Dövlət proqramı icra olunur
Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının əsas sahələrindən birini meyvəçilik və tərəvəzçilik təşkil edir. Bu sahənin inkişafında kompleks yanaşmanı ehtiva edən tədbirlərin sayı ildən-ilə artır və əhalinin meyvə-tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi daim diqqətdə saxlanılır. Aparılan məqsədyönlü tədbirlərin nəticəsidir ki, ötən dövrdə meyvə-tərəvəz əkinlərinin sahəsi genişləndirilmiş, müvafiq sahələr üzrə məhsuldarlıq yüksəlmiş, meyvəçiliyin və tərəvəzçiliyin davamlı inkişafı təmin olunmuşdur.
Bu müsbət tendensiyanın davamlılığını təmin etmək, meyvə-tərəvəzə olan tələbatın yerli istehsal hesabına ödənilməsi və ixrac imkanlarının artırılmasına, müvafiq sahədə ailə təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsinə, müasir texnologiyalar əsasında yeni meyvə və tərəvəz emalı müəssisələrinin qurulmasına nail olmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət proqramının həyata keçirilməsi üzrə təsdiq olunmuş tədbirlər planında digər qurumlarla yanaşı, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin qarşısına da müəyyən vəzifələr qoyulmuşdur.
Muxtar respublika ərazisində mövcud meyvə bağları və yaşıllıq sahələrinin inventarlaşdırılması məqsədilə işçi qrupu yaradılmış, kameral şəraitdə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan (həyətyanı torpaq sahələri istisna olmaqla) meyvə bağları və yaşıllıq sahələrinin əraziləri müəyyənləşdirilmişdir. Xidmətin mütəxəssisləri tərəfindən ərazi vahidləri üzrə ölçmə-dəqiqləşdirmə işləri aparılmış, meşə, meşə zolağı və çoxillik əkmələrin mülkiyyət növləri və sahələri dəqiqləşdirilmişdir. Həmin ərazilərin mülkiyyət növləri və uqodiyalar üzrə xəritələri hazırlanmış, eksplikasiyası tərtib olunmuşdur.
Meşə sahələrinin inventarlaşdırılması zamanı Şərur rayonu üzrə 300, Babək rayonu üzrə 528, Ordubad rayonu üzrə 171, Culfa rayonu üzrə 229, Şahbuz rayonu üzrə 2735 və Naxçıvan şəhəri üzrə 32 hektar, ümumilikdə, muxtar respublika üzrə 3995 hektar meşə sahəsi müəyyənləşdirilərək xəritələşdirilmişdir.
Bundan əlavə, muxtar respublika üzrə 888 hektar yaşıllıq zolağı müəyyən edilərək xəritələşdirilmişdir ki, bunun 110 hektarı Şərur, 259 hektarı Babək, 50 hektarı Ordubad, 118 hektarı Culfa, 34 hektarı Şahbuz, 71 hektarı Kəngərli, 38 hektarı Sədərək rayonlarının, 208 hektarı isə Naxçıvan şəhərinin ərazisində qeydə alınmışdır. 2010-cu illə müqayisədə yaşıllıq zolaqlarının sahəsi 2,4 dəfə və ya 517 hektar artmışdır.
Həyətyanı torpaq sahələrində salınmış meyvə bağları istisna olmaqla bütün mülkiyyət növləri üzrə plana alınmış 2359 hektar çoxillik əkmələrin 2004 hektarı meyvə bağları, 355 hektarı üzümlüklər olmuşdur. Şərur rayonu üzrə 471 hektar meyvə bağı, 10 hektar üzümlük, Babək rayonu üzrə 440 hektar meyvə bağı, 301 hektar üzümlük, Ordubad rayonu üzrə 160 hektar meyvə bağı, 2 hektar üzümlük, Culfa rayonu üzrə 175 hektar meyvə bağı, 19 hektar üzümlük, Şahbuz rayonu üzrə 151 hektar meyvə bağı, 13 hektar üzümlük, Kəngərli rayonu üzrə 301 hektar meyvə bağı, 6 hektar üzümlük, Sədərək rayonu üzrə 189 hektar meyvə bağı, 2 hektar üzümlük, Naxçıvan şəhəri üzrə 117 hektar meyvə bağı, 2 hektar üzümlük plana alınmışdır.
2010-cu illə müqayisədə çoxillik əkmələrin sahəsi 82 faiz və ya 1228 hektar artırılaraq həyətyanı torpaq sahələrində salınmış meyvə bağları ilə birlikdə 6793 hektara çatdırılmışdır.
Muxtar respublikanın iqlim şəraitinə uyğun və yüksək məhsuldarlığa malik yerli meyvə-tərəvəz sortlarının bərpası və tətbiq olunması, əkin atlaslarına uyğun olaraq meyvə-tərəvəz əkinlərinin aparılması məqsədilə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə birlikdə Ordubad rayonunun Çənnəb, Babək rayonunun Yuxarı Uzunoba və Culfa rayonunun Dizə kəndlərində maarifləndirici tədbirlər keçirilmişdir. Torpaqların qida maddələri ilə təmin olunmasına dair yenilənmiş kartoqramlar Ordubad rayonunun Çənnəb, Üstüpü və Aza, Babək rayonunun Şıxmahmud və Yuxarı Uzunoba, Culfa rayonunun Dizə və Şurud bələdiyyələrinə təqdim edilmişdir.
Görülən işlər deməyə əsas verir ki, meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə qəbul olunmuş Dövlət proqramlarının uğurlu icrası yeni meyvə bağlarının salınmasına şərait yaradıb, bu sahəyə aid məhsulların idxalını aradan qaldırıb.
Naxçıvan Muxtar Respublikası
Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Xidmətinin
mətbuat xidməti