpərvər ruhda formalaşmasına, yüksək səviyyədə təhsil almasına, turizm imkanlarının onlar arasında tanıdılmasına və təbliğinə, onların intellektual səviyyəsinin yüksəldilməsinə və asudə vaxtlarının səmərəli keçirilməsinə, gənc nəslin sağlamlığının qorunmasına və gənclərin məşğulluq məsələlərinə diqqət günü-gündən artırılır, elektron kitabxanalar, mədəniyyət evləri, ali təhsil müəssisələrində yeni tədris korpusları, yeni məktəb binaları, idman mərkəzləri və digər obyektlər tikilir və ya əsaslı təmir olunaraq gənclərin istifadəsinə verilir. Muxtar respublikada həyata keçirilən dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən birini də gənclərin sosial problemlərinin həlli, xüsusilə də mənzil şəraitinin yaxşılaşdırılması təşkil edir. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yeni yaşayış kompleksləri tikilərək istifadəyə verilir, gənc­lərin güzəştli şərtlərlə mənzil sahibi olmaları üçün tədbirlər görülür.
Muxtar respublikada azadlıqdan məhrum edilmiş şəxslərin saxlanma şəraitinin və gündəlik təminatının yaxşılaşdırılması, əmək hüquqlarının təmin edilməsi, cəmiyyətə adaptasiyası və müxtəlif peşə vərdişlərinə yiyələnməsi daim diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin nəzdindəki yaradıcılıq və istehsalat sahələrində məhkumlar müxtəlif peşələr üzrə kurslara cəlb edilir, onların əl işləri müxtəlif sərgilərdə nümayiş etdirilir, azadlığa buraxıldıqdan sonra sosial adaptasiyası və özünüməşğulluğun təmin edilməsinə geniş imkanlar yaradılır. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan humanist cəza siyasəti muxtar respublikada uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə cəzaçəkmə müəssisələrində cəzaçəkən məhkumların barəsində cəza siyasətinin humanizm dəyərləri əsasında inkişaf etdirilməsi üzrə tədbirlərin uğurla həyata keçirilməsi onların islah edilmə prosesinin sürətlənməsini, normal sosial faydalı həyata adaptasiya olunmasını və bu sosial qrupdan olan şəxslərin hüquqlarının daha səmərəli müdafiəsini təmin edir.
Ötən dövrdə muxtar respublikada miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi uğurla davam etdirilmişdir. Belə ki, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində innovativ metodların tətbiqi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti ilə bağlı bütün zəruri tədbirlərin reallaşdırılması təmin olunmuş, əməkçi miqrantların qanunsuz olaraq əmək fəaliyyətinə cəlb edilməsinin qarşısı alınmışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrantların Saxlanılması Mərkəzində saxlanılan miqrantların hüquqlarının qorunması muxtar respublikada miqrasiya sahəsində dövlət siyasətinin beynəlxalq standartlara uyğun həyata keçirilməsinin bariz nümunəsidir.
Muxtar respublikada sosial-iqtisadi həyatın bütün sahələrində informasiya-kommunikasiya sistemlərinin yenilənməsi və yeni nəsil texnologiyaların tətbiqi, dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılması, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi, redaksiyaların maddi-texniki bazasının mərhələli şəkildə yenilənməsi və səmərəli fəaliyyətinə zəruri şəraitin yaradılması, jurnalist peşəkarlığının yüksəldilməsi, azad mətbuatın fəaliyyət göstərməsi, keyfiyyətli və sürətli internetə çıxış imkanlarının yaradılması, söz və fikir azadlığının təmin olunması insan hüquqlarının və azadlıqlarının qorunması sahəsində həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır. Həyata keçirilmiş bu tədbirlər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mətbuata və kütləvi informasiya vasitələrinə göstərdiyi diqqət və qayğının parlaq təzahürü olmaqla yanaşı, həm də ictimai tribuna kimi insan hüquqlarının təminatı sahəsində görülən işlərin davamıdır.
Bu gün muxtar respublikanın yüksələn iqtisadi inkişafı, hər bir sosial qrupa ünvanlanmış sosial-iqtisadi layihələrin ardıcıl və uğurla həyata keçirilməsi əhalinin rifah halının daha da yaxşılaşmasına, nəticə etibarilə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə, etibarlı müdafiəsinə və davamlı inkişafına öz töhfəsini verməkdədir. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı tərəfindən insan hüquq və azadlıqlarının etibarlı təmin edilməsi istiqamətində işlər daim diqqət mərkəzində saxlanılacaq, bu sahədə həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkilinin (Ombudsmanın) mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR