21 Dekabr 2024, Şənbə

Naxçıvan Dövlət Musiqili Dram Teatrında Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.


Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədov açıb. Bildirilib ki, doğma Vətənimizdə milli dəyərlərimizin, mədəniyyət və incəsənətimizin qorunmasına, zənginləşdirilməsinə həmişə diqqət və qayğı göstərən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ustad sənətkar Aşıq Ələsgərin sənəti və yaradıcılığı öyrənilmiş, 1997-ci ildə 175 illik yubileyi dövlət səviyyəsində qeyd edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il 18 fevral tarixdə “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” və 2021-ci il 30 noyabr tarixdə Bakı şəhərində “Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında” sərəncamlar imzalamışdır.

Emin Məmmədov vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2021-ci il 22 fevral tarixdə Aşıq Ələsgərin 200 illik yubileyinin muxtar respublikada qeyd olunması ilə əlaqədar Sərəncam imzalamış, “Tədbirlər Planı” təsdiq olunmuşdur. “Tədbirlər Planı”na əsasən 19 may tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, Yazıçılar Birliyi və ali təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə “Aşıq Ələsgər – 200” mövzusunda elmi konfrans, Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində Aşıq Ələsgərin həyat və yaradıcılığına həsr olunmuş interaktiv dərs keçilmiş və bu dərs muxtar respublikanın 200-dən çox məktəbində izlənilmişdir. Bundan əlavə, Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş yaradıcılıq müsabiqəsi keçirilmiş, muxtar respublikanın musiqi təhsili müəssisələrində Aşıq Ələsgərin yaradıcılığından bəhs edən ustad dərsləri tədris olunmuşdur. “Aşıq Ələsgər və Naxçıvan” mövzusunda elmi araşdırmalar aparılmış, 14 elmi məqalə, 7 qəzet məqaləsi nəşr olunmuş, 3 teleradio verilişi hazırlanmışdır. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının bir nömrəsi Aşıq Ələsgərin 200 illik yubileyinə həsr edilmişdir. Aşıq Ələsgərin həyat və yaradıcılığına həsr edilmiş teleradio və qəzet materialları hazırlanmış, keçirilən tədbirlər mətbuatda işıqlandırılmışdır.
Tədbirdə AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov Aşıq Ələsgər yaradıcılığının sənətkarlıq xüsusiyyətlərindən, mövzu və janr rəngarəngliyindən, ədibin öz sənətkarlıq üslubu ilə bədii dilimizin zənginləşməsindəki rolundan, fərdi üslubunun yüksək keyfiyyət göstəricilərindən bəhs edib.
Naxçıvan Muxtar Respublikasının Aşıqlar Birliyinin sədri Tural Bağırov isə “Aşıq Ələsgər xalq yaradıcılığının görkəmli ustadı kimi” mövzusunda çıxış edərək qüdrətli söz ustadının bədii yaradıcılıq istiqamətlərindən və aşığın irsinə dövlət qayğısından söz açıb.
Naxçıvan Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Xanəli Kərimli “Aşıq Ələsgər aşıq ədəbiyyatının yaradıcısı kimi” mövzusunda çıxışında Aşıq Ələsgər yaradıcılığında məhəbbət lirikasının sənətkarlıq xüsusiyyətləri, məhəbbət mövzulu şeirlərinin bədii-estetik janrından, insan gözəlliyinin tərənnümündən danışıb.
Sonda Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorları və Aşıqlar Birliyinin əməkdaşları tərəfindən Aşıq Ələsgərin əsərləri əsasında ədəbi-bədii və musiqili kompozisiya təqdim edilib.


“Şərq qapısı”

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR