8 dekabr 2021-ci il tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamının icrası ilə bağlı növbəti tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Çap əsərlərinin təsviri” mövzusunda keçirilən açıq dərsdə Naxçıvan Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan tələbələri iştirak etmişdir.
Açıq dərsi giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd etmişdir ki, biblioqrafik təsvir sənədlər haqqında ən mühüm məlumatları əks etdirən biblioqrafik əlamətlərin müəyyən toplusudur. Biblioqrafik təsvir biblioqrafik yazının əsas hissəsini təşkil edir. Sənədlər biblioqrafik təsvirdə elə əks olunmalıdır ki, oxucu sənəd haqqında ən mühüm məlumatı əldə edə bilsin. Təsvirin ünsürləri dəqiq, düzgün, konkret, məntiqi ardıcıllıqla verilməlidir.
Sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kitabişləmə və kataloqlaşdırma şöbəsinin müdiri Əzizə Süleymanzadə “Çap əsərlərinin təsviri” mövzusunda çıxış edərək bildirmişdir ki, biblioqrafik təsvirlər standartlara əsaslanır. Standartlaşdırma müxtəlif məlumat sahələrində, istər ənənəvi, istərsə də elektron kataloqların tərtibində təsvirin metodikasını daha da yaxşılaşdırmağa təsir edir və mübadilə səmərəliliyini yüksəldir. Hazırda biblioqrafik təsvir 7.1-2003 dövlət standartına əsasən həyata keçirilir.
Biblioqrafik təsvirin tərtib edilməsinin obyektini bütün dərc edilən sənəd növləri və müxtəlif daşıyıcılarda dərc edilməmiş sənədlər - kitablar, seriyalı və digər ardı davam edən resurslar, notlar, kartoqrafik nəşrlər, audiovizual, təsviri incəsənət və normativ - texniki sənədlər, mikrofilmlər, elektron informasiya resursları, digər üçölçülü süni və təbii obyektlər, sənədlərin tərkib hissəsi, eyni tipli və müxtəlif tipli sənədlər qrupu təşkil edir. Təsvirin quruluşundan asılı olaraq birsəviyyəli və çoxsəviyyəli biblioqrafik təsvirlər müəyyən edilir.
Sonra tələbələri maraqlandıran suallar cavablandırılmış, biblioqrafik təsvirin tərtib edilməsi əyani olaraq göstərilmişdir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət
Nazirliyinin mətbuat xidməti