21 Dekabr 2024, Şənbə

Muxtar respublikada telekommunikasiya sahəsində yeni texnologiyaların istifadəsi, xidmət şəbəkəsinin müasir standartlara uyğunlaşdırılması və yeni xidmətlərlə bağlı müvafiq işlər aparılır, müasir telekommunikasiya xidmətləri istiqamətində irimiqyaslı layihələr icra olunur. Rabitə sahəsində gedən sürətli inkişaf əhalinin müasir rabitə xidmətləri ilə əhatə olunması istiqamətində işlərin davam etdirilməsinə əsas zəmin yaradıb. Bu gün muxtar respublikada sakinlərin müasir internet və rabitə xidmətləri ilə təmin edilməsi, göstərilən xidmətlərin hər bir sakinə əlçatan olması üçün kifayət qədər imkanlar və şərait var. 

 

Görülən işlərin nəticəsidir ki, bütün yaşayış məntəqələrində simli və simsiz internetə çıxış imkanları mövcuddur. Bu gün özünün yüksəliş dövrünü yaşayan muxtar respublikamızda uğurla həyata keçirilən sosial siyasət əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilmiş, geniş vüsət alan tikinti, abadlıq və quruculuq işləri, müasir müəssisələrin inşa edilməsi insan amilinə göstərilən diqqət və qayğının bir ifadəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə 2020-ci ildə Culfa və Kəngərli rayonlarında telekommunikasiya sistemləri və rabitə evləri istifadəyə verilmiş, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binalarda rayon rabitə idarələri, “Naxtel” müştəri xidmətləri, “Naxçıvanpoçt” publik hüquqi şəxsin rayon filiallarının fəaliyyəti üçün zəruri iş şəraiti yaradılmışdır ki, bununla da muxtar respublikanın rayon mərkəzlərində fəaliyyət göstərən bütün rabitə idarələri və mərkəzi poçt bölmələri müasir inzibati binalarla təmin olunmuşlar. Bunlarla yanaşı, muxtar respublikanın bütün yeni istifadəyə verilən kənd mərkəzlərində rabitə xidmətləri üçün müvafiq sahələr ayrılır, yeni rabitə evləri istifadəyə verilir, müasir tələblərə cavab verən yeni avtomat telefon stansiyaları quraşdırılır, habelə bir sıra yerlərdə aztutumlu telefon stansiyaları yüksək montaj tutumuna malik yeni nəsil avtomat telefon stansiyaları ilə dəyişdirilir. Cari ilin müvafiq dövrü ərzində Sədərək Radio-Televiziya Ötürücü Stansiyası, Ordubad rayonunun Nüsnüs, Yuxarı Əndəmic, Aşağı Əndəmic və Dırnıs, Babək rayonunun Araz və Göynük, Şərur rayonunun Dərvişlər və Şəhriyar kəndlərində yeni rabitə evləri istifadəyə verilmiş, müasirtipli avtomat telefon stansiyaları quraşdırılmışdır.

Göstərilən dövlət qayğısı muxtar respublikada fəaliyyət göstərən mobil operatorları da əhatə etmiş, onların fəaliyyəti üçün bütün infrastruktur yaradılmışdır. Əhalinin internet xidmətlərinə olan tələbatının təmin edilməsi, eyni zamanda keyfiyyətli, kəsintisiz və çoxçeşidli rabitə xidmətlərinin təşkili məqsədilə şəhər, rayon mərkəzlərində və kəndlərdə fəaliyyət göstərən avtomat telefon stansiyalarında internet platalarının sayı da artırılmışdır. Həmçinin muxtar respublikanın şəhər, rayon və kəndlərində rabitə infrastrukturunun yenidən qurulması, xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə müvafiq yenilənmə işləri görülür, xətt təsərrüfatında əsaslı təmir işləri aparılır, sakinlər internet xidmətləri ilə təmin olunurlar. Bunlarla yanaşı, “Evədək optika” layihəsi də uğurla davam etdirilir ki, GPON (Giqabyte Passive Optical Network – Qiqabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında fərdi mənzillərə, idarə, müəssisə və digər qurumlara fiber-optik xətlər çəkilmiş, müvafiq avadanlıqlar quraşdırılmış və istismar müddəti ərzində fiber-optik xətlərdə yaranmış nasazlıqların aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir. Bu da muxtar respublikada rabitə əlaqələrinin tam kəsintisiz həyata keçirilməsində, elektron hökumət, genişzolaqlı internet, 4-cü nəsil xidmətlərin və digər informasiya-kommunikasiya texnologiyaları layihələrinin icrasında əvəzsiz rola malikdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən informasiya texnologiyalarının müasir çağırışlar əsasında həyata keçirilməsi, əhaliyə yüksəkkeyfiyyətli internet və rabitə xidmətlərinin göstərilməsi məqsədilə nazirliyin maddi texniki bazası davamlı olaraq möhkəmləndirilir, müasir avadanlıqlarla təchiz olunur. Nazirlik tərəfindən ixtisaslı kadrların hazırlanması istiqamətində zəruri tədbirlər də davam etdirilir. İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində açılan kurslar təcrübəli müəllimlər tərəfindən tədris olunur. Gənc proqramçıların peşə istiqaməti üzrə biliklərinin artırılması istiqamətində də müvafiq işlər həyata keçirilir, rabitə idarələrinin müvafiq peşə ixtisasına malik olmayan əməkdaşlarının ixtisasartırma kurslarında iştirakı da təmin edilir.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar
Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR