21 Dekabr 2024, Şənbə

Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tutması məhz görkəmli dövlət xadimi, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə əvəzedilməz işlər görmüş ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan ulu öndər xalqımızı can atdığı müstəqillik idealına qovuşdurmuş, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüşdür. Buna görə də O, Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran bir rəhbər kimi hələ sağlığında xalqımızın qəlbində əbədi yaşamaq hüququ qazanmışdır. “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır”, – deyən ümummilli liderimizin həyatının mənası Azərbaycanı müstəqil və qüdrətli dövlətə çevirmək olmuşdur. 

 

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü ölkə­mizdə ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində möhtəşəm quruculuq dövrü olmuşdur. Müasir müstəqil Azərbaycan dövləti məhz ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətinin birinci dövründə – 1969-1982-ci illərdə yaradılmış təməl üzərində qurulmuşdur. Ümummilli liderimiz 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində bu barədə deyirdi: “Azərbaycanın müasir tarixində 1969-cu ildə dönüş mərhələsinin təməli qoyuldu. Respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji bütün 70-ci illərin bariz əlamətinə çevrildi. 1970-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır”.
Sovet rejiminin kifayət qədər güclü olduğu bir dövrdə milli dəyərlərin və milli şüurun bərpasına xidmət edən tədbirlərin görülməsi, Azərbaycan dili və Azərbaycan tarixi ilə bağlı tədqiqat işlərinin genişləndirilməsi, rus dilinin yeganə rəsmi dil olduğu bir şəraitdə Azərbaycanın 1978-ci il Konstitusiyasına “Azərbaycan SSR-də dövlət dili Azərbaycan dilidir” müddəasının salınması, 1971-ci ildə Bakıda ilk hərbi təmayüllü məktəbin açılması, paytaxt və regionlarda təhsil, mədəniyyət və səhiyyə müəssisələrinin tikilməsi, SSRİ-nin ən nüfuzlu ali məktəblərinə azərbaycanlı gənclərin göndərilməsi xalqımızın böyük oğlunun misilsiz tarixi xidmətləri, Azərbaycanın gələcək müstəqilliyinə hesablanmış uzaqgörən tədbirlər idi. Ötən əsrin 70-80-ci illərində ümummilli liderimizin Azərbaycan naminə həyata keçirdiyi müdrik siyasətə diqqəti çəkən ölkə rəhbəri cənab İlham Əliyev demişdir: “SSRİ dönəmində Azərbaycan iqtisadiyyatının, elm və mədəniyyətinin inkişafına, milli kadrların yetişdirilməsinə böyük səylər qoyan Heydər Əliyev nə vaxtsa ölkəmizin müstəqil olacağına inanırdı. Təbii ki, o zamanlar bütün bu işlər görülməsəydi, müstəqil dövlət quruculuğu vəzifəsinin həyata keçirilməsi çox ciddi çətinliklərlə qarşılaşardı”.
1982-ci ildə ümummilli liderimizin SSRİ-də rəhbər vəzifəyə irəli çəkilməsindən sonra Azərbaycanın hərtərəfli inkişafı ilə yanaşı, xalqımızın dünya arenasında tanıdılması və təbliği istiqamətində görülən işlərin miqyası daha da genişləndirilmişdir. 1982-87-ci illərdə Heydər Əliyev şəxsiyyətinə görə keçmiş Sovetlər Birliyində Azərbaycanla hesablaşır, ölkəmizdəki inkişafın qarşısını almağa, torpaq iddiası irəli sürməyə heç kim cəsarət etmirdi. Azərbaycanın inkişafını dayandırmaq, parçalamaq üçün yeganə bir yol vardı – ölkəni Heydər Əliyev inkişaf xəttindən uzaqlaşdırmaq. Nəhayət, 1987-ci ildə bu məkrli plan həyata keçirildi, ümummilli liderimiz rəhbər vəzifədən istefa verdi. Bununla da Azərbaycanın ağrı-acılarla dolu dövrü başlandı. Ölkə­mizin suverenliyinə edilən qəsd tarixi torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğalı ilə nəticələndi, Azərbaycan xalqına qarşı 20 Yanvar faciəsi, Xocalı soyqırımı törədildi. Lakin yenə də ulu öndər siyasi təqiblərə baxmayaraq, Qanlı Yanvar faciəsini törətdiyinə görə ozamankı sovet rəhbərliyini və faciənin digər təşkilatçılarını ittiham etmiş, xalqımızın başına gətirilən müsibəti bütün dünyaya çatdırmışdır.
Dahi lider 1990-cı il iyulun 20-də Bakıya gəldi. İki gün sonra – iyulun 22-də isə doğma Naxçıvana qayıtdı, bu qədim diyardan Azərbaycanın qurtuluş mübarizəsinə rəhbərlik etdi. Ümummilli lider 1990-1993-cü illərdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının erməni təcavüzündən xilası və böhranlı vəziyyətdən çıxarılması üçün ardıcıl tədbirlər gördü. Dahi şəxsiyyətin Naxçıvandan başladığı müstəqillik yolu Azərbaycanın qurtuluş mübarizəsinə çevrildi. Üçrəngli bayrağımız ilk dəfə olaraq 1990-cı il noyabrın 17-də ulu öndərin Sədrliyi ilə Naxçıvan parlamentində qaldırıldı, Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözləri çıxarıldı, SSRİ-nin qorunub saxlanması ilə bağlı keçirilən referendumda Naxçıvan Muxtar Respublikası iştirak etmədi, Azərbaycanda ilk milli ordu quruculuğuna Naxçıvandan başlandı, müstəqil dövlətçilik yolunda mühüm və əhəmiyyətli addımlar atıldı.
31 Dekabrın “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi qeyd olunması, sovet qoşun hissələrinin muxtar respublikadan çıxarılması, Naxçıvanın müdafiəsi üçün sistemli tədbirlərin görülməsi, nizami ordu hissələrinin təşkili, diyarımızın tarixi taleyi üçün müstəsna əhəmiyyətə malik Qars müqaviləsinin şərtlərinin beynəlxalq aləmin diqqət mərkəzinə çəkilməsi, idarəetmə strukturlarında ədalətin, demokratiyanın, operativliyin və dinamikliyin təmin olunması, aqrar islahatların, özəlləşdirmənin uğurla aparılması, yeni iqtisadi münasibətlərin formalaşdırılması, əhalinin sənaye mallarına, ərzaq məhsullarına kəskin ehtiyacının ödənilməsi, enerji təminatı sahəsində böhranlı vəziyyətin aradan qaldırılması üçün layihələrin həyata keçirilməsi, hava limanının yenidən qurulması, mədəni mühitin dirçəldilməsi, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması üçün mühüm addımların atılması və sadalanan yüzlərlə belə böyük tədbirlər məhz bu qısa müddətdə Naxçıvanda yüksək səviyyədə gerçəkləşdirilmişdi. Azərbaycan dövlətçiliyinin dünəni, bu günü və gələcəyi olan Yeni Azərbaycan Partiyasının yaradılması, az vaxt ərzində böyük nüfuz qazanması da ulu öndərin fəaliyyətinin Naxçıvan dövrünə aiddir. Həmin dövrdə ölkəmiz isə bunun əksinə hakimiyyətsizlik, vətəndaş qarşıdurması, dövlət müstəqilliyini itirmək, işğal və parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Azərbaycana “rəhbərlik edənlər” ölkənin və xalqın gələcəyini deyil, öz şəxsi mənafelərini güdürdülər. Belə bir dövrdə xalqımız ümid yeri kimi Naxçıvana – ümummilli liderimiz Heydər Əliyevə üz tutdu, onu təkidlə siyasi hakimiyyətə dəvət etdi.
1993-cü il iyunun 15-də xalqın tələbi ilə ulu öndərin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı Milli Qurtuluş tariximizin əsasını qoydu, ölkəmiz təlatümlər burulğanından xilas oldu, müstəqilliyimiz qorunub saxlandı, vətəndaş müharibəsinin qarşısı alındı, möhkəm ictimai-siyasi sabitlik yaradıldı. Ulu öndər Heydər Əliyev öz böyük siyasi təcrübəsi və müdrikliyi ilə Azərbaycanı təhlükəli vəziyyətdən çıxarmağa nail oldu. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Millətlərin gücü və yenilməzliyi onların liderlərindən asılıdır. Lideri olmayan ölkə, xalq müstəqillik əldə edə və yaxud əldə olunmuş müstəqilliyi qoruyub saxlaya bilməz. Xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də ulu öndərimizin ikinci dəfə ali hakimiyyətə qayıdışı Azərbaycanı dağılmaq, bir dövlət kimi siyasi xəritədən silinmək təhlükəsindən xilas etdi. 15 iyun ən yeni tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu”.
Ulu öndər Heydər Əliyev deyirdi ki, “Bizim borcumuz bütün Azərbaycanın simasını dəyişdirməkdir. Azərbaycanı inkişaf etmiş, sivilizasiyalı, demokratik prinsiplərlə yaşayan bir dövlətə, cəmiyyətə çevirməkdir. Azərbaycan vətəndaşlarının gələcək həyatını azadlıq, demokratiya yolu ilə təmin etməkdir. Biz bu yolun yolçusuyuq. Bu yol xalq yoludur”. Dahi rəhbərimizin çox qısa müddətdə uzaqgörənliklə yaratdığı mükəmməl idarəetmə sistemi Azərbaycanın bir dövlət olaraq iqtisadi, siyasi inkişafına, dünyanın ən qüdrətli dövlətlərinin strateji tərəfdaşına çevrilməsinə rəvac vermişdir. Ulu öndərimizin müstəqil Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizi uğurdan-uğura aparmışdır. Bu dövrdə Azərbaycanın əldə etdiyi nailiyyətlərin hər biri dövlətçiliyin fundamental əsaslarını müəyyənləşdirən tarixi hadisələrdir.
Tarix də göstərdi ki, görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi yol düzgün yoldur. Belə ki, Azərbaycanın demokratik quruculuq və inkişaf yolu milli xüsusiyyətlər və xalqın mənəvi dəyərləri nəzərə alınmaqla həyata keçirilməyə başlandı, ölkədə siyasi və milli-ideoloji birliyin təməli qoyuldu, dövlətçilik ənənələri milli düşüncə tərzinə çevrildi. Bir sözlə, dövlət quruculuğu sahəsində nailiyyətlər, qanunların aliliyinə söykənən vətəndaş cəmiyyətinin qurulması və digər uğurlar ulu öndərin dövlətçilik konsepsiyasının mahiyyət etibarilə Azərbaycanın tarixi ənənələrini və müasir dünya dəyərlərini özündə birləşdirən yeni bir inkişaf modeli kimi özünü doğrultdu.
Beləliklə, Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan həqiqətlərini, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini dünya ictimaiyyətinə çatdırdı.
Ulu öndərin siyasi hakimiyyətə qayıdışı ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan vermişdir. 1993-cü ildən sonra ölkəmizdə aparılan dövlət quruculuğu prosesi hərtərəfli inkişaf edən, müasir, demokratik ölkəyə çevrilən qüdrətli Azərbaycan Respublikasının yaradılmasına səbəb olmuşdur.
Ümummilli lider Heydər Əliyevin yüksək peşəkarlıqla işləyib hazırladığı milli dövlətçilik strategiyası bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən dövrdə Azərbaycan böyük inkişaf yolu keçmiş, ölkəmiz sürətli tərəqqi yoluna qədəm qoymuşdur. İqtisadi, siyasi və hərbi sahədə güclü potensial yaradılmışdır. Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin nəticəsi olaraq müdafiə təhlükəsizliyi ilbəil möhkəmləndirilir, hərbi hissələrin maddi-texniki təminatı gücləndirilir, əsgəri-məişət-yaşayış kompleksləri tikilir, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırılır. Görülən işlər ötən il işğal altında qalan torpaqlarımızın azad olunmasına imkan verdi. “Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, müstəqil Azərbaycan dövləti öz ərazisinin bütün hissələrinin sahibi olacaqdır”, – deyən ulu öndərin uzaqgörənliyinin heç bir sübuta ehtiyacı olmadığı bir daha təsdiq edildi.
Ötən il Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi Cənubi Qafqazda yeni reallıqlar yaratmışdır. Bu reallıqda Azərbaycan təbii olaraq güclü, diktə edən tərəf kimi artıq yeni tarix yazmağa başlayıb. Bütün bunlar isə onu göstərir ki, ulu öndər Heydər Əliyev siyasi yolunun davam etdirilməsi təkcə Azərbaycanın deyil, bütövlükdə, dünya sivilizasiyasının tərəqqisinə xidmət edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bu gün heç kimin şübhə etmədiyi reallıq bundan ibarətdir ki, dahi Heydər Əliyev faktoru təkcə iyirminci əsr Azərbaycanının deyil, iyirmi birinci əsr Azərbaycanının da gerçək simasını və inkişaf perspektivlərini müəyyənləşdirir. Bu böyük şəxsiyyətin Azərbaycan naminə gördüyü işlər ölkəmizin milli sərhədlərini aşaraq, bütövlükdə, regionun və dünya sivilizasiyasının da tərəqqisinə xidmət edir”.

Ulu öndərimiz Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman doğulub böyüdüyü torpağı, xalqı, milləti üçün əbədi olaraq qalacaqdır. Ulu öndər Heydər Əliyev hər zaman zirvədə dayandı, bu gün də zirvədədir, gələcəkdə də zirvədə olacaqdır!

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR