21 Dekabr 2024, Şənbə

Ölkəmizin iqtisadi sahədə əldə etdiyi nailiyyətlər əhalinin maddi-rifah halının daha da yaxşılaşmasını təmin etməklə bərabər, sosial müdafiə tədbirlərinin əhatə dairəsinin genişlənməsi üçün də əlverişli şərait yaradır. Əməkhaqqı, pensiya, sosial müavinətin istehlak tələbinə uyğun artırılması, mütəmadi olaraq əhalinin real gəlirlərinin bazar səviyyəsinə uyğunlaşdırılması, aztəminatlı insanların, sağlamlıq imkanları məhdudların, şəhid ailələrinin sosial müdafiəsinin təşkili, sosial sığorta qaydalarının və pensiya sisteminin təkmilləşdirilməsi sahəsində atılan addımlar həyata keçirilən sosial siyasətin əhəmiyyətini daha da artırır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 17 dekabr tarixli Sərəncamına əsasən 2022-ci il yanvar ayının 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqı 20 faizədək artırılaraq 250 manatdan 300 manata çatdırılmışdır.


Minimum əməkhaqqının artımı əhali gəlirlərinin artımına səbəb olmaqla bərabər, vətəndaşların pensiya hüquqlarının yaranmasına imkan verən məcburi dövlət sosial sığorta haqlarının həcminə də müəyyən təsir göstərir. Hazırda qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən məcburi dövlət sosial sığortasında sığortahaqqı əmək ödənişinə nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Bəzi sahələrdə fəaliyyət göstərən şəxslərdən məcburi dövlət sosial sığorta haqlarının tutulması minimum əməkhaqqının səviyyəsi ilə tənzimlənir. Bu baxımdan 2022-ci il 1 yanvar tarixdən minimum əməkhaqqı artırılaraq 300 manat müəyyən edildiyindən məcburi dövlət sosial sığortahaqqı üzrə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində əhəmiyyətli dərəcədə artım olacaqdır.

Muxtar respublikada sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyinin nəticəsi olaraq yeni istehsal müəssisələri və iş yerləri açılmış, əhalinin məşğulluq səviyyəsi yüksəldilmiş, bunun nəticəsində toplanan məcburi dövlət sosial sığorta haqları hesabına ödənilməsində ciddi artım əldə olunmuş, məcburi dövlət sosial sığorta haqlarının toplanılmasında hər il müsbət dinamika qeydə alınmışdır.
Aparılmış məqsədyönlü tədbirlər nəticəsində muxtar respublikada sığortaedən və sığortaolunanlar tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarının həcmi 2021-ci ilin 11 ayı ərzində 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 61,7 faiz artmışdır. Əgər 2017-ci ilin 11 ayı ərzində muxtar respublikada əmək pensiyaları və müavinətlərin ödənişi üçün tələb olunan vəsaitin 51,7 faizi məcburi dövlət sosial sığortahaqqı şəklində yığılmışdırsa, 2021-ci ilin müvafiq dövründə bu göstərici 57,9 faiz təşkil etmişdir. Yeri gəlmişkən qeyd edək ki, növbəti ildə minimum əməkhaqqının artırılması məcburi dövlət sosial sığorta ödəmələrinin artımına imkan verəcəkdir. Bu sahədə əldə olunmuş uğurlar isə öz növbəsində, əmək pensiyalarının və müavinətlərin maliyyələşməsinə və vaxtında ödənilməsinə böyük imkanlar yaratmışdır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 20 dekabr tarixli müvafiq Fərmanı ilə sığortaolunanlara məcburi dövlət sosial sığortahaqqı hesabına ödənilən uşağın anadan olmasına görə birdəfəlik müavinət 200 manatdan 300 manata, dəfn üçün birdəfəlik müavinət 300 manatdan 350 manata artırılmışdır.
Pensiya təminatında vətəndaşların sosial müdafiəsi sistemi onların məcburi dövlət sosial sığorta haqlarını ödəmələrindən və qazandıqları sığorta stajlarından asılıdır. İşçi sosial sığorta hadisəsi ilə üzləşdikdə qazandığı sığorta stajı və fərdi hesabında toplanan məbləğ onun sosial təminatının qarantıdır. Bu baxımdan sığortaedən də, sığortaolunan da məcburi dövlət sosial sığorta haqlarını vaxtında ödəsə, həmin hesabda daha çox məbləğ toplanacaqdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR