21 Dekabr 2024, Şənbə

Vurğulamaq lazımdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin həm rəsmi olaraq qəbul etdiyi qərarlar, həm də birbaşa tövsiyə və tapşırıqları nəticəsində son illərdə yüzlərlə ailə təsərrüfatı yaranıb və ya mövcud olanlar fəaliyyət imkanlarını genişləndirib. Təsadüfi deyil ki, ailə təsərrüfatlarının ildən-ilə sayının artması, ilk növbədə, müvafiq dövlət qurumlarının təsərrüfatlara göstərdiyi lazımi dəstək və istehsal olunan məhsulun satışının təşkilidir. Bildiyimiz kimi, muxtar respublikamızda hər həftənin şənbə və bazar günləri təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkasında satılan məhsulların böyük bir hissəsini torpaq mülkiyyətçiləri və yaxud ailə təsərrüfatları tərəfindən istehsal olunan məhsullar təşkil edir. Bundan əlavə, ənənəvi olaraq artıq bir neçə ildir, davam edən “Ailə təsərrüfatı məhsulları” festivalları və ya satış yarmarkaları artıq bu sahədə ixtisaslaşmış mühüm tədbir kimi özünü təsdiq edib. Burada diqqət edilməli məqam isə ondan ibarətdir ki, bu cür festival və ya satış yarmarkaları ailə təsərrüfatlarının inkişaf etdirilməsinə dövlətin məxsusi yanaşmasıdır. Çünki muxtar respublikada fəaliyyət göstərən ailə təsərrüfatları məhsulları onsuz da ilboyu həftə sonları təşkil edilən yarmarkalara çıxarılır. Eyni zamanda bu cür məhsulların satışı üçün təmənnasız olaraq bütün ticarət şəbəkələrində yer ayrılır və ailə təsərrüfatı sahibləri öz məhsullarını burada da sata bilirlər. Amma ildə bir dəfə, həm də payız mövsümündə ailə təsərrüfatı məhsulları üçün festival və ya satış yarmarkalarının təşkil olunması bir sıra özəllikləri ilə seçilir. Birinci ona görə ki, muxtar respublika rəhbəri hər dəfə belə tədbirlərdə şəxsən iştirak edərək həm il ərzində yeni fəaliyyətə başlayan ailə təsərrüfatı sahibləri, həm də onların istehsal etdikləri məhsullarla yaxından tanış olur. Digər tərəfdən həmin təsərrüfat sahibləri ilə yaxından maraqlanaraq onlara lazımi dəstək üçün yerindəcə müvafiq dövlət qurumlarının rəhbərlərinə tapşırıqlarını verir. Amma işlər bununla bitmir. Məsələn, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin məlumatına görə, cari ilin yanvar-noyabr aylarında Sahibkarlığın İnkişafı Fondu tərəfindən heyvandarlıq, arıçılıq, bağçılıq, limonçuluq təsərrüfatlarının, unlu-qənnadı məmulatların, süd məhsullarının istehsalı, meyvə-tərəvəzin konservləşdirilməsi, yabanı bitkilərin konservləşdirilməsi, meyvələrin qurudulması, kompost istehsalı sahəsinin yaradılması məqsədilə 72 ailə təsərrüfatına 1 milyon 76 min 700 manat dövlət maliyyə dəstəyi göstərilib, ailə təsərrüfatları 4500 ədəd 27 çeşiddə tara ilə təmin edilib. Bundan əlavə, ailə təsərrüfatlarında istehsal olunan məhsulların tanıdılması, təşviqi və sərgisi məqsədilə “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərgi salonunda 55 ailə təsərrüfatının 19 növdə 87 çeşiddə məhsulunun nümayişi təmin olunub. Məhz yaradılmış belə şərait ailə təsərrüfatı məhsullarının ildən-ilə çeşidinin artması, eyni zamanda istehsal həcminin çoxalması ilə nəticələnir. Bu il noyabrın 20-si və 21-i “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Ailə təsərrüfatı məhsulları” satış yarmarkasına 453 ailə təsərrüfatı tərəfindən 540 çeşiddə 41 mindən çox qablaşdırılmış məhsul çıxarılması bunu bir daha təsdiq edir.

Qəzet əməkdaşları olaraq hər zaman ailə təsərrüfatı sahibləri ilə söhbətlərimizdə daim bu fikirlərin şahidi oluruq ki, muxtar respublikada ailə təsərrüfatlarının inkişaf etdirilməsinə dövlət qurumları tərəfindən böyük qayğı göstərilir. Məhsulun istehsalından və qablaşdırılmasından tutmuş satışınadək bu dəstəyi ailə təsərrüfatı sahibləri öz üzərlərində hiss edirlər. Bununla yanaşı, ailə təsərrüfatı birliklərini bu qədər cəlbedici edən tərəflərdən biri də böyükhəcmli maliyyə imkanlarına ehtiyac olmadan özəl mülkiyyətçiliyə sahib olma fürsətləri təqdim etməsidir. Məlumdur ki, bazar prinsiplərinə, özəl mülkiyyətçiliyə əsaslanan iqtisadi inkişaf alternativi olmayan inkişafdır. Ailə təsərrüfatçılığı isə bu cür mülkiyyətçiliyin formalaşmasına cığır açan çox böyük iqtisadi imkandır. Eyni zamanda ailə təsərrüfatçılığı sahibkarlıq davranışlarını formalaşdıran özəl fəaliyyət sahəsidir. Bu gün muxtar respublikada ümumi daxili məhsul istehsalının 88 faizi özəl bölmənin payına düşür. Həmçinin məşğul əhalinin 85 faizi də özəl sektorda çalışır. Aqrar sahədə isə məhsul istehsalının 100 faizə yaxını özəl mülkiyyətə əsaslanır. Bu isə o deməkdir ki, kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşan ailə təsərrüfatlarının mülkiyyətçilik prinsipləri üzərində inkişaf etdirilməsi yaxın gələcəkdə rəqabətqabiliyyətli sahibkarlıq subyektlərinin sayının artmasına imkan verəcək. Nəticədə, daxili iqtisadiyyatın mülkiyyətçilik prinsipləri əsasında inkişafı onun dayanıqlılığını daha da artıracaq.

Səbuhi HƏSƏNOV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR