Gəncliyimiz, gələcəyimiz
Savadlı olmaq üçün yalnız elmi biliklərə yiyələnmək kifayət deyil, bu işdə mütaliənin də böyük rolu var. Elə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bunu nəzərə alaraq gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşmasına xidmət edən “Oxunması zəruri olan kitablar haqqında” imzaladığı 2017-ci il 28 avqust tarixli Sərəncamı da, bu mənada, böyük əhəmiyyətə malikdir. Ötən müddət ərzində adıçəkilən Sərəncamın icrası istiqamətində həyata keçirilən tədbirlər öz bəhrələrini verməkdədir. Bunu haqqında eşitdiyim və həmsöhbət olduğum Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Əmir İmanovun timsalında da gördüm.
O, çoxlu kitab oxumağı ilə yoldaşlarından seçilir. Əmir adıçəkilən Sərəncamla müəyyən edilmiş kitabların hamısını oxuyub. Məlumat üçün bildirim ki, o, 2008-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində dünyaya gəlib. Deyir ki, kitab oxumağa həvəsim Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Oxunması zəruri olan kitablar”la bağlı viktorinada iştirak etdiyim zaman başladı:
– Əgər insan çox mütaliə edərsə, onun dünyaya baxışı da çox zəngin olar. Və bir cəmiyyətdə oxumağı, yazmağı bacaranların sayı nə qədər çox olarsa, əlbəttə ki, o cəmiyyət daha çox inkişaf edər və hər zaman, hər yerdə öz dəyərləri ilə seçilmiş olar. Diqqət yetirsəniz görərsiniz ki, mütaliəni çox edən insanlar həm düşüncə, həm bacarıq, həm də digər baxımdan başqalarından fərqlənirlər. Mütaliə nəticəsində nəyisə öyrəniriksə, bizdə, həmçinin yüksək bacarıqlar formalaşır. Çox kitab oxuyan insan zəngin söz ehtiyatına sahib olur. Bunun nəticəsində o həm də nitq qabiliyyəti qazanır. Ən əsası mütaliə tərbiyə vasitəsidir. Əmir deyir ki, kitabı seçərkən diqqətli olmaq lazımdır. Həm də insan oxuduğunu düzgün dəyərləndirməyi bacarmalıdır. Məsələn, ən son oxuduğum kitab Azərbaycanın İkinci Qarabağ müharibəsindəki Şanlı Qələbəsinə həsr olunmuş “Zəfər salnaməsi” kitabıdır ki, onun hər səhifəsi məndə böyük təəssüratlar yaratdı. Kitabı oxuyarkən Zəfərin əsas formulu kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dönməz siyasi iradəsini, proseslərə strateji baxışını, son 17 ildə yürütdüyü daxili və xarici siyasət nəticəsində ölkənin illər ərzində toplanmış iqtisadi gücünü, erməni işğalı ilə barışmayan xalqımızın və yetişmiş gənc nəslin torpaqlarımızı azad etmək əzmini, Prezident-xalq-ordu birliyinin vahid “Dəmir yumruq”da birləşməsini görürük.
Son olaraq vurğulamaq istərdim ki, muxtar respublikamızda təhsildə yeniliklərin uğurlu tətbiqi gələcəkdə böyük nəticələrin əldə olunacağını deməyə əsas verir. Biz şagirdlər isə yaradılan imkanlardan məharətlə faydalanmalıyıq. Yadda saxlamaq lazımdır ki, bütün bunlar bizim savadlanmağımız üçündür. Biz öz üzərimizdə layiqincə çalışsaq, savadlı bir kadr kimi yetişsək, deməli, Vətənimiz Azərbaycana da xeyir vermiş olacağıq. Onda gəlin hamımız Azərbaycan üçün çalışaq və oxuyaq! Hamımız savadlı olaq!
Məktəbin direktoru Aytən Bağırova öz şagirdi ilə bağlı təəssüratlarını bizimlə bölüşdü. Bildirdi ki, Əmir məktəbdə öz tərbiyəsi ilə seçilən və müəllimlərinin sevimli şagirdidir. O, dərslərini çox yaxşı oxuyur, əsasən, tarix və ədəbiyyat fənlərinə marağı çoxdur. Məktəb kitabxanasından müntəzəm olaraq yararlanır. O, məktəbimizdə təşkil olunan “Xəmsə” milli intellektual bilik yarışlarında mütəmadi iştirak edir. Əmir sinif yoldaşları tərəfindən səmimi və mehriban şagird kimi də sevilir. Təbii ki, məktəb insanlara təhsil, elm, tərbiyə verən, onlara əxlaqi dəyərləri aşılayan bir məkandır. Bu məkanda şərəfli və müqəddəs peşə sahibləri olan müəllimlərin rolu əvəzolunmazdır. Məktəbimizin hər bir müəllimi çalışır ki, şagirdlərimiz təhsil almaqla bərabər, vətənpərvər böyüsün, öz tarixinə, milli dəyərlərinə, dilinə hörmət etsin.
Bu gün muxtar respublikamızda bacarıqlı, savadlı, müasir dünyagörüşlü gənclərin yetişməsi hamımızı sevindirir. Onlardan biri də Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Əmir İmanovdur. Biz də gələcəyin istedadlı, vətənpərvər gəncinə həyatda uğurlar arzulayırıq.
Aytac CƏFƏRLİ