Jurnalistin qeydləri
Əslində, onlarla tanışlığım təsadüfən olmuşdu. Əvvəlcədən planlaşdırılmış səfərin bir hissəsində bu yerlərin insanlarına xas qonaqpərvərliklə bizi evlərində, yaşıl bağçalarında qonaq etmişdilər. Bu ilk tanışlıqdan sonra yenidən bir neçə dəfə onlarla görüşmək imkanım oldu. Hər görüşümüzdə isə bu ailənin özünəməxsus bir tərəfini – zəhmətkeşliyini, torpağa bağlılığını, vətənsevərliyini, elm-bilik yolunda fədakarlıqlarını kəşf etdim. Təəssüratlarımı qələmə almaq üçün xeyli – təxminən, bir ildən çox müddətdə geciksəm də, düşünürəm ki, qeydlərim oxucular üçün kifayət qədər maraqlı olacaq. Bu barədə daha ətraflı bir qədər sonra...
Həmişə yayın istisində, təbiətin ən gözəl vaxtında, ana torpağın çiçəklərə büründüyü, yaz yağışlarının torpağın hər qarışını yaşıl örpəklə örtdüyü zamanlarda, həftə sonları və yaxud məzuniyyətdə olanda insanlar şəhərdən uzağa, təbiət qoynuna getməyə çalışırlar. Bunu insanın təbiətlə bütövləşmək istəyi, təbiətin qoynunda – yaranışından bu günə qədər daha çox aid olduğu yerdə – yorğunluğunu üzərindən atmaq istəyinin nəticəsi kimi də dəyərləndirmək olar. Bu məqsədlə hansısa çəmənliyi, meşəni, bulaq başını seçənlər də olur, hər hansı bir kəndə qohum-qardaşın, dost-tanışın yanına üz tutanlar da.
Elə bu məqsədlə bir qrup yoldaşımla çıxdığımız səfərlərin birində tarixi və təbiəti ilə zəngin olan, əməksevər, ziyalı insanları ilə seçilən, tarixin bütün dövrlərindən izlərin daşıyıcısı olan Ordubad rayonuna üz tutduq. Dağlar qoynunda yerləşən səfalı kəndləri, zəngin təbiəti, məhsuldar torpaqları və zəhmətkeş insanları ilə Ordubad hər zaman diqqətçəkən bölgələrdən olub. Yolboyu bizi müşayiət edən, yaşıllıqlar içində görünməz olmuş kənd yaşayış məntəqələri, bu kəndlərdə dövlət qurumları üçün yaradılan müasir şərait, kənd sakinlərinin inşa etdiyi yaraşıqlı fərdi yaşayış evləri göz oxşayır. İrəlilədiyimiz geniş asfalt yol isə “yol mədəniyyətdir” deyiminin bariz sübutu olaraq bu yaşayış məntəqələrinə bizi rahat şəkildə çatdırır.
Yolumuz üzü dağlara tərəfdir; daha uzaqlara, təbiətin qoynuna. Bizi müşayiət edən isə dağların ətrafına dolanaraq, sinəsi ilə yüksələrək dolambaclı şəkildə mənzilbaşına gedən dağ yollarıdır. Göz işlədikcə uzanıb gedən dağlarla bərabər uzanan bu yollar səhər Günəşinin şəfəqləri ilə parlayaraq sirli bir mənzərə yaradır. Sağ tərəfdə – aşağıda dərin dərə, sol tərəfdə isə hündür dağlar yolu daha da irəli aparır. Dərədən bütün gücü ilə axan Gilançayın dağlardan gətirdiyi sərin suyu burada sıx ağacların bitməsinə, meyvə bağlarının salınmasına şərait yaradıb. Sırası ilə düzülmüş arı yeşikləri, ağacların arasından gözə dəyən tərəvəz əkilmiş sahələr, bəzi yerlərdə artıq hündür təpə kimi qalaqlanmış quru ot tayaları bu yerlərin zəhmətkeş insanları haqqında ilk təsəvvürləri yaradır.
Hündürlüyə qalxdıqca aşağıdakı mənzərə daha heyrətamiz görünür. Gilançayın hər iki sahilində sıx bitmiş ağacların çətirlərindən çay, demək olar ki, görünməz olur. Dərə ilə, sanki ağaclardan ibarət çay axır. Qarşıda sıra ilə çiyin-çiyinə uzanan dağların mənzərəsi isə nəyə desən deyər. Azca duman pərdəsinə bürünən dağların mavi gözəlliyi üfüqdə səmanın maviliyi ilə qovuşaraq vahid bir mənzərə yaradır. Bu gözəl təbiət mənzərələrini izləyə-izləyə Nəsirvaz çayı üzərində XVII əsrdə inşa edilmiş qədim körpüdən keçərək seçdiyimiz kəndə çatırıq. Bura Gilançay və onun sol qolu Nəsirvaz çayı arasında, Zəngəzur silsiləsinin yamacında yerləşən Bist kəndidir.
Kəndə birinci səfərim təbiətin ən gözəl dövrünə – may ayına təsadüf etdiyindən hər tərəf, sözün həqiqi mənasında, gül-çiçəyə qərq olmuşdu. Kəndin hər yerini bürümüş ağaclar, meyvə bağları, gurultu ilə axan Nəsirvaz çayı buraların təbiətinə daha heyrətamiz bir mənzərə qatır. Çayın kənarında ucalan nəhəng cəviz ağacları, yaxınlıqdakı iri fındıq ağacları, qocaman söyüdlər bu yerlərin köhnə sakinləridir. Adam boyuna çatan otlar, təpələrin sinəsi ilə çəkilmiş su arxları, çox da böyük olmayan sahələrdə tərəvəz əkinləri, budaqları dopdolu meyvə ağacları, həyətlərdə dibçəklərdə becərilən, yaşıl-sarı meyvələri ilə gözoxşayan limonlar, evlərin qarşısında, pəncərələrin önündə özünə yer tutmuş rəngarəng çiçəklər bu yerlər haqqında kifayət qədər təsəvvür yaratmağa imkan verir. Budəfəki qəhrəmanımın ailəsi ilə tanışlığım da elə bu birinci səfərdə və təsadüfən baş tutdu.
Ailənin oğlu, gənc ziyalı Sahil müəllim bizi həyətlərində çay süfrəsinə dəvət etdi. Bu səmimi təklifi yerə salmaq olmazdı. Kəndin özünəməxsus döngələri ilə yolumuza davam etdikcə yaşıllığa qərq olmuş kənd həyətlərini geridə qoyuruq. Həyətlərin çəpərləri boyunca axan su arxları, borular vasitəsilə həyətlərə qədər gətirilən bulaq suyu bu torpaqlara can verir. Həyətlərdən küçəyə sarı əyilən həmərsin, yemişan kolları, alça ağacları ətrafa özünəməxsus gözəllik yayırdı.
Budaqları yerə qədər əyilmiş albalı ağacının yanında dayanırıq. Balaca darvazadan girdiyimiz həyətdə sanki başqa bir aləmə düşürük. Səliqəli həyət, yanyana düzülmüş arı yeşikləri, çiçəkli-meyvəli limon ağacları, cərgə ilə sıralanmış tərəvəz ləkləri, hündür meyvə ağacları, geniş çətirli tut ağacının sərin kölgəsində qoyulmuş stol və oturacaqlar həyətdə ilk diqqətçəkənlərdir. Ailə başçısı Əkbər əmi və xanımı Aybəniz müəllim bizi həyətdə böyük qonaqpərvərliklə qarşılayırlar.
Həmin gün çay masası ətrafında söhbətimizdən və o gündən sonra artıq bir neçə dəfə onlara qonaq olanda Aybəniz müəllimi hey ətrafda hansısa bir işlə məşğul olan gördüm. Gah arı ailəsinə baxır, çərçivələri təmizləyir, hansısa məhlul hazırlayır onlar üçün, gah limonlara qulluq edir, gah da talvarın altındakı danalara yem verir. Arada fikirlərini, tövsiyələrini bizimlə bölüşür, yenidən öz məşğuliyyətinə qayıdırdı.
İxtisasca tarix müəllimi olan qəhrəmanım Aybəniz xanım 1964-cü ildə Ordubad rayonunun Xurs kəndində anadan olub. Onu diqqətcil həyat yoldaşı, qayğıkeş ana, sevimli müəllim və bacarıqlı ailə təsərrüfatçısı kimi xarakterizə etmək olar. Xurs kəndində doğulub böyüsə də, həyatının böyük bir hissəsini hazırda da yaşadığı Bist kəndində keçirib. Müəllimlik fəaliyyətinin cəmi bir ili Xurs kəndi ilə bağlıdır. Bundan sonra isə ömür-gün yoldaşı Əkbər əmi ilə tanış olub, ailə həyatı qurub. Ömrünün 30 ildən çoxunu gəlin gəldiyi Bist kəndindəki məktəbdə şagirdlərin – gələcək nəsillərin yetişdirilməsinə, təlim-tərbiyəsinə həsr edib. Hazırda da böyük həvəs və sevgiylə işinə davam etməkdədir.
İbtidai siniflərdə pedaqoji fəaliyyətlə məşğul olan Aybəniz müəllim deyir ki, şagirdlərim mənim həyatım, nəfəsim, mənim mənəvi qida mənbəyimdir. Onun fikrincə, uşaqlara hədsiz demokratik ruhda davranmaq olmaz. İşində ciddi olmaq, öncə dərsi sevdirmək, oxumağın əhəmiyyətini başa salaraq dərsə başlamaq lazımdır. Təhsil almağın əhəmiyyətini, biz niyə sizə dərs deyirik, dövlət nə üçün bu qədər xərc ayırır, kitablarla təmin edir – uşaqlara ilk öncə bunları izah edirəm. Çünki uşaqlara oxumaq sevgisini təlqin etmək lazımdır. Ananı sevməyi, Vətəni, dinimizi sevməyi təlqin etdiyimiz kimi oxumağı sevməyi də təlqin etməliyik.
Vətənin mahiyyətini, doğulub-böyüdüyün yerin müqəddəsliyini, ananın, müəllimin kimliyini, həyatı oxumaqla anlamaq olar. Oxumağı uşaqlarda vərdişə çevirmək isə müəllimin və bilavasitə valideynin borcudur. Məhz bundan sonra uşaqlar axara, müəyyən bir cığıra, xəttə düşürlər. Oxumağın mahiyyətini anlayırlar. İbtidai sinif şagirdlərini hökmən müəyyən nəzarət altında saxlamaqla oxumağa yönləndirmək lazımdır.
Şagirdlərinin qazandığı uğurlardan da böyük fərəh və sevinclə danışan müsahibim deyir ki, onların hər bir uğuru, qazandığı hər bir nailiyyət bir müəllim kimi mənim ən böyük qazancım və qürur yerimdir. Aybəniz müəllimin uşaqlara aşıladığı özünəinam hissi onların yüksək nəticələr göstərərək ali məktəbə qəbul olmasına və müəllimlərinin yolunu davam etdirməsinə də şərait yaradıb. İxtisasını uşaqlara sevdirməyi bacaran Aybəniz müəllimin Sabir Əhmədov, Sona Hüseynova kimi şagirdləri ali məktəbi bitirərək bu gün onunla çiyin-çiyinə çalışırlar.
Balaca yaşlarından ana qayğısından, sevgisindən məhrum olan və maddi çətinliklərlə böyüdüyünü xatırlayan Aybəniz müəllim evdə təsərrüfatçı, məktəbdə müəllim, cəmiyyət içində insanlara mənəvi yardımçı olmağı özünün həyat amalına çevirərək təmənna tələb etmədən neçə-neçə şagirdini də öz övladları ilə birlikdə ali məktəbə hazırlaşdırıb və indi də buna davam edir. “Mənim şagirdlərim mənim həyatımdır”, – deyən qəhrəmanım, üç övladının da müəllimi olub. Oğlu və bir qızı onun yolunu davam etdirib müəllimlik peşəsini seçiblər, digər qızı isə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsini bitirib. Aybəniz müəllim deyir ki, övladlarımı, sadəcə, bir övlad olaraq görməmişəm. Şagirdlərimə necə yanaşmışamsa, onlara da elə yanaşmışam. Onları cəmiyyətə yararlı bir vətəndaş olaraq böyütməyə çalışmışam. Övladlarımı Azərbaycan ənənələrinə uyğun şəkildə böyütmək üçün onların üzərində bir sənətkar kimi işləmişəm.
Təsərrüfata olan marağının yaranması haqqında söhbət açan Aybəniz müəllim deyir ki, biz kənddə yaşayırıq. Öz ailə təsərrüfatımızda heyvandarlıq, bağçılıq, bostançılıq, arıçılıqla məşğul olaraq həm öz maddi rifah halımızı yaxşılaşdırmaq üçün, həm də az da olsa, bazara çıxarmaq üçün məhsul istehsal etməyə başladıq. İnsan qarşısına qoyduğu hər bir işi yerinə yetirə bilər. Tanrı bizə ağıl verib, iradə verib, düşüncə verib. Bizim hamımız bir vətəndaş olaraq dövlətə yüklənsək, hər şeyi dövlətdən gözləsək, olmaz. Vətəndaşlar nə qədər güclü olarsa, dövlət də o qədər inkişaf edib qüdrətlənər. Mən də bu cür düşünmüşəm, şagirdlərimə də, övladlarıma da, ətrafımdakı insanlara da o cür təlqin etmişəm. Hər şeyi dövlətdən gözləməyək, özümüz istehsal edək, həm özümüz təmin olunaq, həm də tələbatı olanlara sataq, dövlətin yükünü azaldaq. Elə buna görə də istehsala başlamışam.
Bir neçə il bundan əvvəl Naxçıvan Televiziyasının efirindən gördüyüm və yaddaşımın bir küncündə ilişib qalmış, Naxçıvanın ilk arıçı qadını olaraq da xatırladığım Aybəniz müəllim arıçılıqla daha geniş məşğul olmasının səbəbini izah edərək dedi ki, heyvandarlıq arıçılığa nisbətən qadın üçün daha ağır sahədir. Buna görə də heyvandarlığı özüm üçün çətin sahə hesab edərək arıçılığı seçdim. Arıçılıq insana estetik zövq verir. O qədər mükəmməl canlılardır ki, insan öz ailəsini idarə etməyi də arıdan öyrənə bilər. Bir arı ailəsi bir saatda 2-3 kiloqram balı yeyə bilər. Amma qışda qoyulan balı o qədər qənaətlə işlədir ki, uzun müddət ona kifayət edə bilsin. İnsan oğlu arıdan qənaətcil olmağı öyrənməlidir.
Müsahibim deyir ki, hər kəs fərqli bir şeyi sevdiyi kimi, mən də arı saxlamağı çox sevirəm. Arını və uşaqları sevirəm. Çünki ikisinin də xüsusiyyəti eynidir – diqqət və qayğı istəyir, boş dayanmır, daim məşğuldur. Arıçılıq əlverişli və gəlirli sahədir. Mən hesab edirəm ki, həm də qadın üçün daha yüngül təsərrüfat sahəsidir. İş vaxtından əlavə özünə sərf edəcəyin asudə vaxtdır. Buna görə də mən arıya baxmağı mənəvi istirahət hesab edirəm. Arını, arının iş prinsipini, arı ilə işləmə prinsipini biləndən sonra onunla məşğul olmaq daha asandır.
Aybəniz müəllim Əkbər əmi ilə birlikdə həyətyanı sahələrində kartof, lobya, pomidor, bibər – müxtəlif çeşidli tərəvəz məhsulları da yetişdirir. Dağ havasının, çay suyunun təsiri ilə burada məhsullar daha gözəl olur, həyətdə dadlı meyvələr yetişir. Ailə təsərrüfatlarında saxladıqları mal-qaradan istehsal olunan məhsulun – ətin, yağın, pendirin ailənin ehtiyacından artıq olanını bazara çıxarırlar. Aybəniz müəllim deyir ki, istifadə etdiyimiz və bazara çıxardığımız məhsuldan əlavə ləzzətlərinə görə hamının əl-əl axtardığı şor və qurud da hazırlayıram.
Ordubad torpağında az ailə tapılar ki, evində limon ağacı yetişdirməsin. Aybəniz müəllim də Əkbər əmi ilə bu torpaqların brend məhsuluna çevrilmiş limonun yetişdiricilərindəndir. Həmsöhbətim limonçuluqla məşğul olmağa başlamasını bu cür xatırlayır: – Qonşularımdan biri xəstələnmişdi, təzyiq xəstəsi idi. Dərsdən qayıdanda məktəbin yaxınlığında yaşayan və limon yetişdirən qonşudan bir limon alıb gətirməyimi istədi. Limonun birinin yeddi manata satıldığını öyrənəndən sonra öz-özümə sual verdim ki, məgər mən bir limon tingi yetişdirə bilmirəm ki, gedib limon da alım? Fikirləşdim ki, burada yetişir, niyə mən də yetişdirməyim, niyə mən də məşğul olmayım bu sahə ilə? Özünün limona qarşı allergiyası olsa da, Əkbər əminin köməyi ilə bu işin öhdəsindən kifayət qədər yaxşı gələ biliblər. Ordubad limonu Əkbər əminin əllərindən, Aybəniz müəllimin qayğısından yeni həyat tapır.
Aybəniz müəllim deyir ki, biz ailə olaraq tamıq, bütövük. Birimiz olmasaq, elə bil ki, bədənin bir qanadı, qolu yoxdur. Hər nə ediriksə, ikimiz birlikdə edirik. Nə müvəffəqiyyətim varsa, sinif yoldaşım, parta yoldaşım və həyat yoldaşıma – Əkbərə borcluyam. Böyütdüyümüz üç övladımızın yaxşı təhsil almasında da, mənim uğurlarımda, əməyimdə də onun payı, zəhməti çoxdur.
Böyük mənəviyyata malik bu zəhmətkeş ailə ilə söhbət etmək, xüsusilə qəhrəmanım Aybəniz müəllimin zəhmətkeşliyini, dünyaya baxışını yaxından müşahidə etmək məndə çox böyük təəssürat yaratdı. Və bildiyim bir şeyi onlar mənə yenidən xatırlatdı: insan yaşından, cəmiyyətdəki statusundan, peşəsindən, yaşadığı yerdən asılı olmayaraq, hər zaman böyük amallar, təmiz duyğular uğrunda mübarizə aparmağı bacarmalıdır. Cəmiyyətin layiqli üzvü olmağa çalışmalı və bu yolda yeni davamçılar yetişdirmək üçün sabaha inamla baxmalıdır. Elə Əkbər əmi və Aybəniz müəllim kimi...
Məmməd Babayev