21 Dekabr 2024, Şənbə

Dekabrın 18-i “Beynəlxalq Miqrant Günü” kimi qeyd olunur.


Son illər bütün dünyada getdikcə sürətlənən və miqyasını durmadan genişləndirən qloballaşma proseslərinin əsas faktorlarından biri də məhz miqrasiya amilidir. Tarixən çox qədim və mürəkkəb proses olan miqrasiyanın müasir dövrümüzdə bir çox səbəbləri və növləri vardır. Bu gün baş verən müxtəlif siyasi və iqtisadi proseslər miqrasiyanın, xüsusilə sosial-iqtisadi miqrasiyanın genişlənməsinə təsirsiz ötüşməmişdir. Hazırda mövcud miqrantların böyük əksəriyyətini əməkçi miqrantlar təşkil edir ki, bu da onlarla bağlı problemlərə xüsusi diqqət yetirilməsini və bununla bağlı, bir çox məsələlərdə dövlətlər tərəfindən vahid yanaşmanın tətbiq olunmasını zəruri edir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra bütün istiqamətlərdə, o cümlədən miqrasiya sahəsində də ardıcıl tədbirlər görülmüşdür. “Miqrasiya təbii prosesdir, onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən, pozitiv xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir”, – deyən ulu öndər Heydər Əliyev miqrasiya sahəsində mövcud vəziyyətin və beynəlxalq təcrübənin öyrənilməsini, bu sahədə ölkə qanunvericiliyinin hazırlanması və təkmilləşdirilməsini daim diqqətdə saxlamışdır. Eyni zamanda vaxtilə müxtəlif səbəblərdən miqrasiya etmiş ölkə vətəndaşlarının hərtərəfli dövlət qayğısı ilə əhatə olunması, eləcə də onların üzləşdiyi bütün problemlərin həlli dövlət siyasətinin prioritet vəzifəsi elan edilmişdir. Qısa zaman kəsiyində sürətli sosial-iqtisadi inkişafın, təhlükəsizliyin və sabitliyin təmin olunması, neft və digər önəmli layihələrin gerçəkləşməsi xarici investorların və əməkçi miqrantların ölkəmizə axınına səbəb olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün istiqamətlər üzrə mühüm islahatlar həyata keçirilmiş, Azərbaycan inkişaf edən ölkəyə çevrilmişdir. Hazırda ölkəmizin sürətli inkişafı, sabitlik, həyata keçirilən layihələr, turizmin inkişaf etdirilməsi, həmçinin beynəlxalq əhəmiyyətli tədbirlərin, yarışların, forum və iclasların məhz Azərbaycanda yüksək səviyyədə təşkil edilməsi dünyanın diqqətini respublikamıza yönəldib. Bu səbəbdən də ölkəmizə maraqgöstərən əcnəbilərin sayı hər ötən il artan dinamika ilə inkişaf edir. Azərbaycanda miqrasiya sahəsində mükəmməl qanunvericilik bazası formalaşdırılmış və insan hüquqları sahəsində əsas beynəlxalq hüquqi sənədlərin müddəalarının tətbiqi üçün lazımi siyasi-hüquqi baza yaradılmışdır.
Bu gün Naxçıvan Muxtar Respublikasında da miqrasiya prosesləri qanunvericiliyin tələblərinə uyğun tənzimlənir, bu sahədə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. İdarəetmənin düzgün təşkili, sağlam və əlverişli biznes mühitinin formalaşdırılması, əhalinin həyat səviyyəsinin və sosial rifah halının daha da yaxşılaşdırılması, ictimai-siyasi sabitlik, mövcud təhlükəsizlik mühitinin yaradılması, həmçinin miqrasiya sahəsində qanunvericilik bazasının sadələşdirilməsi Naxçıvan Muxtar Respublikasına miqrasiya axınını daha da sürətləndirib. Bu gün muxtar respublikada miqrasiya sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti ilə bağlı bütün zəruri tədbirlərin reallaşdırılması, habelə daxili bazarın qanunsuz miqrantlardan qorunması təmin olunub. Miqrasiya sahəsində dövlət siyasəti muxtar respublikanın sosial-iqtisadi maraqlarının qorunması ilə yanaşı, miqrantların, o cümlədən əməkçi miqrantların, onların ailə üzvlərinin həyat və fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına, hüquqlarının müdafiəsinə yönəldilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Qanuni əsaslarla ölkəyə gələn hər bir əcnəbi nəzərdə tutulmuş bütün hüquq və azadlıqlardan istifadə etməlidir. Bunun üçün hər cür şərait yaradılmış və hüquqi baza formalaşdırılmışdır”.
Naxçıvan Muxtar Respublikasında miqrantların hüquq və azadlıqlarının qorunması və təminatına daim xüsusi diqqətlə, həssaslıqla yanaşılır və bu istiqamətdə həyata keçirilən tədbirlər müasir standartlar səviyyəsinə çatdırılıb. Hüquq və azadlıqların qorunması sahəsində görülən işlərin tərkib hissəsi kimi xidmətin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin fəaliyyəti də mühüm əhəmiyyət kəsb edir. Qanunvericiliyin tələblərini pozmuş, maddi vəsaiti və yaşayış yeri olmayan miqrantların, o cümlədən qaçqın statusu almaq istəyənlərin mərkəzdə müvəqqəti qalmaq üçün könüllü müraciəti təmin edilib.
Muxtar respublikada sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi, sərhəd-buraxılış məntəqələrində sürətli keçidin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi istiqamətində Dövlət Miqrasiya Xidməti tərəfindən mühüm addımlar atılıb. Belə ki, əcnəbilərin olduğu yer üzrə qeydiyyatı xeyli sadələşdirilmiş, qeydiyyatın aparılmasına əlverişli şərait yaradılmış, şəxsən müraciətləri ilə yanaşı, elektron qaydada da müraciətləri təmin edilmişdir. Həmçinin muxtar respublika ərazisində fəaliyyət göstərən mehmanxanalarla Dövlət Miqrasiya Xidməti arasında ölkə­yə gələn əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınması proseduru sadələşdirilmiş formada elektron qaydada həyata keçirilir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində əcnəbilərin də muxtar respublikamızda əmək fəaliyyəti ilə məşğul olması mütəmadi olaraq diqqət mərkəzində saxlanılır, əməkçi miqrantların muxtar respublikada qanunsuz olaraq əmək fəaliyyətinə cəlb edilməsinin qarşısının alınması məqsədilə maarifləndirici söhbətlər aparılaraq müxtəlif tədbirlər həyata keçirilir.
Beynəlxalq təcrübələrdən də göründüyü kimi, hüquq və vəzifələrini, eləcə də miqrasiya qanunvericiliyini bilməyən əcnəbilər qanunsuz miqranta çevrilmə təhlükəsi ilə üzləşə bilərlər. Dövlət Miqrasiya Xidməti əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin muxtar respublikaya daxil olduğu ilk andan etibarən onların məlumatlandırılması və maarifləndirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirir. Bu baxımdan sərhəd-keçid məntəqələrində yerləşdirilmiş elektron məlumat köşkləri üzərində müvəqqəti və daimi yaşamaq, olduğu yer üzrə qeydiyyata alınma, haqqı­ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi və müddətinin uzadılması ilə bağlı məlumatlar Azərbaycan, rus və ingilis dillərində yazılı və səsli formada ölkə vətəndaşlarına, habelə əcnəbi və vətəndaşlığı olmayan şəxslərə təqdim olunur. Həmçinin sərhəd-keçid məntəqələrində miqrasiya bölmələrinin əməkdaşları tərəfindən muxtar respublikaya səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə operativ qaydada şifahi olaraq hüquq və azadlıqları, vəzifələri ilə bağlı mühüm məlumatlar verilir, miqrasiya qanunvericiliyi ilə bağlı yarana biləcək istənilən çətinlik qarşısında müraciətetmə qaydaları ətraflı izah olunur. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bu gün Naxçıvan Muxtar Respublikasında miqrasiya sahəsində baş verə biləcək qanun pozuntuları minimum həddə çatıb.
Ötən dövr ərzində ölkə vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlərin operativliyini və keyfiyyətini artırmaq məqsədilə bir sıra ciddi tədbirlər həyata keçirilib. Belə ki, Dövlət Miqrasiya Xidməti əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə “Elektron hökumət” portalı üzərindən 9 sahə üzrə xidmət göstərir. Həmin şəxslərə iş icazələrinin verilməsi və müddətinin uzadılması da bu xidmət növlərinə daxildir. Əməkçi miqrantların işə götürülmə prosedurunu sadələşdirmək üçün xidmətin rəsmi internet səhifəsi üzərində “Elektron xidmətlər” bölməsi yerləşdirilmiş, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən iş icazələrinin və onun əsasında muxtar respublika ərazisində yaşamaq hüququ verən müvafiq icazələr üçün müraciətetmə imkanı yaradılmışdır. Eyni zamanda bu xidmət növləri üzrə dövlət rüsumlarının internet üzərindən ödənilməsi də onlayn həyata keçirilir. Dövlət Miqrasiya Xidmətinin “202 – Miqrasiya Məlumat Mərkəzi”nin fəaliyyəti də miqrasiya sahəsi üzrə qanunvericilik və sənədlərin icrası ilə bağlı informasiyaları əldə etmək hüququnun təmini baxımından mühüm əhəmiyyətə malikdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Dövlət Miqrasiya Xidmətinin qarşısına qoyduğu mühüm vəzifələrdən biri də əcnəbilərin qanunlara əməl etməklə bərabər, həm də Azərbaycan Respublikasının tarixini və mədəniyyətini də öyrənməsidir. Bu mövzunun aktuallığı və əhəmiyyəti hər zaman diqqətdə saxlanılaraq muxtar respublikada müvəqqəti yaşayan və əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin hüquqları qorunur, onlarla muxtar respublikanın tarixi, mədəniyyəti və turizm imkanlarının təbliği ilə bağlı müxtəlif maarifləndirici tədbirlər keçirilir, muzeylərə ekskursiyaları təşkil olunur.
Muxtar respublikada sosial-iqtisadi inkişafın təmin edilməsi və bu istiqamətdə həyata keçirilən sistemli tədbirlər, infrastrukturun və sosial xidmətlərin daha da təkmilləşdirilməsi, innovativ yeniliklərin tətbiqi, eyni zamanda ictimai-siyasi sabitliyin, təhlükəsizliyin mütləq surətdə qorunması insan hüquq və azadlıqlarının səmərəli təmin edilməsi və müdafiəsinə münbit zəmin yaratmışdır. Dövlət Miqrasiya Xidmətinin yüksək peşəkarlığa, mənəvi, eləcə də fiziki hazırlığa malik kadr potensialı tərəfindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının etibarlı təmin edilməsi istiqamətində işlər daim diqqət mərkəzində saxlanılacaq, bu sahədə səmərəli hüquqi mexanizmlərin tətbiqi bundan sonra da davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Miqrasiya Xidmətinin
mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR