21 Dekabr 2024, Şənbə

Ömrümüzə, gün-güzəranımıza və təbii ki, şanlı və şərəfli tariximizə öz mübarək izlərini pozulmaz naxışlarla yazan illərdən birini də başa vurduq. Deyə-deyə, gülə-gülə yaşadığımız 2021-ci il əvvəlki illərdən bir sıra məqamları ilə daha əziz oldu. O məqamlar ki bütün xalqımız yaşadı. Sadalamaqla qurtarmayan əlamətdar hadisələr hər birimizə sevinc gətirdi. Qalib dövlətin vətəndaşları kimi o sevinc bizim mənəvi haqqımızdır.


Bu gün dünənə boylanıb o məqamları xatırladıqca, yada saldıqca, göz önünə gətirdikcə qəlbimiz dağa dönür, belə bir dövlətin vətəndaşı olmaqdan qürur hissi keçiririk. Bu düşüncələri həmkarlarımla 31 dekabr günü səhər saatlarından başlayaraq illərdir ki, müasirliyə qovuşmuş qədim paytaxt şəhərimiz Naxçıvanda bayram gəzintisində yaşadım. Xalq-dövlət birliyini, vətəndaş həmrəyliyini bir daha gördüm. Bizə bu günləri bəxş etmiş ulu öndər Heydər Əliyevin adını daşıyan prospektdən tutmuş Naxçıvanın ən ucqar məhəllələrinə qədər hər yer bayramsayağı bəzədilməklə, naxçıvanlıların, belə əziz gündə şəhərimizə ölkəmizin digər bölgələrindən gəlmiş qonaqların, xüsusilə də uşaqların üzlərindəki bayram təbəssümü çox ürəkaçan idi. Küçələrboyu səliqə ilə yaradılmış emal və istehsal müəssisələrinin, ictimai iaşə obyektlərinin pavilyonları, bir neçə ünvanda qurulmuş yolkalar, Şaxta baba, Qar qız qədim diyarımızın yurd qədri bilən, doğma torpağın hər qarışını igidliklə qoruyaraq ata-baba əmanətinə sədaqət və ehtiramını özünün həyat idealına çevirmiş naxçıvanlıların bu bayramlara necə hazırlaşdıqlarını göstərirdi.

Babaları, nənələri ilə əl-ələ verib bayram sevincinə qoşulan balacaların çöhrəsində xoşbəxt təbəssüm bayram ovqatını ikiqat artırırdı. Əllərində qalib dövlətin üçrəngli bayrağını görmək isə daha qürurverici hisslər yaşadırdı insana...

Daha uğurlu bir il, beləcə, ömrünü yeni ilə verdi. Yeni uğurlar qazanmaq arzusu ilə. Daha xoş, firəvan günlər yaşamaq istəyi ilə. Ölkəmizin iqtisadi qüdrətinin və dövlət-xalq həmrəyliyinin daha da güclənməsi diləyi ilə. Belə olacağına əminliyimiz isə 2020-ci ildə qazandığımız tarixi Qələbəmiz qədərdir.
Həmrəylik bayramımız və Yeni ilimiz mübarək!

Muxtar MƏMMƏDOV

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR