Ətrafı dağlarla əhatələnmiş bir yurdda yaşamaq bambaşqa bir məna yükləyər talelərə. Burada həyatlar dağlarla bütünləşib birləşir. Çox vaxt aşılması ən böyük əngəl olaraq görülən dağlar həm də nağıllara mövzu, şerlərə misra olur. Şairlər Şirinə qovuşmaq üçün dağları yaran Fərhatdan ilham alır. Gah dəlik- dəlik dəlmək istər, gah yol istəyər sevdiyinə qovuşmağa. Sevənin, sevdiyinə qovuşmasına əngəl olan dağlar kədər olur, qavalın, neyin hüzünlü səsiylə inlədir yaralı könülləri. Nə çox mənanı özündə daşıyır dağlar. Dağların qoynunda olan yurd yerləri də bu mənaları özündə birləşdirir. Vüqarın, qürurun, əzəmətin, yenilməzliyin, inkişafın simvoluna çevrilən doğma Naxçıvanım kimi. Mübarizliyini və mərdliyini dağlardan alan qədim yurd yerim . Sən nələr yaşadın, nələr gördün bu dünyada. Amma heç bir zaman azadlıq mübarizədən, istiqlaliyyət arzundan əl çəkmədin.
Bir səyahətə çıxıram. Müstəqilliyin ilk illərinə… Dağlara… Dağların zirvəsindən seyr edirəm o illərdəki Naxçıvanımı. Anasından ayrılmış bir körpə kimi kədərlidir.Mənfur düşmənin işğslçılıq siyasəti ayırıb onu Azərbaycanından. Hər tərəfdən quru yolları bağlanıb, bu əzəmətli yurd blokadaya salınıb. Bir tərəfdən isə xain düşmən mərmi atəşinə tutub bu yurdu. Amma bu dağları aşa bilmir. İnsanlar və dağlar bütünləşib aşılması mükün olmayan sıldırımlara çevrilib. Silahı, texnikası yoxdur amma polad biləkli aslanları vardır sinəsini yurduna sipər edən."Qeyrət qalası" olan Sədərəyi görürəm. Canpoladlar, Nəsiblər, Musalar, Əbülfəzlər, Muşfiqlər və daha kimlər-kimlər sinəsini düşmən gülləsinə sipər edib, qala divarları kimi qoruyurlar Naxçıvanı. Həyat çox çətin davam edir. Sanki müharibənin soyuğu və zülməti ətrafı bürüyüb. İşıq yox, yanacaq yox, insanlar çörək üçün səhərin erkən vaxtlarında növbəyə dururlar. Hər ailənin sayına görə çörək verilir, şəkəri meyvə quruları əvəz edir. Amma insanlar şikayyətçi deyil. Çünki bilirlər ki, bu günlər keçicidir. İnsanlar çöllərdən çalı-çırpı yığır soyuq qış gecələrində isinmək üçün. Bəzən o da yetmir ürəyi parçalansada ağacları kəsir sobada yandırmaqdan ötrü. Amma nə ümidsizliyə düşür, nə çarəsizliyə.
Həyat öz çətinliyi ilə davam edir 90-cı illərdə Naxçıvanda. Budur bir dəstə uşaq isə əlində sadəcə qələm və dəftər məktəbə gedir. O vaxtlar kitab çox az adamda olardı, kitabı müəllim əvəz edirdi. Bu çətin günlərdə oxumaqla, öyrənməklə isinirdi körpə balalar. Hər dəfə vətən dedikcə ümidlər doğurdu balaca ürəklərinə. Nə isə o günlər çox geridə qaldı. Artıq Çahanın Nəqşi olan bu yurd dünyanı heyrətlər içində buraxıb öz gözəlliyi ilə. Yaşadığı çətinliklərə baxmayaraq günü - gündən inkişaf edən Naxçıvanım müstəqillik illərinin inkişaf modelinə çevrilib.
Zəngəzur silsiləsinin ətəyindən, Kiçik Qafqazın ən yüksək zirvəsi olan Qapıcıq dağından seyr edirəm doğma diyarı. Geniş və abad yolları, işıqlı küçələri, gül-çiçəkli parkları göz oxşayır. Yolların kənarına əkilmiş ağaclar isə başqa bir gözəllik qatır dağların qoynundakı Naxçıvanıma. Yenə yollarda uşaqlar var, məktəbə gedirlər. Amma geniş,işıqlı və zəngin kitabxanası olan məktəbə. Yüksək səviyyəli təhsili ilə örnəkdir Azərbaycanda. Artıq işsizlikdə aradan qalxıb holdinqlər, müəssələr, idarələr fəaliyyət göstərir.
Qoynunda keçmişin izlərini daşıyan Naxçıvanım başdan-başa tarix qoxur. Tarixi abidələr bərpa olunub, yeni muzeylər, istirahət mərkəzləri tikilib. Bura gələnlər şəhərin təmiz küçələrinə, cəmiyyətin nizam - intizamına, qonaqpərvər insanına heyran qalırlar. Yollarda vahid dizaynlı taksilər , taksi sürücülərinin vahid geyim forması, sürücülərin zahiri görkəminə və avtomobillərin təmizliyinə nəzarəti isə bir mədəniyyət nümunəsidir. Burada sakitlik, əminamanlıq hökm sürür. Naxçıvan dağları kimi güvəni təmsil edir. Şəhərini də insanında mərdcə qoruyan, sığınanlara sipər olan, sarıb sarmalayan... Bəzən də heybətlidir. Onun ucalığı sizi məst edər. Qarşısında heyran- heyran baxarsınız, acizliyinizi xatırladar sizə.... Müassir silahlarla silahlanmış və yenilməzlik simvluna çevrilən güclü ordusu ilə qorxu salar ürəklərə. Yanına yaxınlaşdırmaz, partlamağa hazır vulkan kimi, partlayarsa ətrafında olan düşməni yandırıb kül edər ordusu.
İqtisadiyyatı günü gündən güclənən Naxçıvanımın hələ inkişafın ən gözəli isə qarşıdadır. Çünki açılacaq Zəngəzur dəhlizi ilə daha da güclənəcəyik. Bir sözlə dağ dağa qovuşacaq.
İLAHƏ ALLAHVERDIYEVA
Naxçıvan Dövlət Universitetinin "Jurnalistika" ixtisasının III kurs tələbəsi
"Məqalə Müstəqillik illərində inkişafın Naxçıvan modeli müsabiqəsinə təqdim olunub".