Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Azər Nağıyev və xidmətin əməkdaşları 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Ordubad rayonunda yerləşən sərhəd zastavasında vətənimizin sərhədlərini qoruyan əsgərlərlə görüşüblər. Əsgər və zabit heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə təbrik edilib, yerli istehsal olan müxtəlif növ bayram sovqatları sərhədçilərə təhvil verilib.
Qarşıdan gələn bayramlar ərəfəsində Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, III dərəcəli dövlət ədliyyə müşaviri Daşqın Rəhimov və nazirliyin, eləcə də İnzibati Məhkəmənin kollektivi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Şərur rayonunda yerləşən “N” hərbi hissənin əsgərləri ilə görüşüb, onlara bayram sovqatları aparıblar.
Görüş zamanı vurğulanıb ki, ölkədə aparılan ordu quruculuğu siyasəti muxtar respublikamızda da uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı nəticəsində bütün hərbi hissələr müasir texnika və avadanlıqlarla təchiz olunmuşdur. Gətirilən bayram sovqatı hərbi hissəyə təhvil verilib.
Həmin gün ədliyyə naziri Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlarla da görüşüb, onları qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edib. Sonra gətirilmiş bayram sovqatı məhkumlara təqdim edilib.
Naxçıvan Muxtar Respublikası rabitə və yeni texnologiyalar naziri Vüsal Sevdimaliyev, nazirliyin və “Miniatür” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə “N” hərbi hissədə olub, əsgərlərə bayram sovqatı aparıblar. Görüş zamanı əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Vurğulanıb ki, ulu öndərin ordu quruculuğu sahəsindəki siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nəticədə, ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər ardıcıl xarakter alıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə son illər ərzində ordu quruculuğu istiqamətində aparılan islahatlar nəticəsində muxtar respublikada yerləşən hissə və bölmələrimizdə nümunəvi xidmət şəraiti yaradılıb. Gətirilmiş bayram sovqatı hərbi hissəyə təhvil verilib.
Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev və ali təhsil ocağının əməkdaşları universitet kollektivi və dünyanın qabaqcıl əczaçılıq şirkətlərinin ən geniş idxalçısı olan AKİ PHARM MMC şirkəti adından 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “N” hərbi hissənin şəxsi heyətinə bayram sovqatı təqdim edib. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti, ordumuzun şanlı mübarizəsi 2020-ci ili tariximizə Zəfər ili kimi həkk etdi, dövlət-xalq-ordu birliyi bizi bütün dünyaya qalib dövlət kimi tanıtdı. Hərbi hissəyə gətirilən 21 adda ərzaq məhsulları əsgərlərə təqdim edilib.
* * *
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Səhiyyə Mədəniyyət nazirliklərinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində tədbir keçirilmişdir. Tədbirdə mərkəzin uşaqları ilə bərabər, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbində təhsil alan uşaqlar da iştirak etmişdir.
Təhsil naziri Rəhman Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev və Səhiyyə Nazirliyinin aparat rəhbəri Vüqar Babayev muxtar respublikada uşaqlara göstərilən dövlət qayğısından bəhs etmişlər.
Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinin direktoru Rəsmiyyə Xasıyeva uşaqlara göstərilən qayğıya görə mərkəzin kollektivi və valideynlər adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığını bildirmişdir.
Sonra təşkilatçılar tərəfindən uşaqlara hədiyyələr verilmişdir.
Tədbirin bədii hissəsində uşaqlara Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının ifasında səhnəciklər nümayiş etdirilmişdir. Şaxta baba və Qar qızın gəlişi, onların gətirdikləri hədiyyələri uşaqlar sevinclə qarşılamışdır.
***
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ordubad şəhərindəki M.Füzuli adına tam orta internat məktəbində Şahbuz şəhərindəki Ahıllar evində də bayram tədbirləri keçirilib.
Xəbərlər şöbəsi