21 Dekabr 2024, Şənbə

Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə “Naxçıvan beynəlxalq ticarət və logistika mərkəzi kimi” mövzusunda beynəlxalq onlayn elmi konfrans keçirilib. Tədbirdə çıxış edən ali təhsil ocağının rektoru, dosent Elbrus İsayev qeyd edib ki, konfrans universitetdə yeni açılan və gələcək perspektivləri yüksək olan Beynəlxalq ticarət və logistika ixtisasının əsas məqsədi qloballaşan dünyada olan beynəlxalq bazarları, ticarəti və xüsusilə də beynəlxalq yükdaşımanı öyrənmək və nəzəri biliklərini biznesin müxtəlif sahələrində praktik olaraq tətbiq etmək bacarığı olan kadrlar yetişdirməkdən ibarətdir. Rektor qitələrarası inteqrasiyanın təmin edilməsində İpək Yolunun əhəmiyyətini diqqətə çəkərək beynəlxalq İpək Yolunun üzərində yerləşən türkdilli dövlətlərin təşəbbüsü ilə reallaşan enerji, nəqliyyat və infrastruktur layihələrinin önəmindən bəhs edib.


İqtisad elmləri doktoru, professor Teymur Abbasov “Naxçıvanın nəqliyyat logistika mərkəzinə çevrilməsi işğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafında əsas amildir” mövzusunda çıxışı zamanı diqqətə çatdırıb ki, Şuşa Bəyannaməsində qeyd olunan müddəalara əsasən Naxçıvanın yaxın gələcəkdə beynəlxalq ticarət və logistikanın mərkəzinə çevriləcəyi şübhəsizdir. Bildirilib ki, Azərbaycan və Türkiyəni Naxçıvan vasitəsilə birləşdirən Zəngəzur dəhlizinin açılması əlaqələrin intensivləşməsinə mühüm töhfə verəcək.
Azərbaycan Dövlət İqtisad Universitetindən konfransa onlayn qoşulan iqtisad elmləri doktoru, professor Mübariz Bağırov “Naxçıvanın logistika mərkəzi kimi inkişaf perspektivləri” mövzusunda çıxış edib, Naxçıvanda regional əhəmiyyətli logistika və ticarət qovşağının yaradılması, onun aparıcı mövqeyinin bu ərazidə təmin edilməsi barədə danışıb.
Tədbirdə onlayn olaraq çıxış edən Ərzurum Atatürk Universitetinin professoru Kərəm Qarabulut “Qars-İqdır-Naxçıvan-Bakı dəmir yolu inkişafında Naxçıvanın körpü rolu” mövzusunda danışaraq qeyd edib ki, bu kommunikasiya, xüsusilə iki ölkənin kiçik və orta biznesinin inkişafında mühüm rol oynayacaq.
Konfransın digər onlayn iştirakçılarından Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşı, iqtisad elmləri doktoru, professor Rəsul Balayev “Beynəlxalq logistika şəbəkəsində rəqəmsal texnologiyalardan istifadə perspektivləri” mövzusundakı çıxışında bildirib ki, investisiya siyasəti inkişafın strukturunu təyin edən əsas amildir. Bu istiqamətlərdə görülən işlərdə rəqəmsal texnologiyalardan istifadə etmək zəruridir.
Konfrans bölmə iclasları ilə davam edib.

Naxçıvan Dövlət Universitetinin mətbuat və
ictimaiyyətlə əlaqələr bölməsi

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR