31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Tarix dəfələrlə sübut edib ki, milli həmrəylik və ideologiya bir xalqın müstəqilliyi üçün ən mühüm amildir. Çünki həmrəylik olmadan müstəqillikdən, müstəqillik olmadan dövlətçilikdən bəhs etmək mümkün deyil. Azərbaycan xalqı xoşbəxt xalqlardandır ki, onun müstəqillik arzularını gerçəkləşdirən və bu müstəqilliyi milli həmrəylik və ideologiya üzərində inşa edən ümummilli lider Heydər Əliyev kimi dühası olub. Ulu öndərin bu siyasi irsi 1991-ci il dekabrın 16-da onun rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr – Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul olunması ilə bir daha təsdiq edilib. Həmin qərara əsasən 1991-ci ilin 31 dekabr tarixi muxtar respublikada ilk dəfə olaraq həmrəylik bayramı kimi qeyd edilib. Dünyada yaşayan bütün azərbaycanlıların birlik və həmrəyliyi istiqamətində atılmış ilk addım olan bu bayram xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynayıb.
Ümummilli lider Heydər Əliyev həmin sessiyadakı çıxışında qərarın tarixi-siyasi əhəmiyyətini vurğulayaraq demişdir: “Dünya Azərbaycan Türklərinin Milli Həmrəylik və Birlik Günü haqqında məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisi sessiyasında müzakirə olunması, böyük siyasi əhəmiyyətli qərar qəbul edilməsi Azərbaycan türklərinin uzun illər ayrılıqdan sonra birləşməsi yolunda ilk addımdır. Biz böyük qürur hissi ilə qeyd edə bilərik ki, bu, məhz Naxçıvanda, qədim Türk diyarında irəli sürülmüşdür”.
Ötən əsrin son onilliyində atılmış bu addım növbəti illərdə dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində həyata keçirilən tədbirlərin kütləvi xarakter almasında, xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynamışdır. Azərbaycanın yenidən bərpa olunmuş müstəqilliyinin ilk kövrək illərində dünya azərbaycanlılarının vahid ideologiya ətrafında təşkilatlanması və birləşməsi ulu öndərin müstəqil Azərbaycanın gələcək inkişafı üçün həyata keçirdiyi ən mühüm tədbirlərdən biridir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli həmrəyliyimizin yaradılmasının ulu öndərin adı ilə bağlı olduğunu bildirərək demişdir: “Dünya azərbaycanlılarının həmrəyliyi və birliyi üçün ulu öndər çox böyük səylər göstərmişdir. Hələ 1991-ci ildə Naxçıvanda Onun təşəbbüsü ilə 31 Dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” kimi elan edilmişdir. Bu gün, 31 dekabr bizim milli bayramımızdır”.
Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü həm də buna görə çox əhəmiyyətlidir ki, həmin dövrdə muxtar respublikada görülən məqsədyönlü işlərdə milli birlik və həmrəylik ön sırada dayanırdı. İşğal təhlükəsi ilə üz-üzə qalmış, dünyadan, demək olar ki, təcrid olunmuş Naxçıvanın sabaha gedən yolu, məhz muxtar respublika sakinlərinin ümummilli liderimizin ətrafında sıx birləşməsi, milli həmrəylik nümayiş etdirməsi ilə mümkün olmuşdur. Təsadüfi deyil ki, 1992-ci il noyabrın 21-də Naxçıvanda yaradılan Yeni Azərbaycan Partiyasının əsas ideoloji xətti də milli birlik və həmrəylik, Azərbaycançılıq olmuşdur.
Dünya azərbaycanlılarının milli həmrəyliyi istiqamətində görülən işlər ulu öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra daha da genişlənmiş, Azərbaycan diasporunun və lobbisinin formalaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü işlər aparılmışdır. Dünya azərbaycanlılarının müstəqil dövlət, vahid məqsəd ətrafında sıx birləşdirilməsi ideyasının müəllifi olmuş ümummilli liderimiz xarici ölkələrə etdiyi çoxsaylı səfərlərdə diasporumuzun nümayəndələri ilə görüşlər keçirmiş, onların problem və qayğıları ilə yaxından maraqlanmışdır. Bu görüşlər dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız üçün mənəvi dayaq və güvənc yeri olmuşdur.
Dünya azərbaycanlılarının təşkilatlanması və ümummilli ideyalar ətrafında birləşdirilməsi yolunda həyata keçirilən tədbirlərdən biri görkəmli dövlət xadiminin “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” 2001-ci il 23 may tarixli Sərəncamına uyğun olaraq həmin ilin 9-10 noyabrında Bakıda təşkil edilən qurultay olmuşdur. Bu qurultay milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvəsi olmaqla yanaşı, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələrinin möhkəmləndirilməsi, eyni zamanda diaspor quruculuğunun təkmilləşdirilməsi işinə öz böyük töhfəsini vermişdir. Ümummilli lider həmin qurultayda çıxış edərək dünya azərbaycanlılarının həmrəyliyini vacib bir vəzifə kimi önə çəkmiş, bunun üçün zəruri olan istiqamətləri diqqətə çatdırmışdır. Qurultay müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması baxımından mühüm tədbir olmaqla yanaşı, soydaşlarımızın həyatında tarixi ictimai-siyasi hadisə kimi yadda qalmışdır. Bu mühüm tədbirdən sonra diaspor təşkilatlarının fəaliyyətində canlanma yaranmış, dünya azərbaycanlılarını birləşdirən təşkilatlar daha aktiv fəaliyyət göstərməyə başlamışlar. Görülən işlərin nəticəsidir ki, hazırda dünyanın müxtəlif yerlərinə səpələnmiş azərbaycanlılar yaşadıqları xarici ölkələrdə cəmiyyətin iqtisadi, ictimai-siyasi və mədəni həyatına daha çox inteqrasiya olunur, həmin ölkələrlə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında yaxından iştirak edirlər.
Bu gün ümummilli liderimiz Heydər Əliyevin milli birlik, həmrəylik və Azərbaycançılıq ideyaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının bu sahədə gördüyü işlər dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın Vətənə bağlılıqlarının artırılmasına mühüm töhfələr vermişdir. Eyni zamanda bu günədək keçirilən qurultaylar ölkədən kənarda yaşayan soydaşlarımızın Azərbaycanla əlaqələrində mühüm rol oynamışdır. Prezident cənab İlham Əliyevin 2006-cı il fevralın 8-də imzaladığı Sərəncama əsasən həmin il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi diaspor quruculuğu işinin yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan vermişdir. Ölkə başçısının 2008-ci il noyabrın 19-da imzaladığı Fərmanla isə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmış, dekabrın 19-da Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının iclasında Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edilmişdir. Bundan 3 il sonra – 2011-ci il iyulun 5-də Dünya Azərbaycanlılarının III, 2016-cı il iyunun 3-4-də isə IV qurultayları keçirilmişdir. Bu qurultaylarda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, xarici ölkələrdə yaşayan azərbaycanlı elm, ictimai və mədəniyyət xadimləri, sahibkarlar iştirak etmişlər. Qurultaylar düşmən təxribatlarının qarşısının alınması istiqamətində mühüm rol oynamış, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birlik və həmrəyliyinin təntənəsinə çevrilmişdir.
Bu gün xarici ölkələrdə yaşayan soydaşlarımızın ümummilli ideyalar ətrafında birləşməsi üçün daha geniş imkanlar yaranıb. İldən-ilə siyasi, iqtisadi, mədəni, diplomatik nüfuzu artan Azərbaycan artıq beynəlxalq aləmdə mühüm tərəfdaşlardan birinə çevrilib. Ölkə rəhbərliyi tərəfindən dünya azərbaycanlılarının toplaşdığı diaspor təşkilatları ilə daha yaxından iş aparılır. Bunun nəticəsində Azərbaycan haqqında məlumatlar daha obyektiv və sistemli şəkildə bütün dünyaya çatdırılır. Qürurverici haldır ki, milli birliyimiz və həmrəyliyimiz ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsində özünü bir daha göstərdi. Bu birliyin nəticəsində hər bir Azərbaycan vətəndaşı bir yumruq tək birləşərək 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etdi. Dünya Azərbaycan xalqının birliyinə bir daha şahid oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur”.
Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycan bu gün bütün dünya azərbaycanlılarının güvənc yeridir. Tarixi Qələbədən keçən bir il müddətdində dünya azərbaycanlıları milli mənlik şüuru əsasında sıx birləşməyin əhəmiyyətini indi daha dərindən dərk edirlər. Hər kəs anlayır ki, Azərbaycan xalqının varlığı və gələcəyi, milli dövlətçiliyimizin əbədi olaraq davam etməsi dünya azərbaycanlılarının birliyindən və mütəşəkkilliyindən çox asılıdır. Ölkə Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində dünya azərbaycanlılarına müraciətlərinin birində dediyi kimi: “Ümidvaram ki, harada yaşamalarından asılı olmayaraq, soydaşlarımız məskunlaşdıqları ölkələrin həyatına inteqrasiya ilə yanaşı, öz milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini, tarixi Vətənlə bağlılığı qoruyacaq, Azərbaycanın bu günü və aydın sabahı naminə əməl və əqidə birliyi, sarsılmaz həmrəylik nümayiş etdirəcəklər. Xarici ölkələrdəki çoxsaylı diaspor təşkilatlarımızın gələcəkdə də əzmkar iradə və yüksək vətənpərvərliklə bu amallar uğrunda çalışacağına, xalqımızın və dövlətimizin şərəfli adını daim uca tutacağına inanıram”.
“Şərq qapısı”