30 Dekabr 2024, Bazar ertəsi

                100 yaşlı qəzetimizin bir iş günündən…

                Səhər saat 9-a dəqiqələr qalır. İş saatı 9-da başlayanlar iş yerinə tələsirlər. Elə mən də… Budur, içində hüzura qovuşduğum, rahatlıq tapdığım ikinci evim... Dəfələrlə olub ki, qarşısında ayaq saxlayıb, üzərindəki “Şərq qapısı” qəzeti yazısını qürurla, fərəhlə izləyib, “yaxşı ki” demişəm. Çünki bu yer mənə “işləmək, yorulmaq” düşüncəsiylə gəldiyim iş yeri deyil, gördüyüm işlə mənəvi rahatlıq tapıdığım ünvandır. Doğma diyarımızın çiçəklənməsini, bugünkü inkişafını qəzet səhifələrində çələngtək toxuyan qəzet fədailəri redaksiyaya tərəf irəliləyir. Qapıdan içəri keçdikdə hamımızın “Cəlal əmi” deyə səslədiyi mühafizəçi bizi xoş əhvali-ruhiyyə ilə salamlayır. 

                Ağlımda bu gün görəcəyim işlərin planını tuta-tuta yaraşıqlı redaksiya binasının pillələrini addım-addım qalxıram. Üçmərtəbəli binanın ikinci mərtəbəsi gündən-günə gülüstan olan diyarımızın çiçəklənən dövrünü salnaməyə çevirən qələm sahiblərinin yazılarını kitab, qəzet səhifələrində əbədiləşdirən nəşriyyat fədailərinin öz evi qədər doğma bildiyi nəşr ocağıdır. Artıq illərdir, qarşılaşdığım, salamlaşdığım nəşriyyat işçiləriylə hal-əhval edib pillələri irəliləməyə davam edirəm.

                 Artıq 3-cü mərtəbədə –  redaksiyadamızdayam. Xoş təbəssümlə ətrafa nəzər salır, qarşılaşdığım hər kəslə salamlaşır, qəbul otağına doğru addımlayıram, “İşə davamiyyət” kitabçasına imza atmaq üçün. Yəqin ki, bu bütün iş yerləri üçün bir qaydadır, adətən saat 9-dan gec olmayaraq işdə olub, saat 1800-da günlük iş fəaliyyətini yekunlaşdırmaq. Ancaq qəzet fədailəri üçün “iş saatı” deyə konkret bir qayda yoxdur. Bizim işimizin bitməyi üçün günün aktual mövzularını, xəbərləri araşdırıb işləməkdən tutmuş, yazı və məqalələri könüloxşayan dizaynla qəzet səhifələrinə yerləşdirmək, hərfbəhərf, sətirbəsətir, cümləbəcümlə redaktə, korrektə etmək, bir sözlə, uşaqtək qayğıya ehtiyacı olan qəzetimizin nazını çəkərək onu nəşrə göndərməyə qədər bir-birini tamamlayan onlarla işi görüb yekunlaşdırmaq gərəklidir. Yalnız bu işlər bitdikdən sonra ikinci doğma evimizlə sabahadək sağollaşa bilərik. Bir sözlə, bəzən gecəyarısına qədər redaksiyada məsul işçilər kimi sabahın yüzlərlə abunəçisinin görüşünə gedəcək qəzetin nömrəsinin “keşiyini çəkirik”. Buna baxmayaraq, kollektivimiz bu gərgin iş rejimindən əsla yorulmur, usanmır. Axı bu gün ərsəyə gələcək qəzetin yeni nömrəsi sabah üçün dəyərli bir arxiv sənəti, muxtar respublikamızın bugünkü xoş növrağını gələcək nəsillərə çatdıran salnaməyə çevriləcək. Və bu salnamədə bizim də imzamız olacaq. Necə də qürurvericidir, elə deyilmi!? Buna görə də bir anaya övladının nazını, zəhmətini çəkmək nə qədər xoşdursa, hər birimizə də o qədər zövq verir qəzetimizin qayğısına qalmaq. Heç düşünmüsünüzmü ki, səhər erkəndən köşklərə, masalarınızın üzərinə yol tapan qəzetimizin ərsəyə gəlməsində neçə nəfərin əməyi, yuxusuz gecələrinin bəhrəsi var?!

    …Bir-birimizlə hal-əhval tuta-tuta hər kəs öz iş masasının arxasına keçir. Artıq hər kəs üçün qəzetdə yeni bir iş gününün başlanğıcıdır. İş otağımdayam. Redaksiyamızın ən geniş otağı olan bu yer “Müxbirlər otağı”dır. İçəriyə pəncərədən yenicə doğmuş Günəşin şəfəqləri işıq saçır. Bu işıqlı otaq işimizi qəlbən görməyə daha da ruhlandırır. Otağı dörd yoldaş paylaşırıq. Hər birimiz əvvəlcə bu gün üçün dərc edilən qəzeti səhifələyib, yazılara fikir bildirib, onları müzakirə edirik. “Ağıl ağıldan üstündür”, – deyib axı atalarımız. Daha gənc olan əməkdaşlarımız təcrübəli həmkarlarımızdan onları maraqlandıran məsələləri soruşur, öyrənir, məsləhət alır, istiqamət götürür. Düzünü desək, uğurlu iş və karyera əsl ailə, mehriban kollektivdən başlayır.

                Daha sonra çiçəklənən diyarımızın ecazkar gözəlliklərini, günün aktual mövzularını, bədii duyğu və düşüncələrimizi, qəlbimizdən süzülüb gələn yeni fikirləri qələmə almaq üçün kompüterlərimizin başına keçirik. Təbii ki, mövzu istiqamətimiz rəngarəngdir. Ən başında isə Vətən uğrunda şəhid olan qəhrəmanlarımız, adət-ənənələrimiz, mətbəximiz, etnoqrafiyamız, bar-bəhərli bağlarımız, dümdüz, hamar yollarımız və sadalamaqla bitmək bilməyən yurdumuzun gözəllikləri və uğurları... Hər qarışı, hər addımı bir mövzudur, cah-cəlallı diyarımın... İnkişaf, müasirlik, quruculuq, inteqrasiya, tarixilik... Daşına, torpağına qurban olduğum əziz Vətən, necə yazmayaq axı səndən, necə tarixiləşdirməyək sənin gündən-günə çiçəkləklənən, müasirləşən, inkişaf edən xoş günlərini?

                Bu qədər rəngarəng mövzunun içərisində nəyi və necə yazacağımızı artıq bilirik. Çünki hər həftənin ilk iş günü, yəni bazar ertəsi günləri qəzetimizin baş redaktoru, məsul katibi, onun müavini və biz müxbirlər həftəlik yazacağımız yazının planını, istiqamətini müəyyən edirik. Mövzuları birlikdə müzakirə edir, baş redaktorumuzun məsləhətlərini, tapşırıqlarını qeyd edir, fəaliyyət istiqamətimiz olaraq nəzərə alıb, yerinə yetiririk. Gündəlik isə baş redaktorun, məsul katib və onun müavininin, həmçinin şöbə müdirlərinin iştirakı ilə “planlaşdırma” yığıncağı olur. Burada isə gündəlik qəzetə yerləşdiriləcək yazılar müəyyənləşdirilir.

                Bununla belə, qəzet səhifələrinə yerləşdiriləcək mövzular əvvəlcədən müəyyənləşdirilən yazılarla məhdudlaşmır. Daim yeniliklərlə qarşılaşdığımız hər günümüzün əsas tədbirləri, xəbərlər, günün nəbzini tutacaq aktual mövzular və nələr, nələr… Məsələn, nümunə çəkim: Ötən günlərdə paytaxt Bakıdan şəhərimizdən media nümayəndələrinin qonaq gəldiyi xəbərini aldım. Mediatur iştirakçıları diyarımızın gəzməli, görməli, tarixi məkanları ilə tanış oldular. Bu tanışlıq axşam saatlarına qədər davam etdi. Turun bir günündə onlarla bərabər Əlincə qalasına üz tutmuşduq. Biz Əlincə qalasına qalxarkən artıq saat 1700 idi. Bu əzəmətli qalaya qalxanlar yəqin ki, nə demək istədiyimi anladılar. Nəzərə alsanız ki, buraya qalxarkən 1500-ə yaxın pilləkən addımlamalı olacaqsan, bizim oraya neçə saata qalxıb enəcəyimiz haqqında təsəvvür yarandı oxucularda. Əlincə qalası ilə tanışlıqdan sonra proqrama əsasən hələ gedəcəyimiz ünvanlar var idi. Onlarla həmkarımızın qədim Naxçıvanımızla tanışlığı elə onlarla təəssürat deməkdi axı. Biz də gəzintinin sonunda iştirakçıların zəngin təəssüratlarını öyrənərək qələmə alır, həmin yazı qəzetə yerləşdirilir, daha sonra korrektorların düzəlişi, baş redaktorun redaktəsi... Yəqin ki, bir nümunə ilə bir iş günümüzün bəzən gecə saat neçəyə qədər davam edə bilmə ehtimalını izah edə bildim.

                Əminəm ki, hərkəs üçün maraqlıdır, gündəlik həyatımızın şərh olunduğu qəzet səhifələrinin ərsəyə gəlmə prosesi. O zaman gəlin, qəzetin bir nömrəsinin necə hazırlandığına qısaca nəzər salaq. Biz müxbirlər həftəlik qrafik üzrə redaksiyada məsul növbətçi olaraq qəzetin nəşrə hazırolma prosesinədək onun “keşiyində dururuq”. Bizimlə bərabər baş redaktor, məsul katibin müavini və korrektorlar isə bu iş rejimini gündəlik olaraq yerinə yetirirlər. Ayrı-ayrı şöbələrimiz üzrə müxbirlərin təqdim etdiyi yazılar operatorlarımız tərəfindən kompüterə yerləşdirilir. Qəzet üzərində böyük zəhmətlə çalışan korrektorlarımız hərfbəhərf oxuyurlar yazıları. Həm də bir dəfə deyil dəfələrlə korrektorların korrektə etdiyi yazılar növbədə olan müxbirlərə təhvil verilir. Bəzən gecə yarısınadək bu işlərə məsul şəxs kimi cavadeh olan məsul növbətçinin üzərinə böyük iş düşür. Çünki sabah nömrəyə məsul şəxs kimi onun imzası qəzetin son səhifəsində yayımlanacaq. Odur ki, hər bir hərfinə qədər bütün məsuliyyəti üzərimizdə hiss edərək daha diqqətli oxuyur, redaktə edir, bir sözlə, yüz ölçüb, bir biçirik.

                Daha sonra isə həmin yazılar üzərində böyük zəhməti olan məsul katibimiz Muxtar Məmmədov öz iti qələmiylə onları daha da püxtələşdirir. Ardınca isə nəşrə hazırlanan qəzet baş redaktorumuz tərəfindən oxunur, redaktə olunur. Yenidən korrektorlara təhvil verilən qəzetin üzərindəki redaktələr, düzəlişlər kompüter dizaynerlərimiz və korrektorlarımız tərəfindən yenilənir. Ardınca isə obrazlı desək, qəzetimizin estetik işləri başlayır. Dizaynerlərimizin böyük zövqlə səhifələr üzərində etdiyi dizaynlar səhifələri daha görkəmli, yazıları daha oxunaqlı edir. Təbii ki, hansı yazını, hansı məqaləni harada yerləşdirmək məsələsi də ayrıca bir məsuliyyətdir. Bu məsuliyyətin öhdəsindən gəlməkdə dizaynerlərimizə stimul verən isə məsul katibin müavini, ömrünü bu sahəyə həsr etmiş fədakar Məhəbbət Mirzəyevadır. Ömrünün 20 ildən çoxunu mətbuata fəda edən, qəzetin hər nömrəsinə səhifələrə yerləşdirilən materiallara uyğun, həm də oxucu zövqünü oxşayan tərtibat verən Məhəbbət xanımın ən incə detal belə, gözündən qaça bilməz. Kifayətdir ki, ilkin tərtibatdan sonra səhifəyə bir neçə saniyə diqqət yetirsin. Deyirlər ki, qəzetdəki bir şəkil, bəzən bir mətni ifadə edir. Belə ki, bu vacib işin öhdəliyi fotomüxbirlərimizin üzərinə düşür. Hansı ki, bu gün Naxçıvanımızın göz oxşayan görüntüləri sosial şəbəkələrdə qarşımıza çıxdıqda əminliklə deyə bilirik ki, bu “Şərq qapısı” qəzetinin fotomüxbirlərinin çəkdiyi şəkildir. Çünki bu fotolar yüksək görüntü keyfiyyəti ilə yanaşı, həm də peşəkar çəkilişi ilə seçilir.

                Budur, artıq bir iş gününün sonundayıq. Səhifələr hərfbəhərf oxunub, hazırdır. Dizaynerlər otağına yığışıb qəzetin keşiyində duranlar. “Güc birlikdədir” misalı hər kəs sabah işıq üzü görəcək yeni bir “Şərq qapısı”nın elektron variantına son dəfə göz gəzdirir. Sabah hörmətli oxucularımızdan daha tez oyanıb onların qonağı olacaq qəzetin yeni nömrəsi bir azdan işıq üzü görəcək. Artıq sürücülərimizə zəng etməyin vaxtı gəlib çatdı. Bu məqamda kollektimizin sürücülərinin də zəhmətini xatırlatmaq yerinə düşər. Müxbirlərimizin tədbirlərə, məqalə, reportaj hazırlayacağı və ya müsahibə alacaqları ünvana çatdırılıb qaytarılmasından tutmuş qəzetin abunəçilərə çatdırılmasına qədər onların da zəhmətini gözardı etsək, haqsızlıq etmiş olarıq. Beləliklə, baş redaktordan məsul katibə, müxbirdən operatora, korrektordan sürücüyə qədər hər kəsin gərgin əməyinin bəhrəsi olan dörd səhifəlik yeni nömrə redaksiyamızdan nəşriyyata təqdim olunana qədər onlarla prosesdən keçir.

                Qəzetin elektron variantı hazır olduqdan sonra isə iş nəşriyyatda çalışan onlarla əməkdaşa təhvil verilir. Çox keçəməyəcək ki, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində “Şərq qapısı”nın nəfis tərtibatda yeni bir nömrəsi çapdan çıxıb öz oxucusunun yolunu gözləyəcək. Mən gecə yuxusuna haram qatıb qəzetin rəngayırma, nəşr və digər proseslərdən keçməsində əməyi olan onlarla nəşriyyat işçisinin zəhmətindən söz açmıram hələ.

                Uzun sözün qısası, 100 ildir, evlərinizin, iş yerlərinizin, köşklərin qonağı olan qocaman “Şərq qapısı” qəzeti bu gün “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində quraşdırılan ən müasir çap avadanlıqları vasitəsilə yüksək poliqrafik keyfiyyətdə, nəfis tərtibatda çap olunur, günümüzə işıq tutur. Ancaq müasir avadanlıqlar işi nə qədər sürətləndirib səmərəli etsə də, bu işdə onlarla həmkarımızın gərgin zəhməti var. Çünki qəzetçilik  yaradıcılıq işi, Vətənimizin, milli dəyərlərimizin, tariximizin, bu günümüzün və gələcəyimizin təəssübkeşi olan jurnalistlərin fədakar əməyinin bəhrəsidir. Bu yolda əməyi olan hər bir həmkarımı qəzetimizin 100 illik yubileyi münasibətilə təbrik edir, hər birinə yeni yaradıcılıq uğurları arzulayıram…

Gülcamal TAHİROVA

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR