21 Dekabr 2024, Şənbə

Qalib dövlət, Cənubi Qafqazın lideri, qlobal məsələlərdə söz sahibi, regionun tranzit qovşağı və s… Bunlar hazırda müasir Azərbaycanı xarakterizə edən və onu tarixinin ən qüdrətli dövlətinə çevrilməsini şərtləndirən gerçəkliklərin yalnız bir qismidir. Bəli, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi yüksəliş strategiyasının Prezident İlham Əliyevin əzmkarlığı, qətiyyəti, xarizması, yüksək siyasi və liderlik keyfiyyətləri ilə həyata vəsiqə alması bütün bu nailiyyətlərimizi layiqincə təmin etməkdədir.

Ulu Öndərin qoruduğu, xilas etdiyi və inkişaf yoluna çıxardığı vətənimiz məhz İlham Əliyev fenomeninin fitri idarəçilik və liderlik keyfiyyətləri sayəsində hazırda özünün parlaq yüksəliş dövrünü yaşayır. Möhtərəm Prezident İlham Əliyevin rəhbərlik etdiyi ötən 18 ildə Azərbaycan olduqca qürurdoğuran uğurlara imza atıb, öz dövlətçilik tarixinin ən güclü inkişaf mərhələsinə qədəm qoyub. Bu dövrdə həyata keçirilmiş genişmiqyaslı tədbirlər, sistemli, ardıcıl və dərin islahatlar nəticəsində hazırda Azərbaycan makroiqtisadi baxımdan sabit, təhlükəsiz və sürətlə inkişaf etməkdə olan ölkə, həmçinin regionun siyasi, iqtisadi və mədəni mərkəzidir. Respublikamız irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, şimaldan cənuba, şərqdən qərbə və əksinə gedən beynəlxalq nəqliyyat dəhlizlərinin əsas qovşağıdır. Azərbaycana regionun aparıcı dövləti statusu, qlobal miqyasda isə yüksək nüfuz qazandıran bütün bu nailiyyətlərimiz beynəlxalq ictimaiyyətin də qəbul etdiyi tarixi reallıqlardır.

Əlbəttə, Azərbaycanın nailiyyətlərinin əsas səbəbi Prezident İlham Əliyevin qətiyyətli və prinsipial rəhbər olmasıdır. Dövlətimizin başçısı öz fəaliyyətində milli maraqlar naminə cəsarətli qərarlar qəbul etmək bacarığını daim nümayiş etdirib, istənilən beynəlxalq məsələdə Azərbaycanın mənafelərini qətiyyətlə və layiqincə təmin edib. Kənar təzyiqləri inamla dəf edən, müstəqil siyasət yürüdən dövlətimiz bu müddətdə qarşıya qoyduğu hədəflərə inamla yetişib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə dinamik inkişaf dövrünə qədəm qoyub. Bu dövrdə Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş gənclər siyasəti də uğurla həyata keçirilib, müvafiq dövlət proqramlarının və qərarların fonunda mahiyyətcə yeni mərhələyə yüksəlib. Bu isə dövlətimizin hər bir vətəndaş üçün yaratdığı imkanlardan əhalinin bütün təbəqələri kimi gənclərin də hərtərəfli yararlanmasına şərait yaradıb. Bunun nəticəsidir ki, gənc nəslin nümayəndələri üzərlərinə düşən milli və mənəvi borclarını layiqincə yerinə yetirir, respublikamızın siyasi, ictimai, mədəni və iqtisadi həyatında aktiv iştirak edirlər. Ötən ilin Vətən müharibəsində on minlərlə gəncin torpaqlarımızın azadlığı uğrunda silaha sarılmaq üçün müraicət etməsi də respublikamızda həyata keçirilən gənclər siyasətinin təntənəsi idi. Həmin gənclər heç vaxt Qarabağı, Şuşanı görməmişdilər, lakin hər birinin qəlbində Qarabağ sevgisi var idi. Məhz möhtərəm İlham Əliyevin mütərəqqi gənclər siyasəti onların hər birinin layiqli və vətənpərvər gənclər kimi formalaşmasında mühüm rol oynamışdı. O cümlədən Naxçıvandan olan gənclərimiz də bu savaşda qəhrəmanlıq dastanları yazmışdılar.

Ötən 18 ildə Azərbaycanın yüksəlişinin əsas göstəricilərindən biri regionların sürətli inkişaf yoluna çıxarılması, şəhər və rayonlarımızın, kənd və qəsəbələrimizin abadlaşdırılmasıdır. Bütün bunları respublikamızın dilbər guşələrindən olan Naxçıvan Muxtar Respublikasının timsalında daha aydın görmək mümkündür. Bu illər ərzində cənab Prezidentin xüsusi diqqət və qayğısı, dövlət proqramlarında qarşıya qoyulan məqsəd və vəzifələrin ən yüksək səviyyədə icra olunması nəticəsində Naxçıvan Muxtar Respublikası sürətlə inkişaf edib.

İndiyədək dövlət başçısının Naxçıvana 15 dəfə səfər etməsi cənab İlham Əliyevin muxtar respublikaya olan yüksək diqqətinin təcəssümüdür. Prezident İlham Əliyevin bu ilin may ayında etdiyi 15-ci səfər muxtar respublikanın həyatında əlamətdar hadisəyə çevrildi. Respublikamızda möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə gedilən inkişaf yolu Naxçıvan Muxtar Respublikasının timsalında xüsusilə aydın görünür. Naxçıvanda bütün sahələr üzrə əldə olunan göstəricilər ən gözəl nümunə kimi diqqət çəkir.

Ümumiyyətlə, Prezident İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi illər çoxsaylı uğurlarla zəngindir. 2020-ci ilin Vətən müharibəsində Azərbaycanın hərbi zəfəri isə möhtərəm İlham Əliyevin respublikamıza rəhbərliyinin ən böyük tarixi hadisəsidir. Bu qələbənin memarı, müəllifi olan Ali Baş Komandan İlham Əliyev torpaqlarımızı azad etməklə bir lider olaraq tarixi missiyanı yerinə yetirdi. Cənab İlham Əliyevin qətiyyəti, xalqımızın birliyi və Ordumuzun gücü nəticəsində qazanılan bu qələbə indi bizi bütün dünyaya müzəffər xalq, qalib dövlət kimi tanıdır. Prezident İlham Əliyevin xüsusi nəzarəti ilə işğaldan azad olunmuş ərazilərimizin ən müasir səviyyədə bərpa edilməsi isə qələbəmizin növbəti təntənəsi olacaq.

Cənab İlham Əliyevin müdrik rəhbərliyi nəticəsində Azərbaycanın əldə etdiyi yüksək nailiyyətlər müasir müstəqillik tariximizin ən əlamətdar hadisələridir. Tarixinin ən qüdrətli dövrünü yaşayan dövlətimizin uğurları bundan sonra da davamlı olacaq.

 

Cəbi QULİYEV,

Milli Məclisin deputatı

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR