Ümummilli liderimiz Heydər Əliyev demişdir: “İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 60 illik yubileyi münasibətilə Naxçıvanda çap olunmuş “Prezident İlham Əliyev. Naxçıvan: 2003-2021” kitabı dahi şəxsiyyətin bu fikirləri ilə başlayır.
Əsası 1969-cu ildə qoyulmuş inkişafın Heydər Əliyev yolunun bəhrələri bugünkü qüdrətli Azərbaycandır. Bu gün ulu öndərimizin siyasi xəttinin layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır. Ulu öndərimizin əsasını qoyduğu inkişaf strategiyasını uğurla davam etdirən cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin inkişafı daha da sürətlənmiş, yeni-yeni uğurlara imza atılmışdır. Ulu öndərin yoluna sədaqətin nəticəsi olaraq Azərbaycanın Naxçıvan Muxtar Respublikası da kompleks inkişaf mərhələsinə qədəm qoymuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2003-2021-ci illərdə muxtar respublikaya səfərləri zamanı iştirak etdiyi tədbirlərin materialları və fotoşəkilləri, dövlət başçısının çıxış və müsahibələri əsasında hazırlanmış ensiklopedik nəşrdə Naxçıvanın ötən 18 ildə keçdiyi inkişaf yolu dolğun əks olunmuşdur. Dövlət başçısı kimi fəaliyyəti dövründə cənab İlham Əliyev 15 dəfə Naxçıvan Muxtar Respublikasına səfər etmiş, Onun iştirakı ilə 100-ə yaxın təhsil, səhiyyə, idman və mədəniyyət müəssisələri, istehsal sahələri və hərbi təyinatlı obyektlər istifadəyə verilmişdir.
2004-cü il mayın 12-də Prezident kimi muxtar respublikaya ilk səfəri zamanı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilmiş Naxçıvan Beynəlxalq Hava Limanının açılışında iştirak edən dövlət başçısı demişdir: “Naxçıvan hər bir azərbaycanlı üçün əziz, doğma torpaqdır. Azərbaycanın qədim torpağıdır. Naxçıvanda son illər ərzində aparılan abadlıq, quruculuq işləri bizim hamımızı çox sevindirir. Çətin şəraitdə, blokada şəraitində yaşayan naxçıvanlılar böyük işlər görüblər. Bu hava limanının tikilməsi, şəhərdə digər obyektlərin inşa olunması, yüksək səviyyədə tikilməsi onu göstərir ki, Naxçıvan çox sürətlə inkişaf edir”.
Bu illər ərzində muxtar respublika iqtisadiyyatının inkişafı diqqətdə saxlanılmışdır. Həyata keçirilən tədbirlər kənd təsərrüfatının və sənayenin inkişafına səbəb olmuş, sahibkarlığa dövlət dəstəyi hesabına iri sənaye kompleksləri və yeni istehsal sahələri yaranmışdır. Ölkə Prezidentinin xüsusi diqqət göstərdiyi sənaye sahələrinin yaradılması prosesində muxtar respublikanın da iştirak etməsi, ilk növbədə, əhalinin məşğulluğunun təmin olunmasına geniş imkanlar açmışdır.
Muxtar respublikanın 80, 85 və 90 illik yubileylərində ölkə başçısının iştirak etməsi Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvana göstərilən diqqətin əyani ifadəsidir. Kitabda yubileylərlə bağlı materiallara geniş yer verilmişdir. Xüsusilə muxtar respublikanın 90 illik yubiley tədbirində Naxçıvanın muxtariyyət statusunun əhəmiyyətinə toxunan dövlət başçısının “Naxçıvanın qədim dövlətçilik tarixi vardır... Naxçıvana 90 il bundan əvvəl Azərbaycanın tərkibində muxtariyyət statusu verilmişdir. Bu, gözəl hadisə idi, tarixi hadisə idi” fikirləri mühüm tarixi və siyasi əhəmiyyətə malikdir.
Ölkəmizdə olduğu kimi, muxtar respublikada da elm və təhsilin inkişafına göstərilən qayğı bir daha təsdiq edir ki, bu sahə dövlət siyasətinin prioritetidir. Kitabda ölkə Prezidentinin iştirakı ilə Naxçıvanda yeni elm müəssisələrinin, məktəb binalarının, universitet korpuslarının açılışlarından hazırlanmış materiallar və fotoşəkillər yerləşdirilmişdir.
“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun rahatlığı, sağlamlığı dayanır”, – deyən ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar sosial siyasətin başlıca istiqamətlərindən biridir. Dövlət başçısının iştirakı ilə muxtar respublikada Diaqnostika Müalicə Mərkəzinin, Naxçıvan Muxtar Respublika Xəstəxanasının, Doğum Mərkəzinin, Duzdağ Fizioterapiya Mərkəzinin, rayon mərkəzi xəstəxanalarının, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının və digər səhiyyə obyektlərinin istifadəyə verilməsi, tibb müəssisələrinin ən müasir avadanlıqlarla təmin olunması insan amilinə verilən qiymətin bariz nümunəsi kimi geniş oxucu kütləsinə təqdim edilir.
Kitabda əsas diqqət çəkən məsələlərdən biri də muxtar respublikada bu illər ərzində enerji təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlərdir. Ötən 18 ildə muxtar respublikada elektroenergetika infrastrukturunun müasirləşdirilməsi, təbii qaz təchizatı, alternativ və bərpa olunan enerji mənbələri ilə bağlı mühüm layihələrin reallaşdırılması enerji təhlükəsizliyini təmin etmişdir. Əgər 2003-cü ilin sonuna muxtar respublikada 1 elektrik stansiyası fəaliyyət göstərirdisə, 2020-ci ildə bu göstərici 9-a çatdırılmışdır. Bir zamanlar enerji idxal edən Naxçıvan artıq enerji ixrac edən bir diyara çevrilmişdir. 2005-ci ildə Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi isə yaşayış məntəqələrini tam qazlaşdırmışdır.
Kitabın ən mühüm cəhətlərindən biri də cənab İlham Əliyevin Naxçıvanın müdafiə təhlükəsizliyi ilə bağlı gördüyü işlərin, istifadəyə verdiyi hərbi obyektlər haqqında məlumatların sistemli şəkildə təqdim olunmasıdır. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu strategiyasını uğurla davam etdirən Ali Baş Komandanın rəhbərliyi ilə muxtar respublikadakı ordu, birləşmə və hissələr böyük təşkilatlanma və inkişaf yolu keçmişdir. Torpaqlarımızın işğaldan azad olunmasında Əlahiddə Ümumqoşun Ordunun uğurlarına toxunan ölkə Prezidentinin dediyi kimi: “İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri – həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər”.
Azərbaycan Prezidentinin rəhbərliyi ilə müxtəlif sahələri əhatə edən Dövlət proqramlarının uğurlu icrası Naxçıvan Muxtar Respublikasında da bütün sahələrin inkişafına geniş imkanlar açıb. 2003-cü ildən ötən dövrdə muxtar respublikada ümumi daxili məhsul istehsalının həcmi 16 dəfə, sənaye məhsulunun həcmi 56 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 7,5 dəfə, informasiya və rabitə xidmətlərinin həcmi 13 dəfə artıb. Muxtar respublikada 183 elm və təhsil ocağı, 304 mədəniyyət obyekti, 217 səhiyyə obyekti, 23 idman obyekti, 327 inzibati bina, 1089 istehsal və xidmət sahəsi tikilərək, 155 elm və təhsil ocağı, 178 mədəniyyət obyekti, 59 səhiyyə obyekti, 23 idman obyekti, 254 inzibati bina, 2218 kilometr yol yenidən qurularaq sakinlərin istifadəsinə verilib, 78 mindən artıq yeni iş yerləri açılıb.
Nəşrdə bütün bunlara bir daha nəzər salınır, ölkə Prezidentinin muxtar respublikanın inkişafı ilə bağlı çıxışlarına geniş yer verilir. Xüsusilə dövlət başçısının bu il mayın 10-da Naxçıvana səfəri zamanı muxtar respublikanın ümumi inkişafını xarakterizə edən fikirləri daha çox diqqəti cəlb edir: “Naxçıvan bizim əziz diyarımızdır, Heydər Əliyevin Vətənidir. Hər bir azərbaycanlı üçün əziz, doğma diyardır və Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu reallığı biz özümüz yaratmışıq. Bu gün ulu öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü, bax, bu inkişafda təcəssüm etdirir”.
“Prezident İlham Əliyev. Naxçıvan: 2003-2021” kitabı dövlət başçısının qayğısı ilə ötən 18 ildə Naxçıvan Muxtar Respublikasının keçdiyi inkişaf yolunu tarixləşdirməklə yanaşı, həm də bu dövrü tədqiq edənlər üçün sanballı nəşrdir.
“Şərq qapısı”