Naxçıvan Dövlət Texniki Kollecinin rəsmi internet saytının təqdimatı keçirilib.
Təqdimatda Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək qeyd etmişdir ki, muxtar respublika rəhbərinin təhsilə göstərdiyi qayğı sayəsində digər təhsil müəssisələri kimi Naxçıvan Dövlət Texniki Kollecində də müəllimlərin səmərəli fəaliyyət göstərməsi və tələbələrin yüksəkkeyfiyyətli təhsil almaları üçün zəruri imkanlar yaradılmışdır. Muxtar respublikanın əmək bazarı və kadr tələbatına uyğun olaraq kollecdə 10 ixtisas üzrə mütəxəssis hazırlığı aparılır. Hazırda kollecdə 556 tələbə təhsil alır. Orta ixtisas təhsilinin inkişafına göstərilən diqqət kollecə marağı artırmış, təhsillərini kollecdə davam etdirmək istəyənlərin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunmuşdur. Bunun təsiri özünü, ilk növbədə, kollecə keçirilən imtahanlarda minimum keçid ballarının yüksəlməsində göstərmişdir. Əgər 2020-2021-ci tədris illərində kollecə qəbul olanlar içərisində minimum bal 92 olmuşdursa, cari tədris ilində bu göstərici 108 bal təşkil etmişdir.
Nazir qeyd etmişdir ki, 2019-cu ildən etibarən kolleci bitirən subbakalavrlar üçün orta müvəffəqiyyət göstəricisinə görə ali təhsil almaq imkanı yaradılmışdır. Bunun nəticəsidir ki, 2019-cu ildə 43, 2020-ci ildə 72, 2021-ci ildə isə 106 olmaqla, ümumilikdə, kollecin məzunlarından 221-i ali təhsil müəssisələrinə qəbul olmuşdur ki, onlardan da 45-i ötən tədris ilində kolleci bitirənlərdir.
Təhsil naziri yeni internet saytının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, saytdakı məlumatların daim yenilənməsi ilə bağlı tapşırıqlar vermişdir.
Sonra Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov təqdimat iştirakçılarına orta ixtisas təhsili müəssisəsində tədris prosesi, o cümlədən tələbələrin informasiya texnologiyalarından səmərəli istifadəsi üçün həyata keçirilən tədbirlər barədə geniş məlumat vermişdir. Daha sonra Naxçıvan Dövlət Texniki Kollecinin müəllimi Pərviz Quliyev kollecin rəsmi internet səhifəsi və elektron xidmətlər haqqında tədbir iştirakçılarına məlumat vermişdir. Bildirilmişdir ki, dizayn, proqram, informasiya təminatı, istifadəçi rahatlığı, texniki imkanlar və interaktivlik baxımından lazımi tələblərə cavab verən sayt Naxçıvan Dövlət Texniki Kollecinin fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə görülən işlərin geniş və operativ şəkildə ictimaiyyətə çatdırılmasını, kollecdə təhsilin keyfiyyətinin yüksəldilməsini, orta ixtisas təhsilinə dair normativ-hüquqi bazanın vahid mənbədə cəmləşdirilməsini təmin edir.
Sayt struktur, funksionallıq və zəngin məlumat bazası baxımından fərqlənir. Sayt 10 bölmə və 55 altbölmədən ibarətdir. Saytda istifadə rahatlığı üçün ən çox müraciət olunan bölmələr ana səhifədə cəmləşdirilib, istifadəçilərin hər hansı bir məlumatı asanlıqla əldə edə bilmələri üçün axtarış sistemi və arxiv yaradılmışdır. Onun müxtəlif fayl arxivlərində elmi-pedaqoji, tədris-metodik, dərslik, normativ-təlimat, texniki, təşkilati məlumat və tədris sistemləri yer alır. Sayt istifadəçiləri, həmçinin kollecin fəaliyyət sahəsinin müxtəlif istiqamətləri üzrə tətbiq edilən yenilikləri və normativ-hüquqi bazanı vahid mənbədən ala biləcəklər.
Tədbirin sonunda kollecin internet saytı və göstəriləcək elektron xidmətlərlə bağlı suallar cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti